🇪🇺🇹🇷 Türkiyə ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı konsensus əldə olunub
Avropa İttifaqı ilə Türkiyə arasında tələbələrə və iş adamlarına Şengen vizalarının verilməsinin sadələşdirilməsi ilə bağlı konsensus əldə olunub. Türkiyə və Aİ rəsmilərindən ibarət nümayəndə heyətləri tezliklə texniki danışıqlara başlayacaq.
“Problemi azaltmaq üçün çoxdəfəlik vizaların verilməsi variantı nəzərdən keçirilir. Çoxdəfəlik giriş vizası ilə etibarlılıq müddətində Şengen bölgəsinə istədiyiniz qədər daxil ola bilərsiniz. Bundan başqa, müxtəlif səfirliklərlə iş aparılır. Turist vizaları ilə bağlı. Bu kontekstdə biz onlayn ərizə təqdim etməklə sürətli nəticələrin əldə olunduğu Macarıstan nümunəsi üzərində işləyirik”, – məlumatda deyilir.
Bundan əlavə, səfirliklərdə viza müraciəti alan əməkdaşların sayının artırılması ilə bağlı danışıqlar davam etdirilir. Viza rejiminin liberallaşdırılması istiqamətində səylər sürətləndiriləcək.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədən Şengen vizası üçün 778 min müraciət edilib. Bu müraciətlərin 15 faizi rədd edilib. 2019-cu ildə uğursuzluq nisbəti təxminən doqquz faiz təşkil edib.
Xatırladaq ki, sentyabrın 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Qonşuluq və Genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında çıxış edərək, viza müraciətləri zamanı şikayətlərin aradan qaldırılmasını tələb edib.