Azərbaycan elm və təhsilini ‘tabut’un içindən çıxarmağın yolları… 1-yazı

27/12/21 3:59

Faiq Ələkbərov

Hər bir cəmiyyətin öz ayaqları üstə durması, inkişafının təməlində, öncəlliklə müəllimlər, ziyalılar, aydınlar, elm insanları dayanırlar. Hansı cəmiyyətdə müəllimlər, elm adamları, aydınlar mənəvi və maddi cəhətdən aşağılanır, dəyərsizləşdirlir, bunun əvəzində əxlaq və mənəviyyatdan uzaq olanlar yüksəklərə qaldırılırsa, bu cür cəmiyyətlərdə ciddi problemler vardır. Çox təəssüf ki, Azərbaycan cəmiyyətində də bu cür qüsurlar hökm sürməkdədir.

Bu gün cəmiyyətimizin aparıcı elitası elm və təhsil insanları deyil, şou-biznes nümayəndələridir. Belə ki, Azərbaycan mediyası, özəlliklə telekanallarımız elm və təhsilə çox cüzi yer ayırdığı halda (bunu da çox zaman aşağılayıcı şəkildə verdikləri halda), şou-biznes nümayəndələri bütün mediyanı və telekanalları işğal etmişlər. Hər hansı bir “müğənni”nin, “şoumen”in, “biznesmen”in ölkədə və ölkə xaricindəki tədbirlərinə  saatlarla efir vaxtı ayıranlar, alimlərin respublika və beynəlxalq konfranslardakı iştiraklarına 2-3 dəqiqə belə zaman vermirlər. Telekanallarımızın işi-gücü “müğənni”lərin, “şoumen”lərin, “biznesmen”lərin “həyat və yaradıcılığ”ını (yataq otağı, biznes otağı, alt-üst paltarları, hamamı, villaları, itlərinin-pişiklərinin ad günləri, klipləri və s.) işıqlandırmaqdır. İş o yerə gəlib çatıb ki, “müğənni”lərə, “şoumen”lərə, “biznesmen”lərə müəlllim və ziyalı deyə müraciət olunur. Çünki müəllim və ziyalı adı çox dəyərsizləşdirilmişdir.

Çox yazıqlar olsun ki, nadir hallarda efirə çıxarılan elm və təhsil insanlarının böyük əksəriyyəti isə elm və təhsil sahəsindəki problemləri qabardıb həqiqəti, gerçəkliyi ifadə etmək əvəzinə yaltaqlıq və məddahlıq edirlər. Çünki efirə çıxarılanların əksəriyyətinin sözün həqiqi mənasında elmə və təhsilə demək olar ki, dəxli çox azdır. Bu birmənalıdır ki, əsil gerçəkləri deyə biləcək müəllimləri və ziyalıları nəinki efirə, heç telekanalların həyətinə belə buraxmırlar. Bu ancaq nadir hallarda ola bilər ki, ondan sonra baş verənləri də təsəvvür etmək çətin deyildir.

Əlbəttə ki, nə qədər zor olsa da, cəmiyyətin sütununu və təməlini nə şoumenlərin, yaltaqların, məddahların, nə də yalançı ziyalıların, yalançı alimlərin əllərinə, öhdələrinə buraxa bilmərik. Hər halda bu gün Azərbaycanda az-çox elm və təhsil varsa, o da fədakar alimlərin və müəllimlərin çiyinləri üzərindədir…Amma o da bir gerçəklikdir ki, bu gün elm və təhsilimiz “tabut”un içindədir. Sadəcə, məzarlıqlarda qəbir yerləri çox bahalı olduğu üçün basdırılmır, qalıb ortada!

Əgər biz deyiriksə ki: “Elm və təhsilimiz “tabut”un içindədir. Sadəcə, məzarlıqlarda qəbir yerləri çox bahalı olduğu üçün basdırılmır, qalıb ortada!”, burada söhbət optimist, ya da pessimist olmaqdan getmir. Məsələ, reallıqdan və həmin reallığın elm-təhsilimzdəki bariz örnəyindən gedir…Əgər elm və təhsilə biganə münasibət davam edəcəksə, o zaman 10-20 ildən sonrakı acınacaqlı vəziyyəti təsəvvür etmək üçün baxıcı-görücü olmağa ehtiyac yoxdur. Dövlətin başlıca məqsədlərindən biri elm və təhsilə qayğının və diqqətin artırılması, bu sahədə çalışanlara insan kimi maddi və mənəvi dəyər verilməsi olmalıdır.

Dünya dövlətlərinin əksəriyyəti, özəlliklə  ekonomik cəhətdən normal səviyyədə olanlar büdcədən ən çox maddi sərmayəni elm və təhsilə ayırırlar. Azərbaycanda isə elm və təhsilə münasibət ürəkaçan deyildir…

Bu yaxınlarda parlamentdə “Elm siyasəti haqqında” qanin layihəsi müzakirə olunan zaman, bəzi millət vəkillərinin alimlərin və müəllimlərin maaşının artırılması zərurətindən danışmasına cavab olaraq Milli Məclis Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev demişdir: “Müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir”.

Bu o deməkdir ki, Azərbaycanda müəllimin və elm adamının dəyəri heç vaxt olmayacaq. Çünki Azərbaycanın müəlliminə və el adamına bir az olsun belə, sahib çıxması üçün 800 milyon manat vəsaiti, onun mənbələri yoxdur!!! Ona görə də, Ş.Hacıyev kimləri çıxış yolunu elm sahəsində islahatlar aparmaqda, daha doğrusu müəllimlərin, elm adamlarının attestasiyasında görür. Yəni elm adamlarının və müəllimlərin sayı kor-koranə azaldılmaqla, ixtisarlar aparmaqla problem həll olunacaq. Ona görə kor-koranə deyirik ki, islahatlar adı altında ixtisarlar aparılarkən çox zaman işdən uzaqlaşdırılan, ya da uzaqlaşmağa məcbur olan istedadlı və keyfiyyətli işçilər olurlar. Görünür, 2015-ci ildə də bu proses davam edəcəkdir.

Çünki 2015-ci il üçün Azərbaycanda büdcədən özəlliklə, elmə ayrılan maddi vəsait bu illə müqayisədə 3 faiz azaldılaraq 143 milyon manat kimi müəyyənləşdirilmişdir. Bu da, o deməkdir ki:

1)    Azərbaycanın elmə və elm adamlarına ehtiyacı yoxdur;

2)    Azərbaycan aliminə inam yoxdur;

3)    Azərbaycanda gənc alimlərin heç bir perspektivi yoxdur;

4)    Azərbaycanda elm qurumlarının-müəssisələrinin ləğvi gözlənilir;

5)    Azərbaycanda alim uzağı üç-beş nəfərdir, yerdə qalanlar onlarınn çevrəsində fırlanırlar;

6)    Azərbaycanda artıq elm məsələsi bitmişdir, ondan önəmli sahələr var….

Bütün bunların nəticəsi də o olacaq ki, AMEA-da sözün həqiqi mənasında işləyən 15-20 faiz elmi işçi varsa, onlar da buradan getməyə “könüllü” şəkildə razı olacaqlar. Hər halda elm və təhsil sahəsindəki problemlər çözülmədikcə həm başqa ölkələrə beyin köçü davam edəcək, həm də müəllimlərə və alimlərimizə inamımız günü-gündən azalacaqdır. Bu bir gerçəklikdir ki, əsasən maaşı 200-400 dollar arasında  dəyişən alim və müəllimlərimiz (söhbət yalnız istedadlı olanlardan gedir) xarici ölklərə üz tuturlar. Bildiyimiz qədər də, bu mənada Azərbaycandan xarici ölkələrə köç etmiş alim və müəllimlərimizin sayı kifayət qədərdir. Bu proses hər gün davam edir. Azərbaycanda elm və təhsil sahəsində işləmək, karyera qurmaq və elmi kəşflər etmək utopiyadır.

Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi qeyri-rəsmi şəkildə də olsa, hamıya məlimdur ki, Azərbaycanda bütün sahələrdə elmi yenilikçi kimi 3-5 alim qəbul edilir, ciddiyə alınır. Bu anlamda yerdə qalanlar nə edirlərsə etsinlər, onların əməyi nəzərər alınmır. Ona görə də  Azərbaycanda kimlərsə yenilik etmək iddiasındadırsa, bu boş əməkdir. Bunun əksi odur ki, yenilik etmək iddiasında və istedadında olmayanlara isə akademiya sistemində heç bir əngəl yoxdur. Üstəlik, belələrinə akademiyada daha çox “ehtiyac” var. Bu baxımdan elə hesab etməyək ki, AMEA-dan gedənlərin yeri boş qalır, ya da boş qalacaqdır. Əsla.

Özəlliklə, son zamanlarda elm və təhsildən uzaqlaşmağa, ya da xarici ölkələrə getməyə məcbur olanların yerlərini gənc kadrlar kimi, daha çox xanımlar tuturlar. Əlbəttə, gənc xanımların elmə və təhsilə üz tutması yaxş haldır, amma bu müəyyən sərəhdlər çərçivəsində olmalıdır. Hər halda biz də yaxşı anlayırıq ki, gənc qızların elm və təhsil sahəsində çoxalmasının səbəbi onlarda istedadın artması, oğlanlarda isə əksinə azalması ilə bağı deyildir. Məlumdur ki, orta və ali məktəblərdə, akademiyada maaşların həddən aşağı olmasının nəticəsi olaraq elm və təhsil sahəsində çalışan işçilərin xeyli qisimi qadınlardır. Başqa sözlə, Azərbaycanın elm və təhsil sahəsində “qadınlaşma” prosesi gedir.

Bu gün magistatura və dokturantura təhsil alanların böyük əksəriyyəti də gənc qızlardır. Belə davam edərsə, 10 ildən sonra ali və orta məktəblərdə, o cümlədən akademiya sistemində çalışan kişilərin sayı daha da azalacaqdır. Çünki istedadı olub-olmamasından asılı olmayaraq elm və təhsil sahəsinə maraq göstərən kişilərin sayı çox azdır. Apardığımız müşahidələr də göstərir ki, gənc oğlanlar elm və təhsil sahəsini özünü və ailəsinə saxlaya biləcək iş yeri kimi görmürlər. Ona görə də, elm və təhsil sahəsinə az sayda müracıət edən gənc oğlanlar var ki, onlar da yalnız buraya “tramplin” kimi baxırlar.

Məsələ, nümunə kimi deyə bilərəm ki, Türkiyədə magistirantura və dokturanturada təhsil alanlar uyğun olaraq 400 (500 dollar) və 500 (600 dollar) manat təqaüd aldıqları halda, Azərbaycanda bu 105 (130 dollar) və 120 (250 dollar) manatdır (əgər yeniliklər olmayıbsa). Bu isə yaxın vaxtlarda baş vernişdir. Çünki mən 2001-2004-cü illərdə  aspiranturada (indi dokturantura) təhsil alanda aldığım təqaüd çox çüzi idi (4-10 manat arasında). Şübhəsiz, bu təqaüdlə ancaq bir-iki gün maddi ehtiyacları ödəmək mümkün idi. Bu anlamda hər il gənc oğlanların elm və təhsil sahəsinə az maraq göstərmələri aydındır. Axı istedadlı gənc oğlanlar yaxşı anlayırlar ki, sabahsı günü müəllim və elmi işçi kimi onların ailə saxlayacaq maddi gücləri və karyera imkanları olmayacaq. Buna ən bariz örnək onların gözlərinin qabağında çalışan müəllimlərin və elm adamlarının durumudur.

Davamı var…

Mənbə: Olaylar.az