Donbasdan Qarabağa “sürünən” təhlükə – Bakı 2025-lə bağlı ön hazırlıq içində

16/02/22 10:58

Ukrayna ətrafında kritik durum Azərbaycanın separatçı anklavı ilə bağlı “yol xəritəsi”ni tezləşdirməyi diktə edir…

Ukrayna ətrafında situasiya “barıt qoxulu” olaraq qalır və hər an partlayış həddinə çata bilər. Əlbəttə ki, burada söhbət Moskva-Kiyev qarşıdurmasından daha çox, Rusiya-Qərb rəqabətindən və bu rəqabətin həlledici fazaya adlamasından gedir. Moskva eyni zamanda “vabank” getmək istəyirmiş kimi görünür.

Bir şey dəqiqdir: rəsmi Kreml əlindən gələni edəcək ki, “Ukrayna imtahanı”ndan nəinki məğlub çıxmasın, hətta geosiyasi uğur əldə eləsin. Bu ona ilk növbədə postsovet məkanında öz maraqlarını daha inamla qorumaq və irəli aparmaqdan ötrü zəifləməkdə olan “əlini” gücləndirmək üçün gərəkdir. Sözsüz ki, Cənubi Qafqaz bölgəsi də istisna deyil. O bölgə ki, hazırda Rusiya onun hər üç ölkəsində – Azərbaycan, Gürcüstan və Ermənistanda müxtəlif adlar altında və müxtəlif sayda öz hərbi qüvvələrini yerləşdirib.

Bizi isə ən əvvəl Qarabağdakı sülhməramlı kontingentin aqibəti maraqlandırır. Hansı kontingent ki, 15 aylıq fəaliyyəti ilə Azərbaycan tərəfini, yumşaq desək, narazı salmağı bacarıb. Bu xüsusda Bakı konkret faktlar və rəqəmlər gətirməklə öz narahatlığını dilə də gətirib, ümumən Rusiya sülhməramlı missiyasından böyük narazılıq ifadə etməsə də. Məsələn, rəsmi Bakı rus hərbi kontingentinin bölgədə erməni əhalini zorla saxlamaq yönündə qanunsuz fəaliyyətinə diqqət yönəldib.

Bu da danılmaz gerçəklikdir ki, ruslar özlərini erməni əhaliyə “vəhşi azərbaycanlılar”dan qoruyan yeganə xilaskar kimi göstərməyə cəhd edir, iki xalq arasında ədavətin bitməsinə imkan vermirlər. Halbuki adından da göründüyü kimi, onların əsas missiyası sülh və barışıq yaratmaq olmalıdır. Biz hələ 10 noyabr kapitulyasiya aktına əsasən (4-cü bənd) erməni silahlı dəstələrinin hələ də tərk-silah edilməməsini demirik…

*****

“Rusiya qoşunları Qarabağda qaldıqca Azərbaycan oradakı erməniləri özünə re-inteqrasiya edə bilməyəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində deputat, beynəlxalq hüquq üzrə mütəxəssis Erkin Qədirli deyib.

 Erkin Qədirli 

“Biz Qarabağın qalan hissəsinə nəzarəti bərqərar etməliyik. Rusiya qoşunları Qarabağda olarkən biz erməniləri yenidən inteqrasiya edə bilməyəcəyik. Bu, tamamilə aydındır. Ermənilər Rusiyanın nəzarəti altında ikən biz onlarla necə danışıb onları yenidən inteqrasiya edəcəyik? Odur ki, ilk növbədə Qarabağın qalan hissəsinə nəzarətin qurulması üzərində işləməliyik. Qarabağda sülhməramlıların mövcudluq müddəti 2025-ci ildə bitir. Bu tarixə 6 ay qalmış biz onların xidmətlərindən imtina etməliyik. Bunun necə ediləcəyini dəqiq söyləyə bilmərəm, amma əminəm ki, ərazilər üzərində tam nəzarətimizi bərpa edənədək re-inteqrasiya haqqında bütün söhbətlər utopiyadan başqa bir şey olmayacaq”, – deyə o qeyd edib.

Rusiya sülhməramlı missiyası çərçivəsində təxribatçı rolunda çıxış edir

Deputat daha sonra bildirib: “Sülhməramlılar bizim ərazilərdə infrastruktur qururlar. Lakin heç kim onlara bunu etməyə icazə verməyib. Məktəblər, xəstəxanalar tikilir. Əslində sosial obyektlərin tikintisinə Azərbaycan şirkətləri, Azərbaycan hakimiyyəti cəlb edilməlidir. Əsl sülhməramlılar barışıq üçün şərait yaratmalıdırlar, onların vəzifəsi yeni müharibənin qarşısını almaqdır. Bütün digər hərəkətlər onların vəzifəsi deyil. Onlar birinci növbədə şərait yaratmalıdırlar ki, Qarabağın qalan hissəsinə də azərbaycanlılar baş çəkə bilsinlər, bu ərazidə ”Bilayn” deyil, Azərbaycanın mobil rabitəsi işləsin, bu torpaqlara su, qaz Azərbaycan şirkətləri tərəfindən verilsin. Amma görünən odur ki, ruslar ermənilərə sülhməramlıların müvəqqəti olduğunu və onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsinə kömək etməli olduqlarını anlatmaq fikrində deyillər. Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşamalıdırlar. Ancaq sülhməramlılar bunu etmirlər, infrastrukturu bərpa edirlər və belə görünür ki, onlar qeyri-müəyyən müddətə qalmağa hazırlaşırlar”, – Qədirli söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Müsavat TV-nin “Dərin təhlil” verilişinin qonağı olarkən Erkin Qədirli narahatlıq doğuran başqa açıqlamalar da vermişdi. Bildirmişdi ki, Moskva əslində Azərbaycanla Ermənistan atasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Çünki belə müqavilənin imzalanması Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğunu mənasız edəcək, Rusiya isə belə görünür, Qarabağa 5 illiyə yox, daha uzun müddətə gəlib. Təhlilçi habelə vurğulamışdı ki, sülhməramlılarının Qarabağda qalma müddətinin – 5 ilin tamamında onlar bölgəni tərk etmək əvəzinə, Osetiya və Abxaziyadakı kimi model quraraq Azərbaycanda qalmağa çalışacaqlar.

*****

Kreml divarları önündə sonuncu məzar – Konstantin Çernenkonun tələsik və  sükutla keçən dəfni » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

Vurğulayaq ki, son vaxtlar bu qəbildən pessimist fikirlər və narahatlıqlar artıb. Ancaq yaddan çıxarmaq olmaz ki, Rusiya silahlı qüvvələri Azərbaycana özbaşına gəlməyib. Onları biz dəvət etmişik. Və cəmi 5 illiyə. Başqa heç bir yazılı öhdəliyimiz, hüquqi əsas yoxdur ki, həmin qüvvələr ona uyğun olaraq, istədiyi qədər ərazimizdə qalsınlar. Yəni rus hərbçilərinin gəlişi kimi gedişi də bilavasitə Bakının iradəsinə bağlı olacaq.

2025-ə isə hələ 3 ildən çox var. Əvvəla, heç kim iddia edə bilməz ki, onadək regiondakı geosiyasi şərtlər Rusiyanın əleyhinə daha da pisləşməyəcək. Unutmayaq ki, Putin Rusiyası iqtisadi cəhətdən zəifləməyə davam edir və belə görünür Qərb hələ uzun müddət onun üzərindən ağır sanksiyaları götürməyəcək, əksinə, daha da sərtləşdirəcək.

Üstəgəl, regionda güclənməkdə olan Türkiyə amili yaddan çıxarılmamalıdır. Yeri gəlmişkən, az öncə Şuşa Bəyannaməsinin iki qardaş ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməsi bu xüsusda mühüm və tarixi önəm kəsb edir. Bu gəlişmə indidən hansısa məkrli oyunlar planlaşdıran bəzi anti-Azərbaycan çevrələrinə çox aydın bir mesajdır. O anlamda ki, Qarabağda nə Abxaziya ssenarisi tətbiq edilə, nə də Cənubi Osetiya tamaşası və ya “rus icması” səhnəsi oynanıla bilər.

Azərbaycan Ordusunun 2025-ci il üçün hansı hərbi qüdrətə sahib olacağı da aşağı-yuxarı bütün paytaxtlara, o cümlədən Moskvaya gərək ki, bəllidir. Sürətlə Türkiyə (NATO) tipli orduya keçməkdə olan Azərbaycanı nahaq yerə “NATO-nun elan edilməyən üzvü” adlandırmırlar. Çətin ki, Rusiya bu amili, yəni Ankara-Bakı hərbi siyasi tandemini görməzlikdən gəlsin. Moskva üçün Türkiyə və Azərbaycanla münasibətlərin get-gedə daha da artan strateji önəmi və mahiyyəti də öz yerində.

*****

İkinci yandan, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə bəyan edib ki, nəyi nə zaman etməyi o, çox yaxşı bilir. Bu mövqedən çıxış edərək söyləmək olar ki, 2025-ci il yaxınlaşdıqca rəsmi Bakının Qarabağdakı “erməni anklavı” ilə bağlı ölçülü-biçili konkret “yol xəritəsi”, yaxud “hərəkət planı” mütləq açıqlanacaq və icraya yönəldiləcək. Bu “yol xəritəsi” və ya “hərəkət planı”nin hüquqi, hərbi elementləri də öz yerində.

Təbii ki, 1 nömrəli hədəfimiz “anklavda”kı azsaylı erməni əhalini Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağın vazkeçilməzliyinə, rus süngülərinin əhatəsində rifah və xoşbəxtliyin mümkünsüzlüyünə inandırmaqdır. Çünki aydındır ki, Xankəndindən Ermənistana Laçından kənar təzə yol çəkilsə belə, bu, oradakı erməni əhalinin sosial-iqtisadi durumunu, təhlükəsizliyini yaxşılaşdırmayacaq. Onları xilas eləməyəcək. 2025-ci il üçün cənnət-məkana dönəcək Qarabağa inteqrasiya olunmadan, təcriddə qala-qala isə gənc erməniləri işsizlik, sabaha inamsızlıq və yeni müharibə təhlükəsi səbəbindən oraya bağlamaq mümkün olmayacaq.

Bu qaranlıq perspektivi nə yaxşı ki, Rusiya və onun hərbçiləri önləmək gücündə deyil. Bir azdan bu gerçəyi bütün ermənilər dərk edəcək…

Analitik xidmət,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir