Bu gün Güney Azərbaycanda baş vermiş may üsyanından 14 il ötür.

22/05/20 6:04

Bütün İranı silkələyən, molla rejimini qorxudan “may qiyamı” 2006-cı il mayın 22-də baş verib. Fars millətçilərinə məxsus “İran” qəzetində türklərin təhqir olunmasına etiraz edən soydaşlarımız iri şəhərlərdə yürüş keçirərək, rejimin şovinist siyasətinə etiraz etdilər. Aksiyalarda “Haray, haray, mən türkəm”, “Milli dilim ölən deyil, özgə dilə dönən deyil”, “Bakı, Təbriz, Ankara, farslar hara biz hara”, “Azərbaycan oyaqdır, millətinə dayaqdır” və digər milli şüarlar səsləndi.

Təbriz, Ərdəbil, Meşkin, Xoy, Zəncan, Sarab və digər şəhərlərdə bir neçə gün davam edən yürüş-mitinqlər rejim qüvvələrinin zorakılığı ilə dayandırıldı. Yüzlərlə milli fəal həbs edildi, polislə toqquşmada onlarla insan ağır xəsarət aldı. Bu hadisə Güney Azərbaycan milli hərəkatına nə verdi? O zaman “İran” qəzeti türkləri təhqir edərək tarakana bənzətmişdi. Rejim yanlılarının iddia etdiyi kimi bu, kənardan edilmiş təxribat idi? Bu hadisə İran hakimiyyəti üçün dərs oldumu? May hadisələri zamanı tutulanlarda həbsdə qalanı varmı? Mövzu ilə bağlı GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağılı, Türkiyədə yaşayan güneyli milli fəal Məhsa Mehdili və Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərlinin fikirlərini öyrəndik.

“Milli Hərəkat qığılcıma bənd idi”

GAMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı hesab edir ki, may hadisələri illər boyu milli hərəkatın içində yetişən bir vulkan idi:

“Çağdaş Güney Azərbaycan milli hərəkatı 1995-ci ildə doktor Mahmudəli Çöhrəqanlının Təbrizdə məclis seçkilərinə aday olması ilə boy göstərdi. 1995-2006-illər arasında İran şovinist rejimi tərəfindən milli hərəkat fəallarına qarşı müxtəlif təzyiqlər, həbslər oldu. Bu illər arasında bir çox hərəkat mənsubu rejim tərəfindən tutuqlanaraq işgəncə və həbsə məruz qaldı. Doktor Çöhrəqanlı da həbs edilmiş, ona ağır işgəncələr verilmişdi. Çöhrəqanlının səhhəti o qədər pisləşmişdi ki, iflic olmağa yaxın idi. Ancaq haqsız yerə həbs olunduğu üçün aclıq aksiyasına başladı və 63 gün ölüm orucu tutdu. Başqa bir tanınmış hərəkatçı mühəndis Qulamrza Əmani həbs edildi, işgəncə gördü və nəhayət, 5 il həbsdən sonra sərbəst buraxıldı. Amma sonra rejim mənsubları Qulamrza Əmanini avtomobil qəzasına salaraq öldürdülər. 2006-cı ilin mayında artıq proses yetişmişdi. Milli hərəkatın gənc nəsli və hətta fəalları artıq bir qığılcıma bənd idi. Yəni bir bəhanə axtarırdı ki, haqlı etirazını rejimə qarşı göstərsin. “İran” qəzetində gedən və türklərə həqarət edən karikatura bir bəhanə oldu. Milli hərəkatın gənc nəsli universitetlərdə fəaliyyətə başladılar. May hadisələrində ziyalılar, şairlər, aktyorlar və demək olar bütün təbəqədən olan insanlar və fəallar iştirak etdilər. May qiyamları, milli hərəkatda böyük bir etki yaratdı və xalqın oyanışına səbəb oldu”. GAMOH yetkilisinin fikrincə, “İran” qəzetində yayınlanan həmin karikatura kənardan müdaxilə ola bilməzdi: “Bu rejimin mahiyyətindən irəli gəlir. Türklərə qarşı aşağılama farsların fikir babası Firdovsidən üzü bəri gələn məsələdir. İran adlanan ölkədə türklərə qarşı ayrı-seçkilik, aşağılma hər zaman olub, bu gün də davam edir”.

Ağrı Qaradağlı hesab edir ki, may hadisələri Babək yürüşlərinin davamı idi:

“Milli şüarlar da dəyişmədi, əksinə, təkmilləşdi. “Haray, haray, mən türkəm”, “Yaşasın Azərbaycan”, “Ana dilində mədrəsə, olmalıdı hər kəsə”, “Türk dili rəsmi olsun”, “Ölüm olsun faşistə” və digər şüarlar səsləndi. “May qiyamı”-nın Ərdəbil, Təbriz, Urmiya, Zəncan, Xoy, Qoşaçay, Xiyav, …. Və Tehrandakı azərbaycanlı siyasi və mülki fəalların cəsarətli və fəal fəaliyyətlərinin nəticəsi olduğunu söyləmək olar”.

“Bu, milli asimilyasiya siyasətinə qarşı bir üsyan idi”

Məhsa Mehdili hesab edir ki, Güney Azərbaycanda 2006-cı ildə baş vermiş “may qiyamı” sadəcə, bir karikaturaya, təhqirə qarşı deyildi:

“Bu, Güney Azərbaycan türklərinə qarşı Pəhləvilərdən üzü bəri davam edən milli asimilyasiya siyasətinə qarşı üsyan, dönüş nöqtəsi idi. Karikatura məsələsi bir qığılcım oldu. Millət onsuz da cana yığılmışdı. O hadisələrə qədər dərnəklərdə toplantı olur, Babək qalasına yürüşlər keçirilirdi. Milli dərnəklər adi bir qəzet, dərgi buraxmaq istəyəndə sərt təpki ilə qarşılanırdı. May hadisələrinə qədər İran rejiminə qarşı etirazın önündə ziyalılar gedirdi. May hadisələri universitetlərdən başlandı. Ancaq üsyanda xalqın bütün təbəqələrindən insanlar iştirak etdi. “May qiyamı”-nda iki mühüm nüans diqqəti çəkir. Birinci Azərbaycan anlayışının, ikincisi türk milli kimliyinin önə çıxması. Hadisələr göstərdi ki, 90 illik fars əsarəti, şovinist asimilyasiya siyasəti türk milli kimliyini yox edə bilməyib. Əksinə, fars rejiminin qəddar siyasəti farslarla türklər arasında parçalanmanı daha da dərinləşdirdi. Qəribədir ki, farslar bu hadisələrə seyrçi qaldılar. Hətta müxalifətdə olan fars təşkilatları belə, Güney Milli Hərəkatını dəstəkləmədilər. Onlar bildirdilər ki, biz Xomeyninin əsgəriyik, Güneyi müdafiə etməyəcəyik. May hadisələri Təbriz mərkəzli türk düşüncə sistemini ortaya çıxardı. Bütün dünya da bunu gördü”.

Məhsa Mehdilinin fikrincə, may hadisələri milli hərəkatın şəhərlərə enməsi ilə nəticələndi:

“Bundan öncə milli hərəkata daxil olan milli qruplar ayrı-ayrı bölgələrdə fəaliyyət göstərirdi. Lakin may hadisələrində hər kəs meydanda idi, milli qüvvələr bir-biri ilə çulğalaşdı, qaynayıb-qarışdı. May hadisələri zamanı rejim qəddar davrandı, gənclər şəhid edildi, həbsə atıldı. Hətta şəhidlərin yas məclisləri qadağan edildi. Bu hadisələr molla rejiminin iç üzünü bir daha millətə göstərdi. Bütün qəddarlıqlarına baxmayaraq, bu hadisələr rejim üçün uğursuz, Güney Azərbaycan üçün uğurlu oldu. Rejim Milli Hərəkatı dağıtmaq istəyirdi. Əksinə, daha da Milli Hərəkat bu hadisələrdən bərkiyib çıxdı”.

“Əvvəlcədən hazırlanmış plan idi”

Faiq Ələkbərli də hesab edir ki, 2006-cı ilin mayında baş verən hadisələr təsadüfi deyil:

“Həmin dövrdə “İran” qəzetinin türkləri “tarakana” bənzətməsi əvvəlcədən hazırlanmış plan idi. Burada əsas məqsəd Güney Azərbaycan türklərinin milli hərəkatının səviyyəsini test etmək və buna uyğun olaraq hərəkata ciddi zərbə vurmaq idi. Başqa sözlə, türklük şüurunun hansı səviyyədə olmasını öyrənmək üçün bu addımı irançı qüvvələr planlamışdı. May hadisələri isə göstərdi ki, İran adlanan ölkədə yaşayan türklər, xüsusilə də Güney Azərbaycan türkləri arasında türklük şüuru yüksələn xətt üzrə inkişaf etməkdədir.

Ona görə də, molla rejimi Güney Azərbaycan türklərinin milli hərəkatının yeni bir mərhələyə daxil olmaması üçün may hadisələrindən maksimum istifadə etməyə çalışdı. Belə ki, milli hərəkatın bir çox fəalları həbs edildi, işgəncələrə və təqiblərə məruz qaldı. Əgər molla rejiminin tərəfdarları hesab edirlər ki, bu bir təxribat idi, müəyyən qədər haqlıdırlar. Çünki bu təxribatı hazırlayan elə molla rejiminin özü idi”.

BAO yetkilisinin fikrincə, may hadisələrini prosesə çevirmək olardı:

“Çox təəssüflər olsun ki, Güney Azərbaycan türkləri təşkilatlanmaq məsələsində çətinlik çəkdiyi üçün, may hadisələrini daha da irəliyə apara bilmədi. Üstəlik, fəalların xeyli bir qisminin molla rejimi tərəfindən zərərsizləşdirilməsi prosesi müddətində, milli oyanış hərəkatı güclü bir təşkilatın olmaması səbəbindən geri çəkildi. Bunun nəticəsində də, may hadisələri ümum- xalq hərəkatına çevrilə bilmədi. Daha doğrusu, on minlərlə türk övladları irançıların bu çirkin əməlinə layiqli cavab vermək üçün küçələrə, meydanlara axın etsələr də , onları vahid gücə çevirmək prosesi gerçəkləşmədi. Beləliklə, təşkilatlanmanın zəifliyi səbəbindən may hadisələrinin davamı gəlmədi və milli hərəkatın yeni bir üst səviyyəyə qalxması prosesi yarımçıq qalmış oldu. Doğrudur, may hadisələri sonrakı illərdə qeyd olundu və müəyyən çıxışlar edildi. Ancaq may hadisələrinin üstündən bir neçə il keçdikdən sonra ona əvvəlcə göstərilən etirazlar da səngiməyə başladı. Hər halda, etiraf etmək lazımdır ki, may hadisələri gözlədiyimiz yüksələn dinamika üzrə inkişaf etmədi. Üstəlik, bundan sonrakı dövrlərdə irançılar qəzet və jurnallarla kifayətlənməyib, telekanallardakı verilişlərdə də türkləri təkrarən təhqir etməyə davam etdilər”.

transqafqaz.com 

Toğrul Lətifoğlu