Azərbaycan və Ermənistan dəmir yolu xətlərinin bərpası barədə razılığa gəliblər

15/12/21 11:36

Bu barədə Ermənistanın Baş Naziri Paşinyan Brüsseldə Azərbaycan prezidenti Əliyevlə görüşündən sonra Facebook-da yazıb.

Ermənistan və Azərbaycan iki ölkə arasında dəmir yolu əlaqəsini bərpa etmək barədə razılığa gəliblər. Bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının sədri Şarl Mişel ilə üçtərəfli görüşdən sonra Facebook-da yazıb.

Paşinyan qeyd edib ki, tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

“Azərbaycan Prezidenti ilə mən dəmir yolu əlaqəsinin bərpasına dair razılaşmanı təsdiqlədik. Dəmir yolu ölkələrin suverenliyi və yurisdiksiyası altında qarşılıqlılıq əsasında, beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun fəaliyyət göstərəcək”, – deyə Ermənistan hökumətinin başçısı yazıb.

Paşinyan əlavə edib ki, Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək.

Bu ərəfədə Avropa Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüşün yekunlarına dair bəyanatla çıxış edib.

Mişel bildirib ki, iki ölkə liderləri “qarşılıqlılıq prinsipi əsasında müvafiq sərhəd və gömrük nəzarəti tədbirləri ilə dəmir yolu xətlərinin bərpasına” başlamaq barədə razılığa gəliblər.

Vahidov Qurban. Araşdırmaçı – analitik.