Böyüklərin çox böyük səhvləri və kiçiklərin qara günləri

17/08/21 11:57

İLHAMİ Cəfərsoy

Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri

Nadir şah Əfşar Mankup monastırına 500 tümən pul, 500 dənə ləl-cəvahirat bağışladı ki, gürcü xristianlar güclənib müsəlman Qazax və Borçalı əhalisini təhdid altında saxlasınlar. Nəticədə on minlərlə adam yurdundan didərgin düşdü.

Vaqif Şuşaya, Vidadi Cəbrayıla köçməli oldu. Bu gün həmin səhvlər təkrar olunur.

 

İtaliyada Azərbaycanın pulu ilə keşişlərin katakombaları təmir edilir. İtaliya bizim haqq işimizi müdafiə edirmi?

Fransada balalarımızın boğazından kəsilən pullarla Versal sarayı restavrasiya olunur. İmmanuel Makron bizə qarşı diplomatik savaşı dayandırırmı?

Həştərxanda bizim yekələr internat məktəblər tikdirirlər. Ruslar bizi həştərxan, yəni hinduşqa kimi yolmurmu?

Gəlin düşünək: Nadir şahın tarixi səhvlərini təkrar etmirikmi?

****************

Gürcüstan Elmlər Akademiyasının kitabxanalarında Nadir şahın fərmanının yanında çar İraklinin sərəncamları saxlanır.

Sərəncamın birində İbrahim xandan tələb edilir ki, Qazaxdan Qarabağa qaçan məcburi köçkünləri geri qaytarsın. Həmin köçkünlərin içində Molla Pənah Vaqif də var idi.

Başqa bir sərəncamla orduya səlahiyyət verilir ki, dağlara qaçan, mağaralara sığınan qazaxlıları qamçı ilə döyə-döyə kəndlərinə qaytarsınlar. Həyətlərdə nökər kimi işlətsinlər (Puturidze V.S. «Persidskie istoriçeskie dokumentı v kniqoxranilişax Qruzii». vıp.3, Tbilisi, 1965).

Ola bilərmi Vaqif poeziya günləri onun tarixi vətənində ermənilərin işğal etdiyi 6 kəndin qarşısında başlasın və Şuşada məqbərəsinin yanında sona çatdırılsın?

Axı o da mənim kimi məcburi köçkün idi. Fərq ondadır ki, onun məcburi köçkün statusu yox idi, mənim var. O, Şuşaya Əsgərandan keçib gedirdi, mən Qırmızı Bazar yolu ilə yüz km-lik yolu dolanıb gedirəm.

O zaman Ağdam-Şuşa yolunun yiyəsi İbrahim xan idi, indi Vladimir Yolçuyevdir. Mənim üçün ölmək, Yolçuyevin qılıncının altından keçməkdən yaxşıdır.