Birinci dünya müharibəsində Rus Çarlığı devrildikdən sonra, Qafqazdakı türk və müsəlman xalqlar bir tərəfdən ingilis işğalçılarının, digər tərəfdən çar tərəfdarlarının, o biri tərəfdən isə bolşeviklərin təzyiqinə məruz qalmışdılar.
Azərbaycanda isə bolşeviklərin hakimiyyəti ələ keçirməsi və ordu quruculuğu ilə məşğul olması narahatçılığı daha da artırırdı. Bu vəziyyət qarşısında birləşmək yollarını axtaran Qafqaz xalqları müstəqil bir dövlət qurmaq üçün hərəkətə keçdilər.
Şimali Qafqazdakı bu hadisələrdən sonra Dağıstandakı türklərin milli bir dövlət qurma istəkləri və cəhdləri yenidən baş qaldırdı. Nəhayət, 11 may 1918-ci ildə Dağıstan Respublikası müstəqilliyini elan etdi. Bu hadisələr ətrafında Şimali Qafqaz və Dağıstandakı bütün türk və müsəlman icmalar, Dağıstan türklərinə güvənərək, ruslardan ayrılmaq istəyirdilər. Osmanlı Dövlətinin müttəfiqi Almaniya eyni günlərdə Gürcüstanın müstəqilliyini tanımış, ancaq Dağıstanın azadlığını görmək istəmirdi.
Şimali Qafqaz Respublikasının elan edilməsi
Əbdülməcid Çermiyev, Heydər Bammat və Məhmət Qari Dibrov kimi ziyalılar Dağıstanın qurtuluşu üçün siyasi fəaliyyətlərə liderlik edirdilər. Dağıstan türklərindən təşkil olunmuş bir heyət, 1918-ci ilin aprel ayında İstanbula getdi. Heyət Ənvər paşa ilə görüşərək, Türk ordusunun onları himayə etməsini istədi. Ənvər paşa, türk əsgərinin Dağıstana girməsindən əvvəl bəzi məsələlərin həllinin başa çatdırılmasının zəruriliyini bildirərək, bölgədə yaşayan türklərdən ibarət bir korpus yaradılmasının faydalı olacağını bildirdi. Bundan əlavə, 1-ci süvari diviziyası komandanı podpolkovnik (yarbay) Nazim bəy və 4-cü piyada diviziyası komandanı yarbay Əhməd Şükrü bəy ilə qərargah kadrlarına Şimali Qafqazda Dağıstan və Çeçenistanda hərbi təkilat qurmaq tapşırığı verildi.
Trabzon və Batum Konfranslarında türk nümayəndələri ilə görüşən Dağıstan heyəti, Şimali Qafqazda müstəqil bir dövlət qurmaq üçün razılıq almışdılar. Osmanlı Dövlətinin verdiyi dəstəklə 11 may 1918-ci il tarixində Şimali Qafqaz Respublikası elan edildi və bu gənc dövlət Osmanlı Dövləti tərəfindən tanındı.
Bu vəziyyət qarşısında Bolşevik hökumətinin Xarici İşlər Komissarı Çiçerin, Osmanlı Dövlətinin Moskvadakı Səfiri Qalib Kamali bəyə bir etiraz notası göndərdi. Çiçerin notada, Şimali Qafqazın Rusiyanın ayrılmaz bir hissəsi olduğunu və xalqın da Rusiyadan ayrılmağı heç bir zaman düşünmədiyini, Osmanlı Dövlətinə gələn nümayəndələrin də xalqın təmsilçisi olmadığını bildirərək, qurulan Respublikanı tanımayacaqlarını bildirdi.
Çar tərəfdarlarının Dağıstanı işğal etməsi
Şimali Qafqaz Respublikasının yeni təşəkkül etməyə çalışan orqanlarını aradan qaldırmaq üçün Dağıstandakı bolşeviklər bir yandan, çar tərəfdarı rus kazakları da digər yandan hücuma keçmişdilər. Bakı yaxınlığında qüvvələrinin bir çoxunu itirən Biçeraxov, Dərbənd və Mahaçqalanı işğal etmək üçün fəaliyyətə başladı. Kifayət qədər hərbi qüvvəsi olmayan Şimali Qafqaz Respublikası, şimalda qırmızı bolşeviklər, cənubda isə Biçeraxovun ordusunun arasında sıxılıb qalmışdı.
Biçeraxovun əsas məqsədi Dağıstana girmək və bölgəni nəzarət altına almaq idi. Sərəncamında yaxşı təlim görmüş 2 min əsgər və 18 top ilə 40 pulemyot vardı. Dərbəndə girərkən xalqa müraciətində özünün çar tərəfdarı və bolşeviklərə düşmən olduğunu bildirərək, Dağıstanı qurtardıqdan sonra əsl sahiblərinə təhvil verəcəyini və Bakıya gedəcəyini bildirmişdi. Polkovnik Biçeraxov tabeliyindəki qüvvələrlə 15 avqustda Dərbəndi işğal etdi. Yaydığı bəyanatda isə əsl niyyətini ortaya qoyan Biçeraxov, Qafqazda yaşayan türklərin Rusiyaya xəyanət etdiyini, Osmanlı ordusuna güvənənlərin ağır şəkildə cəzalandırılacağını, yalnız ona itaət etdikləri halda Rusiyaya və çara etdikləri bu xəyanəti bağışlayacağını elan etdi
Dərbəndin azad edilməsi
Türk ordusunun Dərbəndə yürüş etməyə hazırlaşdığından xəbər tutan Biçeraxov, Mahaçqaladan 300 nəfərlik bir birliyi Dərbəndə gətirdi. Buradakı mövqelərini möhkəmlətdikdən sonra, müdafiəni gücləndirmək istəyirdi. Hərbi hərəkatın bir az da gecikdirilməsi halında, düşmənin daha da güclənəcəyini düşünən komandirlər 38-ci piyada alayının da cəbhə xəttinə çatmasını gözləmədən, 56-cı piyada alayının Dərbənd istiqamətində hərəkətə gəlməsini qərarlaşdırdılar.
Dərbəndin azad edilməsi planı
Beləliklə, Dağıstanın düşmən işğalından qurtarılması üçün gözlənilən hərbi müdaxilə 5 oktyabrda başladı. 56-cı piyada alayı, cəbhəyə yenicə çatan 38-ci alayın qabaqcıl hissələri ilə birlikdə, Dərbəndin bağlarını keçdikdən sonra, stansiya ətrafında pusqu quran Biçeraxov qüvvələri ilə qarşılaşdı. Qanlı döyüşlərdən sonra Stansiyadan çıxarılan Biçeraxov qüvvələri axşama doğru Dərbənd qalası ilə Qala Dəyirmanı bölgəsindən də uzaqlaşdırıldı. Havanın qaralmaq üzrə olduğunu görən komandirlər əsgər itkisi verməmək üçün hərəkata ara verdilər. Ertəsi gün, türk silahlı qüvvələrinin kəskin hücumu qarşısında tab gətirməyən düşmən, dağınıq halda şəhərə yayıldı. 56-cı piyada alayı 6 oktyabr saat 10.45-də şəhərə girərək Dərbəndi tamamilə nəzarətə götürdü.
Mahaçqala yürüşü
Komandanların verdiyi qərara görə 15-ci piyada diviziyası, Mahaçqala üzərinə yeriyərək Dağıstanı işğalçılardan azad edəcəkdi. Şimali Qafqaz Respublikası Prezidenti Çermiyev, rus kazakı polkovnik Biçeraxova 13 oktyabr 1918-ci il tarixində bir ultimatum verərək, Dərbənd və Mahaçqala arasındakı ərazinin Şimali Qafqaz Respublikasının ərazisi olduğunu bildirdi və Dağıstanı boşaltması üçün 20 oktyabra qədər vaxt verdi. Biçeraxov isə 16 oktyabrda göndərdiyi cavabda qafqazlı və rus kazakı olduğunu bildirərək, onu məmləkətindən heç kəsin qova bilməyəcəyini və Dağıstanı da Rusiyanın bir parçası olaraq gördüyünü bildirdi. Biçeraxov məktubda bunları yazmışdı:
“Bu torpaqlar Rusiyanındır. Tabeliyimdəki əsgər isə böyük Rus Ordusunun bir parçasıdır. Dağıstandan çıxmayacağam. Ancaq siz, özünüzün kim olduğunuzu bilmirsiniz. Şimali Qafqaza sahiblik iddia edərkən, Brest-Litovsk müqaviləsini, türklərin də sizinlə birlikdə döyüşdüyünü xatırlamırsınız. Türklərin öz ölkələrinə xeyri olmadıqdan sonra, sizə heç bir faydası olmaz. Xəbəriniz yoxdurmu ki, ingilis topları Çanaqqala yaxınlığında gurlayır. Fələstin və Suriya tamamilə işğal edilib. İki həftəyə qədər türklərin buradan tamamilə çəkiləcəyi mütləqdir. O zaman tək qalacaqsınız və bir şey etməyə qüdrətiniz çatmayacaqdır. Mən sizin bir yaxınınız və sizin yaxşılığınız üçün çalışan bir adam kimi, sizə təklif edirəm ki, gəlin danışaq. Sizin və bizim üçün ən yaxşı olan məsələləri müzakirə edək. Ondan sonra istədiyinizi edə bilərsiniz. Bu məktubuma 18 oktyabr tarixinə qədər cavab istəyirəm. Əgər cavab almasam, yazdıqlarımın nəzərə alınmadığını hesab edərək, Dərbəndin qurtarılması üçün hərəkət edəcəyəm. Dərbənddə nə qədər əsgər olduğunu və nə işlə məşğul olduqlarını da lap əla bilirəm”.
Şimali Qafqaz Komandanı Yusif İzzət paşa, 20 oktyabr 1918-ci il saat 07.45-də hücum əmri verdi. Süleyman İzzət bəy, o gecə diviziyaya göndərdiyi əmrdə, hücumun detallarını bildirdi. Hücum payızın gəlməsi ilə əlaqədar çox soyuq və yağışlı bir gündə başladı.
24 oktyabr axşamına qədər davam edən hərəkatda, Türk hərbi birlikləri Biçeraxov qüvvələrini geri oturda bilmişdi. Rus kazakı polkovnikinin bir çox hücumları uğursuzluqla nəticələndi. Belə olduqda Biçeraxov əsl qüvvələrini Mahaçqalaya çəkdi və bölgədəki yüksək dağlarda müdafiə xətləri qurmağa başladı. 25 oktyabr gününü dincələrək başa vuran türk hərbi birlikləri, 26 oktyabrda yenidən hərəkətə başladı. Manas çayına qədər irəliləyərək, müqavimət göstərməyə çalışan Biçeraxov qüvvələrini buradan da geriyə oturdu. Tarki dağı və Mahaçqala yaxınlığına qədər irəliləyən türk hərbi birlikləri o günə qədər Biçeraxovun əsl qüvvələri ilə heç döyüşməmişdi. Süleyman İzzət bəy 27 oktyabrda Tarki dağında müqavimət xətti quran Biçeraxov qüvvələrini cənub və qərb istiqamətində tamamilə mühasirəyə aldı.
Polkovnik Biçeraxovun Mahaçqalada 4–5 minə qədər bir hərbi qüvvəsi dururdu.
6 noyabr 1918-ci ildə səhərin erkən saatlarında bütün istiqamətlərdən başlayan hücumda, axşam saatlarına doğru Biçeraxov qüvvələri böyük tələfat verərək geri çəkilməli oldular. Mahaçqala istiqamətində qaçan düşmən, ciddi təqib altındaydı.
Mahaçqalanın fəthi
İki gün davam edən qanlı müharibələrdə, cəbhədəki ərazi çox narahat idi. Ətrafda sıx kolluqlar ilə çox dik və sərt qayalıqlar vardı. Dayanmadan yağan yağışdan sonra ərazi sürüşkən və palçıqlı idi. Əsgərlər ümumiyyətlə yolu olmayan ərazini dırmanmaq, tullanmaq, sürünməklə keçib irəliləyə bilirdilər. Ağaclı-Tarki arasındakı cığırlar isə heyvanların keçməsi üçün belə əlverişli deyildi. Buna görə də bütün sursat (cəbbəxana) yalnız döyüşən əsgərlər vasitəsilə daşına bilirdi. Yaralanan Mehmetçik isə yenə də silah yoldaşlarının kürəyində daşınıb səhiyyə bölüklərinə çatdırılırdı. Mehmetçiyin üç gün boyunca gözünə yuxu getməmişdi, bu müddət ərzində Tarki dağı ətrafında düşmənə qarşı güclü həmlə etmiş, bəzən geri çəkilmiş, bəzən də qanlı döyüşlərə girmişdi. Ərazinin dik olması ilə yanaşı, duman, rütubət və yağış da əsgərləri yormuşdu.
Biçeraxova tabe əsgərlərdən canını qurtara bilənlər, Mahaçqalanın şimalındakı Həştərxana qaçdılar.
Türk əsgəri Mahaçqalada
Düşmənin yerdə qalan hissəsinin silahlarını götürüb gəmilərlə şəhərdən qaçmağa çalışdığı xəbəri gəldi. Bu əsnada Mahaçqaladan əllərində ağ bayraq bir qrup mülki şəxsin türk əsgərlərinə doğru gəldiyi müşahidə edildi.
Türk ordusunun bütün çətinliklərə sinə gərərək, soyuq və aclığa baxmadan, qan tökərək Şimali Qafqaza qədər gedən zabit və sıravilərinin Mudros barışığının imzalanmış olması səbəbindən Mahaçqalaya, yəni İnciqalaya girməməsi, böyük bir üzüntüyə yol açmışdı. Məhmetçik soyuq və açıq havada, yemək sarıdan korluq çəkərək, narahat bir halda Tarki dağında və Mahaçqalanın yan-yörəsində gözləyirdi.
Mahaçqalanın düşmən birliklərindən tamamilə boşaldığına dair xəbər gəldikdən sonra 8 noyabr 1918-ci il saat 14.00-da 15-ci piyada diviziyasının bütün qüvvələri, 38-ci piyada alayı komandanı polkovnik Səlim bəyin komandası altında şəhərə girdi. 56-cı piyada alayının 2-ci batalyonuna şəhərdə asayişi təmin etmək həvalə olundu. Mahaçqala Yerli komandanlığına da 107-ci alay komandanı albay Fəzli bəy gətirildi. Şəhər tezliklə nəzarət altına alındı. Mahaçqalanın bütün meydan və küçələri türk və Şimali Qafqaz Respublikası bayraqları ilə bəzədildi.
2018 -ci ilin dekabrında Mahaçqala şəhəri yaxınlığında Kumık türkləri 100 il əvvəl Dağıstandan general Lazar Biçeraxovun qoşunlarını qovan Osmanlı İmperatorluğu əsgərlərinə bir abidə ucaltdılar.
Xatirə daşında aypara və beşguşəli ulduzu əks etdirən iki qara mərmər lövhə var.
Abidə “İgitlege tuvmak bar, olmek yok” (“Qəhrəmanlar doğulur və ölmür”) sözləri ilə bəzədilmiş Kumyk qapısının simvolu ilə taclanır.
Daş günəş diski, kənarları boyunca iki tarixin möhürləndiyi çubuğa sabitlənmişdir. Abidənin qoyulduğu tarix (2018) və bölgənin türk əsgərləri tərəfindən azad edildiyi il tatix (1918) göstərilmişdir.
Vahidov Qurban. Araşdırmaçı – analitik