Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 56 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Kəmərli kəndləri atəşə tutulub.
Bundan başqa, Berd rayonundan Tovuz rayonunun Koxanəbi və Ağbulaq kəndlərinin vurulduğu açıqlanıb.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altındakı Göyarx, Ağdam rayonunun Şirvanlı, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.
Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.