Ali Devrimin xatirəsi anılıb

26/12/16 5:08

Dünən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyinin mərhum müdiri Ali Devrimin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Litseyin fəal şagirdlərinin təşəbbüsü ilə hazırlanmış mərasim Ali Devrimin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Mərasimdə çıxış edən Litseyin müdiri Musa Ediz öncə mərhum barədə ümumi məlumat verib. Mərhum barədə xatirələrini də dilə gətirən Musa Ediz deyib ki, Ali Devrim Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu: “O ömrünü Türk dünyasına, Azərbaycana həsr etmiş biri idi. Bakı Atatürk Litseyi üçün, bu məktəbin şagirdləri üçün gecə-gündüz çalışdı. Sizlər, litseyin şagirdləri öz bilik və bacarıqlarınızla daim öndə olmalı, qazandığınız uğurlarla Ali Devrim hocamızın ruhunu şad etməlisiniz”. Sonra Litseyin müəllimi Vilayət Qurbanov, valideyn Nadir Azəri çıxış edərək Ali Devrim haqqında xatirlərini dilə gətiriblər. Mərasimdə həmçinin, məktəbin şagirləri Zəhra Şabili, Qənirə Məmmədli, Şəmsiyyə İsmayıllı, Sevinc Məmmədova və Fidan Abbasovanın mərhum haqqında hazırladıqları yazı və şeirlər, Ayan Məmmədlinin ifasında isə Ayrılıq mahnısı dinlənilib, həmçinin, Zümrüd Hüseynli, Səbinə Hüseyn, Aydan Qasımlı və Çilənay Rzasoylunın hazırladıqları video-çarx nümayiş olunub.

Transqafqaz.com