AMEA: Son günlər Azərbaycanda qeyri-adi sürətə malik küləklər qeydə alınıb Böyüt

17/12/16 11:11

Son 2 gündə Azərbaycanda qeyri-adi sürətə malik olan küləklər qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında deyib ki, bu küləklər həm Bakıda, həm rayonlarda, həm də Xəzər dənizində müşahidə olunub. M.Həsənov bildirib ki, Bakıda sürəti 31-32 saniyə/metr olan küləklər əsib və paytaxtda belə küləklərin olması qeyri-adi haldır.

 

Onun sözlərinə görə, son 2 gündə açıq dənizdə – Xəzər akvatoriyasında küləyin sürəti 43 saniyə/metrə çatıb: “Bu da nadir haldır. Xəzərin adi vaxtda açıq akvatoriyasında küləyin sürətinin 25-28 saniyə/metr olması adi hal hesab olunur. Amma küləyin sürəti 38 saniyə/metrdən yuxarı olması nadir, təsadüfü hallarda qeydə alınan hadisədir. 1969, 1971, 1972-ci illərdə buna bənzər və yaxın hallar olub. Son 30 ildən sonra ötən günlərdə küləyin sürəti ilə bağlı qeyri-adi hal yenidən təkrarlanıb. Bunun da səbəbi Şərqi Avropada baş verən müxtəlif siklonların bir qolunun Azərbaycan ərazisindən keçməsidir”.

 

M.Həsənov qeyd edib ki, ümumiyyətlə, son 10 il ərzində qasırğa formalı küləkləyin sayı, intensivliyi, gücü artıb. Onun sözlərinə görə, bu hallar respublikanın qərb zonasında, xüsusilə Daşkəsən, Goranboy, Gədəbəy, Göygöldə özünü daha çox büruzə verir. İqlimşünas vurğulayıb ki, bu da qərbdən hava kütlələrinin birbaşa şimal-qərb istiqamətində gəlməsi nəticəsindədir: “Artıq belə küləklər ardıcıl müşahidə olunur. Məsələn, Gəncədə 2016-cı ilin sentyabrında ayrı-ayrı günlərdə sürəti 25-40 saniyə/metr olan küləklər müşahidə olunub ki, bunlar da böyük rəqəmlərdir”.