Tarif Şurasının qərarı ilə işıq və qazın qiymətinin artırılması Bakıda kirayə evlərin və ofislərin qiymətlərini artıracaq. Ekspertlər bildirirlər ki, bu sahədə 15-20% bahalaşma gözlənilir.
Ev kirayəsi 800 manatdan 1000 manata kimi bahalaşacaq
Ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, Bakının mərkəzi ərazilərində xüsusilədə, 28 May küçəsi, İçəri Şəhər, Gənclik və Nərimanov metrosu ərazisində evlərin kirayə qiymətləri artacaq. Söhbət 2-3 otaqlı lüks şəraitli və kommunal xərcləri kirayə haqqına əlavə edilən bina evlərindən gedir. Məsələn kirayə haqqı 800 manat olan 2-3 otaqlı ev indi 1000 manata təklif ediləcək.
V.Hüseynov bildirib ki, kommunal xərcləri kirayənişin tərəfindən ödənilən həyət evlərində isə qiymət artımı gözlənilimir. Kommunal haqların bahalaşması ilə müştərinin xərcləri onsuz da artır.
Ofislərin icarəsi 30-40% bahalaşacaq
Ekspert bina evləri ilə yanaşı, icarəyə verilən ofislərin də xidmət haqqlarının artacağını bildirir. Onun sözlərinə görə, iqtisadi durğunluq nəticəsində şirkətlərin bağlanması ilə ofislərə tələbatın azalması qiymətləri xeyli aşağı salmışdı. Adi qaydada ofisin kirayə haqqı bir kvadratmetrə görə 10 manat idisə, böhran dövründə 3-8 manata düşmüşdü. İndi isə bu rəqəm 10-12 manata yüksələcək. Yəni, 800 manatlıq ofisin qiyməti 1000 manata qalxa bilər. Ekspert bildirir ki, kommunal xərclərin artması kirayə haqqlarına real təsiri 50-60 manatdır. İşbazlar bahalaşmadan daha çox mənfəət götürməyə çalışıcaqlar. Ona görə də qiymət artımı real göstəricidən 4-5 dəfə çox olacaq. Ekspert bunu əvvəlki təcrübə ilə əsaslandırıb. V.Hüseynov bildirib ki, birinci devalvasiya zamanı eyni proses baş vermişdi.
Əsas bahalaşma yanvar ayından hiss ediləcək
Kommunal xərclərin artması iaşə obyektlərində göstərilən xidmətləri də bahalaşdıracaq. Ekspert bildirir ki, çay evləri, oyun salonları və bu kimi digər yerlərdə də xidmətlərdə bahalaşmaq olacaq. Onun sözlərinə görə, kirayə haqqlarının əsas artımı yanvar ayında hiss edilməyə başlayacaq.