Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib.
Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, bu ilin aprelində ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılmışdı. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.
Dörd ay davam edən istintaqdan sonra eksumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul olunub. Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində faciə qurbanlarının ailə üzvləri ilə yanaşı qətliama şahidlik etmiş kənd sakinləri də iştirak ediblər.
Xatırladaq ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıb. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub.
Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iriçaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 1993-cü il aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkarlayıb, köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları həmin gün saat 15-dən 21 radələrinədək atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın və 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüblər.
Hücum nəticəsində 14 nəfər (2, 13 və 15 yaşlı üç uşaq, 10 qadın, 4 kişi) – 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9-u aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.
İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.
1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.
Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilib və 50 santimetr dərinlikdə torpağa basdırılmış, kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkarlanıb. Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkarlanmış müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib.
Transqafqaz.com