Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə Ankarada keçirilən azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu başa çatıb.
“Nümunəvi həkim olmağa doğru” şüarı ilə iki gün davam edən Forumda Azərbaycanda tibb elmi və səhiyyənin inkişafı, bu sahədə Türkiyə ali məktəblərinin yeri və rolu, ölkəmizdə səhiyyə işçiləri üçün yaradılan şərait, həyata keçirilən dövlət tədbirlərinin nəticələri və s. kimi məsələlər ətrafında müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Forum işini “Azərbaycandakı tibb təhsilində yeniliklər”, “Azərbaycanda elmi dərəcəli həkimlər üçün iş imkanları”, “Elmi dərəcəli həkimlərin Azərbaycanın səhiyyə sisteminə töhfələri” və “Ölkə xaricində mütəxəssis olmaq və tədqiqat imkanları” mövzularında panellərində davam etdirilib.
Forumda rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və təhsil alan çoxsaylı azərbaycanlılar iştirak ediblər.
Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalıoğlu, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Bəylərov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev, tanınmış həkimlərdən – Vaqif Qələndərli, Üzeyir Rəhimov, Ramin Bayramlı, Barat Yusubov, Fuad Novruzov, Tural Rəhimli, Əli Quliyev, İkram Rüstəmov, Cabir Gülmalıyev və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, əhaliyə səviyyəli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi ilk olaraq tibbi təhsilin təşkilinə bağlıdır. Azərbaycanda bu məsələ dövlət səviyyəsində səhiyyə və təhsillə bağlı dövlət proqramları çərçivəsində kompleks şəkildə həllini tapıb. İndi əhaliyə nümunəvi tibbi xidmətlərin göstərilməsinin yüksəlişinin böyük bir hissəsi dövlət dəstəyi ilə tibbi təhsil alan mütəxəssislərdən, o cümlədən öz hesabına xaricdə tibbi təhsil alan soydaşlarımızdan asılıdır. Hazırda Azərbaycanda fəaliyyət göstərən çox sayda dövlət və özəl səhiyyə müəssisələri ən müasir tibb avadanlıqları ilə təmin olunublar. Həmin avadanlıqların normal istifadə olunması, laboratoriya xidmətləri, diaqnozların düzgün qoyulması və səviyyəli müalicə prosesinə töhfələr vermək xüsusilə dövlət dəstəyi ilə təhsil alan tibb mütəxəssislərinin ən azı vətəndaşlıq borcudur. Çıxışlarda, həmçinin Azərbaycanda və xarici ölkələrdəki təhsil sistemlərinin fərqli və oxşar cəhətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Əminliklə ifadə olunub ki, səhiyyə sığortalarının həll olunması prosesi ən qısa zamanda bu sahədəki məsələlərin əhəmiyyətli şəkildə həllini tapmasına təkan verəcək.
Panellərdən sonra çıxış edən Azərbaycanlı Həkimlər Dərnəyinin sədr müavini Fərid Qasımzadə təşkilatın qarşıdakı vəzifələri, perspektivdə olan məsələlər barədə geniş məlumat verib, müzakirələrdə qaldırılan məqamlara dair fikir və mülahizələrini bölüşüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara