Bosniya və Herseqovina (BH) Azərbaycanda səfirliyinin açılmasının son mərhələsindədir.
Bu barədə Bosniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.
“Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç və onun həmkarı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşündə Azərbaycanın Sarayevoda səfirliyinin açılmasının əlamətdar olduğu vurğulandı. Konakoviç Azərbaycanda öz ölkəsinin səfirliyinin açılmasının son mərhələdə olduğunu söyləyərək, ölkələrimiz arasında əlaqələrin, xüsusən də iqtisadi əlaqələrin güclənəcəyini bildirib.
Hər iki tərəf razılaşıb ki, ölkələr arasında həll olunmamış problem yoxdur, lakin ikitərəfli sazişin imzalanması istiqamətində işlər sürətləndirilməlidir”, – məlumatda deyilir.
Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi turizm, kənd təsərrüfatı, sənaye, texnologiya və qarşılıqlı investisiyalar çərçivəsində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini qeyd edib. Bayramov vurğulayıb ki, COP29-un qarşıdan gələn sessiyası Azərbaycan və BH arasında tərəfdaşlığın yeni sahələri üçün əlverişli imkanlar yaradır.
“Bosniya və Herseqovina, həmçinin münaqişədən sonrakı dövrdə regionda mövcud vəziyyət və reallıqlar, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və tikinti işləri, mina təhlükəsi ilə mübarizə, eləcə də gündəm barədə ətraflı məlumatlandırılıb”, – deyə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ömər Məmmədli