Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla telefon danışığında Donbassda vəziyyətin gərginləşməsinin arxasında “Kiyev təhlükəsizlik qüvvələrinin təxribatlarının” dayandığını iddia edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Donbassda təmas xəttində vəziyyətin kəskin pisləşməsi ilə bağlı ciddi narahatlıq ifadə olunub. Rusiya prezidenti qeyd edib ki, eskalasiyanın səbəbi “Ukrayna təhlükəsizlik qüvvələrinin təxribatlarıdır”.
Kreml əlavə edib ki, ümumilikdə, “Fransa prezidentinin Moskvaya son səfəri zamanı müzakirələrin və müntəzəm telefon danışıqlarının davamında Ukrayna ətrafında vəziyyət, eləcə də münaqişənin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb.
Kremldən bildirilib ki, Putin və Makron Ukrayna ətrafındakı vəziyyətin diplomatik həlli yollarının axtarışını aktivləşdirməyi məqsədəuyğun hesab ediblər.
Putin Makronla söhbətində bir daha vurğulayıb ki, ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanəti tələblərinə konkret və əsaslı şəkildə cavab verməlidir.
Transqafqaz.com