Avropa parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyəti mayın sonlarında Gürcüstanda oğurlanmış jurnalist Əfqan Muxtarlının azadlığa buraxılmasına çağırıb.
Azərbaycan hakimiyyəti jurnalisti dərhal və qeyd-şərtsiz azad etməli və bütün ittihamları onun üzərindən götürməlidir, iyunun 15-də Strasburqda qəbul olunan qətnamədə deyilir.
Avropa parlamenti Azərbaycanda öz fundamental hüquq və azadlıqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan digər şəxslərin azadlığa buraxılmasını da tələb edib.
Əsasən İlkin Rüstəmzadə, Rəşad Ramazanov, Seymur Həzi, Qiyas İbrahimov, Mehman Hüseynov, Bayram Məmmədov, İlqar Məmmədov, Araz Quliyev, Tofiq Həsənli, Elgiz Qəhrəmanov, Əfqan Sadıqovun azadlığa buraxılmasına, Xədicə İsmayılova və İntiqam Əliyevin ölkədən çıxışına qoyulan məhdudiyyətin aradan qaldırılmasına, bloger Mehma Qələndərovun İT-da müəmmalı ölümünün araşdırılmasına çağırılır.
Rəsmi Bakı jurnalistlərə, hüquq müdafiəçilərinə və hökuməti tənqid edən digər şəxslərə qarşı təqiblərə son qoymalı, siyasi məhbusların hamısını azad etməlidir.
Həmçinin müstəqil vətəndaş cəmiyyəti qruplarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, onlara maliyyə mənbələrindən istifadə imkanlarının yaradılmasına çağırış səslənir.
Avropa Parlamenti qeyd edir ki, demokratik islahatlar, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin əsasını təşkil etməlidir.
Sənəddə həmçinin Gürcüstan hakimiyyəti jurnalistin oğurlanmasını araşdırmağa, Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərə uyğun olaraq üçüncü ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çağırılır.
Turan informasiya agentliyi