AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin birinci kitabı tamamlanmış və əlavələrlə yenidən işlənmiş şəkildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 24 oktyabr 2023-cü il tarixli, 06 saylı iclasının qərarı ilə çapa məsləhət görülmüş kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov, rəyçilər prof. Sakit Hüseynov, prof. Əlikram Tağıyev, dosent, Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir. Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı əsərinin ikinci cildində XX əsr Quzey Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Quzey Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə təhlil etmişdir: 1) Milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılıq; 2) Marksizm-leninizm ideologiyası: milli təmayülçülük və beynəlmiləlçilik; 3) Milli maarifçilik fəlsəfəsi: realizm və romantizm. Kitabın ikinci cildinin I kitabında milli-demokratik və siyasi-fəlsəfi ideya cərəyanları: türkçülük/azərbaycançılıq, çağdaşlıq və islamçılığın nümayəndələrindən (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Topçubaşı, Ə.Müznib, F.b.Köçərli,M.B.Məhəmmədzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli,A.İldırım və b.)bəhs olunmuşdur.
Rövşanə Turan.