Aypara və ulduz – ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır.
Aypara və ulduz qədim dünyada
Parisin Luvr muzeyində saxlanan, qədim Şuşa şəhərində tapılmış, çar Melişipakın dövrünə aid olan (e.ə. 12 əsr) sərhəd daşının (kudurru) üzərində sümer-akkad tanrılarının rəmzləri cızılmışdır. Burada daşın baş hissəsində həkk olunmuş aypara-ulduz rəmzi daha da çox diqqəti cəlb edir. Məsələ burasındadır ki, o bu günə qədər dünyada yayılmış rəmzlərdən biridir. Aypara-ulduz rəmzi həm də İslamın rəmzi kimi tanınmışdır. Lakin İslamdan çox-çox öncə ulduz İştar ilahəsinin, ay isə Sin tanrısının rəmzləri olmuş və Yaxın Şərqin müxtəlif regionlarında işlənmişdir.
Türk-müsəlman simvolikasında aypara-ulduz
Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, gələcəkdə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda hamı tərəfindən qəbul edilmiş bir simvol olmamışdır. Lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur. Osmanlıların bütün fəth əməliyyatları bu simvolun altında həyata keçirilirdi. Bundan sonra ayrpara və ulduz rəmzi bütün müsəlman dünyasında istifadə edilməyə başlamışdır.
Tarixi faktlara əsaslanaraq demək olar ki, aypara-ulduz rəmzi qədim türklərin İslamdan öncəki simvolu olmuşdur. Buna dəlil kimi, arxeoloji qazıntılar zamanı Orta Asiyada tapılmış və VI-VII əsrlərdə basılmış Göytürk imperiyasının sikkələrini göstərmək olar. Onların üzərində bu rəmz təsvir olunmuşdur. Bəlkə də bu fakt qədim türklərin şumerlərin nəsli olduğunun daha bir dəlilidir. Bu şəkillərdə diqqəti cəlb edən cəhət, ulduzun altıguşəli olmasıdır.
Bundan sonra da, müxtəlif türk və müsəlman dövlətləri öz simvollarında aypara-ulduzdan istifadə edib və etməkdə davam edirlər. Bəzi hallarda isə ayparalar ulduzsuz da təsvir olunmuşdur. Buna misal olaraq Qızıl Orda (XIII-XIV əsrlər) və Qəznəvilər(X-XII əsrlər) dövləti kimi böyük türk imperiyalarının bayraqlarını göstərmək olar.
Ulduzlarla bağlı simvol Yaxın Şərq ölkələrində müsəlman-türk memarlığında da geniş istifadə olunurdu. Məsələn, Misirdə türk sülaləsi olan Tulunilərin hakimiyyəti (IX əsr) zamanı inşa edilmiş sultan Əhməd ibn Tulun məscidinin günbəzində Quran ayələri ilə birlikdə altıguşəli ulduzun da təsviri həkk olunmuşdur. Qahirədəki bəzi məscidlərin minbərlərində də bu rəmzə rast gəlinir.
Daha bir misalı Azərbaycan memarlığından gətirmək olar. Şirvanşahlar dövründə (XI əsrdə) Bakıda inşa olunan Məhəmməd məscidinin üstündə beş və altıguşəli ulduzlar həkk olunmuşdur. O dövrdə Şirvan səlcuğ türklərinin təsiri altında olmuş və bu simvol məhz türklər tərəfindən burada yayıla bilərdi.
Aypara və ulduz bayraqlarda
Türk və müsəlman dövlətlərinin bayraqlarında ayparaların yerləşmə tərzi və ulduzların guşələrinin sayı çeşidli ola bilər. Bu simvolu özündə saxlayan rəsmi bayraqların natamam siyahısı:
Başqa mədəniyyətlərdə aypara-ulduz rəmzləri
Lakin, qeyd edilməlidir ki, aypara və ulduz simvolları təkcə türk və müsəlmanlar tərəfindən deyil, həmdə başqa millətlər və diniləri nümayəndələri tərəfindən istifadə edilmişdir. Yəni bu simvol qədim Mesopotamiyadan bütün dünyaya yayılmışdır, lakin ondan orta əsrlərdə daha da çox türklər və müsəlmanlar istifadə etmişdirlər. Məsələn, bu cür rəmzlərə Həbəşistan və Yəməndə də rast gəlinir. Aypara-ulduz təsvirləri Eritreyanın Matara kəndində yerləşən, Havulti adlanan obeliskində (Sütun şəklində daş abidədir) və Aksum dövrünün, Xristianlıqdan öncəki dövrlərə aid olan sikkələrinin (şəkilə bax) üzərində çəkilmişdir. Aksum çarlığı II-IX əsrlərdə Həbəşistan (Efiopiya) ərazisində yerləşmişdir. VIII əsrə qədər çox güclü dövlət olmuş və hətta Bizans imperiya ilə rəqabət aparmışdır. Aksum çarları VI əsrdə Xristianlığı dövlət dini elan etmişdirlər. Aksum çarlığı ilə İslamın ilk tarixi də bağlıdır. Məkkə şəhərinə Yəməndən hücum edən aksumlu Əbrəhə və onunla bağlı olan Fil hadisəsi Quran ayələrində (105-ci ayədə) əks olunmuşdur. İlk müsəlmanlara sığınacaq verən nəcaşi (çar) Ashama da Aksum çarı olmuşdur.
Əvvəllər yunan şəhəri olan Bizantiumda (sonra Konstantinipolis, daha sonra İstanbul) Xristianlıqdan öncəki dörlərdə da aypara-ulduz rəmzi ilahə Artemidanı simvolizə etmiş və şəhərin rəsmi simvolu olmuşdur. Bizans imperiyasında Xristianlıq rəsmi dövlət dininə çevriləndən sonar, bu simvolu Həzrət Məryamın adı ilə baqlamışdılar. İstanbulu fəth edən Osmanlılar, şəhərin aypara-ulduz rəmzini saxlamışdıdırlar. Sadəcə, onu Osmanlı imperiyasının rəmzi kimi kimi istifadə etmişdirlər. Ümumiyyətlə bu rəmz Roma imperiyasında da olmuşdur.
Aypara və ulduz Xristian və Yəhudi simvolikasında da istifadə edilmişdir. Belə ki, Rus ortodoks (pravoslav) kilsələrində bəzi hallarda xaç aypara üstündə qurulmuşdur. Buna dəlil kimi, Vladimir şəhərindəki XII-ci əsrdə inşa edilmiş kilsənin gümbəzini (solda) göstərmək olar. Fələstinin Beytlehem şəhərində yerləşən kilsədə isə səkkiz kuşəli ulduz Həzrət İsanın doğulması zamanı göydə olan ulduzu simvolizə edir. Altı kuşəli “Magen-Dovid” (Davudun ulduzu) adlanan ulduz isə Yəhudiliyin rəsmi simvoludur (sağda). Bu simvol Avropa yəhudiləri arasında yalnız XIV-cü əsrdəndən etibarən qəbul edilmişdir.
Aypara bəzi Roma papalarının; avropa zadəganlarının, sərkərdələrinin; Avropa, Amerika və Asiya dövlət və şəhərlərin da simvolu olmuşdu.
Aydın Əlizadə. Aypara və ulduz simvolu // Dövlət və Din ictimai fikir toplusu. – 2008. – N 1. – S. 62-66.
Aydın Əlizadə. Aypara və ulduz // Azərbaycan dili (6 sinif üçün dərslik). Bakı: Altın Kitab, 2013. s 89-90.