Yeni ildən qüvvəyə minəcək “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib.
Məlumata görə, banka borcunu ödəyə bilməyənlər üçün bu, çox yaxşı xəbərdir. İqtisadçı Əkrəm Həsənov hesab edir ki, məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər.
“Məsələn, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa)”.
İqtisadçı bildirir ki, vətəndaşdan yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edilməldir: “Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun. Sizi və ailənizi acından öldürmək istəyən banka, məhkəməyə və icraçıya etiraz edin” (baku.ws)