Bakının başı üstündəki təhlükə: “O əjdaha 30 ildən bir oyanır…”

02/01/17 7:27

 Hava yağışlıdır. Maşın palçıqlı yollarla zirvəyə doğru dırmaşmağa çalışır. Budur, yerdən 300 metr yüksəklikdə yerləşən Şorbulaq palçıq vulkanının ətəyinə çatırıq. Hava dumanlı, yollar dərəli-təpəlidir. Piyada davam etməli oluruq. Fotoqrafımız Şahin Sərdarovla mən.

Dünyada yayılmış palçıq vulkanlarının çox böyük hissəsi məhz Azərbaycanın ərazisinə təsadüf edib. Bu səbəbdən də ölkəmiz dünyada palçıq vulkanlarının klassik vətəni kimi məşhurdur. 2002-ci ildə prezidentin sərəncamı əsasında Azərbaycanın bəzi palçıq vulkanlarına təbiət abidəsi statusu verilib. Şorbulaq Abşeron yarımadasının nəhəng vulkanlarındandır. “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nda mühafizə olunur. Qoruq 2011-ci ildə prezidentin sərəncamı əsasında 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilib.

Qoruğun direktoru Ceyhun Paşayev Lent.az-a açıqlamasında Şorbulaq palçıq vulkanı haqda məlumat verir:

– Vulkanın hündürlüyü 306 m-dir. Bakıdan 20 km qərbdə yerləşir. Vulkan morfologiyasına görə kəsilmiş konusdur. Təpəsində dəyirmi formalı yastı krater sahəsi yerləşir. Tektonik baxımdan vulkan Pliosen strukturudur. Brekçiya örtüyünün orta qalınlığı 120 m, sahəsi 700 hektardır.

Şorbulaq uzaqdan boz təpəni xatırladır. Vulkan 2 böyük sopkadan, 15-ə yaxın qrifondan ibarətdir.

– Yüksəklik sahəsində 4 vulkan təzahürləri vardır ki, bunlardan biri strukturun cənub-qərb hissəsində yerləşir və neftli qrifonları təşkil edir. Digəri, sopka və qrifonların böyük qrupu indiki kraterin şimal-qərbində yerləşir və çoxlu sayda aktiv fəaliyyətli mikroformalara malikdir. Sopkaların hündürlüyü 5-10 m-ə çatır. Krater sahəsinin ətrafında uzunluğu 700-800 m, dərinliyi 2-3 m olan bir neçə iri çatlar var. Kraterin mərkəzində brekçiyanın parçalanması müşahidə olunur. Brekçiyanın ümumi həcmi 500 mln. m³, örtük sahəsi isə 805 ha-dır.

Dövlət təbiət qoruqda təbii landşaftın, ekoloji sistemlərin və təbiət komplekslərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə insanların bütün növ fəaliyyətləri qanunla qadağan olunur.

– Tərəfimizdən bu rejimi pozanlara qarşı hətta İnzibati Cəza da tətbiq olunur. Bir sözlə mövcud xüsusi mühafizə rejimi qoruğa daxil edilmiş palçıq vulkanlarında turizmin təşkilinə imkan vermir. Qoruğun ərazisinə xüsusi icazə ilə daxil olmaq olur.

Hazırda mövcud olan palçıq vulkanlarının fəaliyyəti 30-35 mln il bundan əvvəl başladığı ehtimal olunur. Maqmatik vulkanlardan fərqli olaraq palçıq vulkanları məhdud saydadır. Son hesablamalara görə, hazırda 1200-ə yaxın palçıq vulkanı mövcuddur. Onlar əsas etibarilə Alp-Himalay, Sakit okean və Mərkəzi Asiya mütəhərrik qurşaqlarında yerləşir. Azərbaycanda isə başlıca olaraq ölkənin şərqində – Abşeron yarımadası, Şamaxı-Qobustan regionu, aşağı Kür çökəkliyi və Bakı Arxipelaqında geniş yayılıb. Ən böyükləri Abşeronda Otmanbozdağ, Güzdək-bozdağı, Qobustanda-Torağay və Kənizədağdır. Onların hündürlüyü 400 metrə çatır. Təkcə Qobustanda 100-dən çox palçıq vulkanı vardır.  40-a yaxın palçıq vulkanı yer səthinə neft çıxarır: Mədrəsə, Qırlıq, Paşalı Axtarması, Şorbulaq, Ayrantökən və s. Cənubi-Xəzər hövzəsi palçıq vulkanlarının sayına, onların müxtəlifliyinə və püskürmə intensivliyinə görə dünyada bərabərsizdir. Bu unikal regionda palçıq vulkanlarının sayı son vaxtlaradək 400-ə yaxın hesablanır.

Vulkanlar uzun müddət fəaliyyətdə olmayaraq, məsələn, 10-30 il enerji toplayır, sonra aktivləşir və püskürürlər. Alimlər müəyyən edib ki, seysmikliklə vulkan fəaliyyətinin aktivləşməsi arasında paragenetik əlaqə vardır. Güclü zəlzələlər palçıq vulkanlarını püskürməyə təhrik edir. Bu hadisə xüsusən o zaman baş verir ki, vulkan kifayət qədər enerji toplayaraq püskürməyə hazır olur və əgər vulkan zəlzələnin ocağından 100 km radiusunda olursa, püskürmə baş verir.

-Adətən daha tez-tez o vulkanlar püskürür ki, onların krater sahəsində sonradan mikroformalar – palçıq təpələri, qrifonlar, salzalar yaranmır. Azərbaycanda bunlar Abşeron yarımadasında Lökbatan, Keyrəki vulkanlarıdır. Çox güman ki, püskürmə seysmik dalğaların keçdiyi yerlərdə baş verir. Lakin bunun dəqiq mexanizmi hələ ki, dəqiq təyin olunmayıb. Püskürmə bəzən texnogen səbəblərdən də baş verə bilər. İndiyə qədər Şorbulaqda 8 püskürmə qeydə alınıb.

Azərbaycanda palçıq vulkanlarının püskürməsi 1810-cu ildən qeyd olunur. Son iki əsrdə 93 palçıq vulkanında 387 püskürmə baş verib. Palçıq vulkanı təzahürlərinin bütün formaları (fəaliyyətdə olan, sönmüş, gömülmüş, ada, sualtı, neftçıxaran) rast gəlinir.

Palçıq vulkanlarında təhlükə maqmatik vulkanların təhlükəsindən xeyli azdır. Palçıq vulkanlarının püskürmələri nadir hallarda tələfatla nəticələnir. Azərbaycanda olan palçıq vulkanlarının əksəriyyəti yaşayış məskənlərindən xeyli aralı yerləşirlər. Bununla belə püskürmə vaxtı, konusun daxili təzyiqi hesabına çıxan qazlar alovlanırlar və bəzən alov 300-500 m hündürlüyə qədər qalxır, krater sahəsi boyu çoxsaylı çatlar yaranır.

-Dövlət Təbiət Qoruğu tərəfindən bir çox maarifləndirmə təbliğat işləri aparılır. Belə ki, qoruq statuslu ərazisində çoxlu sayda qadağanedici, məlumatverici mərz nişanları yerləşdirmişik. Hansı ki, həmin nişanların vasitəsilə ərazinin  həm xüsusi rejimli, həm də təhlükəli olması çatdırılır. Bəzi yerlərdə isə əhali arasında həm qoruq rejimi, həm də palçıq vulkanlarının əhəmiyyəti barədə vərəqələr paylanılır. Bundan başqa KİV-də bu barədə geniş məlumatlar verilir. Son illər Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarına antropogen təsirlərin artması nəticəsində onların əraziləri dağıdılır, orada intensiv inşaat işləri aparılır, vulkanların püskürmə ehtimalı olan zonalarında yaşayış binaları inşa olunurdu. Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək, təbiətin bu nadir hadisələrinə daha qayğı ilə yanaşmaq aktual əhəmiyyət kəsb edir, onların mühafizə olunmasının zəruriliyi daha da qabardırdı. Qoruq yaradılanda ilk olaraq diqqət intensiv tikinti işləri gedən Keyrəki palçıq vulkanına yönəldildi.  Ərazidə qanunsuz şəkildə və kortəbii halda tikilmiş fərdi yaşayış evlərinin sahibləri ilə palçıq vulkanlarının təhlükələrindən bəhs edən maarifləndirmə tədbirləri həyata keçirildi, tikinti işləri dayandırıldı.

 

AMEA Geologiya və Geofizika İnstitutu uzun illər ərzində Kurortologiya İnstitutu və akademiyanın digər institutları, xüsusilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Azərbaycanın vulkan palçıqlarında bioloji aktiv maddələrin aşkar edilməsi üçün müştərək elmi tədqiqatlar aparıb. Nəticədə bu palçığın ölkənin 15 tibb müəssisəsində müalicə təcrübəsində tətbiqinə nail olunub. Keçən əsrin 70-ci illərinin sonu və 80-ci illər ərzində Abşeron yarımadasının Şorbulaq və Axtarma-Qaradağ, Qobustanın Pirəkəşkül və Daşgil vulkanlarının palçığı terapevtik təmayüllü xəstələrin müalicəsində Bakının poliklinikalarında, 3 saylı qadın məsləhətxanasında, 8-ci Kilometr yaşayış sahəsinin kosmetoloji müalicəxanasında, Abşeron yarımadasının sanatoriya-profilaktoriyalarında tətbiq olunub.

Qeyd edək ki, mühafizə altında olmayan çoxlu sayda palçıq vulkanı vardır ki, vulkanik landşafta olan mənfi təsirlərə görə artıq onların da Dövlət Təbiət Qoruğuna daxil edilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq artıq müvafiq sənədləşmə işləri həyata keçirilir yaxın zamanda onlar Nazirlər Kabinetinə təqdim olunacaq.