Bakı Humanitar Kollecinin (BHM) rəhbərliyi təhsil müəsisəsində müəllimlərin narazılığına münasibət bildirib.
Kollecin tədris hissə müdiri Əsəd İbrahimov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi nəzərdə tutulub və bununla bağlı Təhsil Nazirliyinə şifahi məlumat verilsə də, rəsmi məktub hələ göndərilməyib: “Bu gün təhsil müəssisəsində 260 müəllim fəaliyyət göstərir. Hələ heç bir müəllim işdən çıxarılmayıb və bu gün də çıxarılmır. Təhsil Nazirliyi hansı qərarı versə, nə məsələhət görsə, ona da əməl ediləcək. Rəsmi müraciətimizə müsbət cavab verilsə, müəllimlər imtahandan keçiriləcək, mənfi cavab olarsa, keçirilməyəcək”.
Ə. İbrahimov qeyd edib ki, müəllimlərin diaqnostik monitorinq imtahanının keçirilməsi hər bir təhsil müəssisənin səlahiyyətidir. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə keçirməkdə məqsəd müəllimlərin hansı biliyə malik olduğunu, pedaqogikanı, ixtisası, İKT-ni nə dərəcədə bildiklərini öyrənməkdir. Tədris hissə müdiri deyib ki, bu qiymətləndirmənin aparılması həm də gələcəkdə onları kurslara cəlb etmək məqsədi daşıyır: “Tədris müəsisəsində qəbul kəskin azaldığına görə dərs yükü çox aşağı düşüb. Ona görə də, yəqin ki, kimlərinsə dərs yükü azalacaq. Dərslər kəskin azaldıqda hamını yarımştat saxlamaq mümkün olmur. Ötən il Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirilib. Əgər onların hər birinə 400 qəbul verilirdisə, ötən il ümumi qəbul planı 442 olub. Haradasa, 350 azalma qeydə alınıb. Qəbul planı az olduğu halda, dərs olmadıqdan sonra müəllimə nə veriləcək? Ümid edək ki, bu il kollecə qəbul yaxşı olar və müəllimlərin yeri ilə bağlı problem yaranmaz. Təbii ki, müəllimlər də bu məsələdən narahat olub. Onları da başa düşürəm, haqq qazandırıram”.
Ə.İbrahimovun sözlərinə görə, bəzi mətbuat orqanlarının yazdığı kimi, bu gün kollecdə müəllimlərin hansısa etiraz aksiyası keçirilməyib. Sadəcə, bu gün təhsil müəssisəsində pedaqoji şuranın iclası keçirilib və buradan çıxan müəllimlər öz aralarında islasda səsləndirilən fikirləri müzakirə ediblər: “Pedaqoji şuranın ötən iclasında müəllimlərə məlumat verilmişdi ki, onların imtahandan keçirilməsi nəzərdə tutulur. Bu gün keçirilən iclasda da bildirilib ki, imtahanların keçirilməsi nazirliyin verəcəyi qərardan, razılıqdan asılı olacaq. Bizdə hansısa hadisələri şişirtməyə meyl var. Müəllimlərin kollecin qarşısında müzakirə aparması mətbuatda etiraz aksiyası kimi təqdim edilib”
Könül Hacıyeva