“Bu il təcili tibbi yardım avtomobilinə yol verməyən 300 nəfər cərimələnib”

27/11/16 7:42

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Səhiyyə Nzirliyi tərəfindən elektron sistemin tətbiqi istiqamətində işlərin davam etdiyini bildirib. R.Nağıyev ortadakı təklif və təşəbbüslər haqqında da danışıb:

“Təklif edilib ki, gələcəkdə hər bir sanitar avtomobilin ön şüşəsində kameralar quraşdırılsın. Həmin kameralar vasitəsilə sanitar maşınlara yol verməyən nəqliyyat vasitələri qeydə alınsın və sonra bu barədə dövlət yol polisinə məlumat ötürülsün”.

Maraqlıdır, hazırda bununla bağlı qanunvericilikdə hansısa müddəa yer alırmı?

Moderator.az-ın sualnı cavablandıran Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qanunvericilikdə buna görə məsuliyyətin nəzərdə tutulduğunu qeyd etdi:

“Bununla bağlı təbii ki, qanunvericilikdə müvafiq müddəa var. Inzibati Xətalar Məcəlləsinin 311-ci maddəsində buna görə məsuliyyət nəzərdə tutulub. Orada qeyd olunur ki, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Bu qayda pozunrusu 3 balla qiymətləndirilir. Bu il 300 avtomobil sürücüsü buna görə cərimələnib”.

 

Seymur Əliyev