Şuşada Türk Dünyasının I Mədəniyyət Forumu keçirilir
Şuşa daha bir beynəlxalq tədbirə ev sahibliyi edir: Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 13-14-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə şəhərdə Türk Dünyasının I Mədəniyyət Forumu keçirilir.
Oktyabrın 13-də Türk Dünyası I Mədəniyyət Forumunun iştirakçıları Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş Yaradıcılıq Mərkəzində olub, burada “Heydər Əliyev və Qarabağ” fotosərgisi ilə tanış olublar.
Sərgidə ulu öndər Heydər Əliyevin sovet dövründə Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafındakı xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş etdirilir. Sərgidə ümummilli liderin Qarabağa səfərlərini, burada keçirdiyi görüşləri və müxtəlif tədbirləri əks etdirən fotoşəkillər də nümayiş etdirilir.
Qonaqlara məlumat verilib ki, Yaradıcılıq Mərkəzi bu il mayın 10-da Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Bina respublika əhəmiyyətli memarlıq abidələri siyahısına daxildir.
Sonra Türk Dünyası I Mədəniyyət Forumunun iştirakçıları Şuşadakı Saatlı məscidini ziyarət ediblər.
Bildirilib ki, Saatlı şəhər məhəlləsində yerləşən eyniadlı tarixi məscid respublika əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilib.
Saatlı məscidi 1883-cü ildə Qarabağda bir sıra monumental dini və mülki tikililərin, o cümlədən Şuşadakı Aşağı və Yuxara Gövhər ağa məscidlərinin, Bərdədə İmamzadə məqbərəsinin, Ağdamdakı Cümə məscidinin və Ağdamdakı Cümə məscidinin memarı olan Kərbəlayi Səfixan Qarabağinin layihəsi ilə tikilmişdir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidində də olub. Dövlətimizin başçısı məscidə Məkkədən gətirilmiş Quranı hədiyyə etdi.