DAŞALTI-30: Daşaltı(n)dan başlayan məğlubiyyətimiz və Daşaltı(n)dan çıxan Zəfərimiz

26/01/22 10:04

TƏKRAR: Yazı ötən il yazılıb.

Tarix: 26.01.2022-ci il. Daşaltı kəndi. Bu tarixi gündə qəhrəman və şanlı ordumuzun nəzarətində olan bu kənddə 30 il öncə xainlərn və düşmənlə işbirliyində olanların əliylə məğlubiyyətlərimizin əsası qoyulmuşdu. Məğlubiyyətimiz Daşaltıdan başladı.

İLLƏRLƏ BU ABİDƏNİ QOYMAQ ÜÇÜN HACIBALA KİMİ TANINAN BİR VARLIQLA MÜBARİZƏ APARDIQ

21.01.2021-ci il tarixdə o döyüşün canlı şahidləri və iştirakçıları olan AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB üzvü Əmrah Cabbarov və çoxlu jurnalist (?!) hökumət dəstəyi ilə Daşaltı kəndində oldular. Doğrusu mövzu kimi möhtəşəm olan iki Tarixi anın və iki məqamın-məğlubiyyətlə zəfərin görüşünü gözlərkən yenə ilkin informasiyalarda «jurnalist klipi» ilə üzləşdik. Bu milli məfkurəmizdə silinməz izləri olan iki məqamın psixoloji anlamını tamaşaçılara vermək əvəzinə, bir döyüşçü juralist olaraq, anladığım o oldu ki, sən demə, elə bu əməliyyatları, bu jurnalistlər və onların ekspertləri keçiriblərmiş. Daha bu cür bir informasiya üçün qışın günündə Şuşa rayonunun Daşaltı kəndinə getməkdənsə, elə bu görüntüləri burada effektlərlə tamaşaçıya sırımaq olardı.

Bu mənim bir tamaşaçı kimi iradlarımdır və hər halda bu səfəri təşkil edənlərin də gözləntiləri, heç də bu deyildi. Əfsuslar olsun ki, bizim televiziyalar göstərməkdənsə, ekranda «qəzetçiliklə» məşğul olurlar. Bir jurnalist haqqında məndən soruşanda dediyim bir fikir yadıma düşdü. Demişdim ki, o, televiziyada ortabab qəzetçi, qəzetdə isə ortabab televiziyaçıdır. Bu səfərdən xəbərdar olduğum üçün, bu cür möhtəşəm düşünülmüş bir tədbirə uyğun möhtəşəm faktlarla dolu süjetlər gözləyirdim. Yazıqlar olsun…

Verilən məlumatlar isə elə illərcə təkrarladığımız bu faktlardı : «Daşaltı kəndində 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanılan əməlyyat yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Qeyd edək ki, Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Tacəddin Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək, Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvarda Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər».

Bu gün qalib əsgərin əfsanəvi bir şəkildə azad etdiyi Daşaltı kəndində ermənilər o əməliyyat zamanı gəbərdilmiş ermənilərə abidə qoyub. Oradakı siyahıda rus adları da olduğu bildirilir. Lakin mən o abidənin açılışı haqda yazsam da düşmən itkiləri barədə tam məlumatı dəqiqləşdirə bilməmişəm. Çünki abidə üzərindəki adlar çətin oxunur.

Qəhrəman əsgərlərimizin o sıldırım qayalardan keçərək dastanlaşan və əfsanələşən bir sırası var. Müqəddəs Silaha, müqəddəs Bayrağa, müqəddəs Torpağa və bunları müqəddəsləşdirən şanlı Əsgərimizə salam olsun! Sizin dastanınızı yazacağıq! Öz qanını bu dağlara, daşlara və torpaqlara qataraq bizimki eləyən uca Şəhidlərimizə salam olsun!

Qəhrəman Azərbaycan əsgəri millətimiz adına atılan bir ləkəni öz qanıyla təmizlədi. Hər dəfə dünyanı heyrətə gətirən Şuşa əməliyyatı haqqında yadların dediklərini oxuyanda (nədənsə bizimkilərin hələ də deməyə dilləri gəlmir), yadıma Nazim Hikmətin «Günəşi içənlərin türküsü» düşür:

Merdivenlerimizin çengelini yıldızlara asarak,

ölülerimizin başlarına basarak

yükseliyoruz

güneşe doğru!

Ölenler

döğüşerek öldüler;

güneşe gömüldüler.

Vaktimiz yok onların matemini tutmaya!

Akın var

güneşe akın!

Güneşi zaaaptedeceğiz

güneşin zaptı yakın!

Var ol, əsgər! Daşaltı(n)dan başlanan bir məğlubiyyətimiz vardı, siz onu Daşaltı(n)dan çıxan Zəfərə çevidiniz…

ERMƏNİLƏRİN DAŞALTIDA GƏBƏRMİŞ SEPARATÇILARA QOYDUĞU ABİDƏ

Tarix: 26.01.2020-ci il. Bir il öncə ermənilər yazdığını olduğu kimi sizlərə təqdim edirəm: «Hər il yanvarın 26-da Daşaltı (Karintaq) kəndində 1992-ci ildə erməni xalqının Azərbaycan-türk «işğalçıları» üzərində qazandığı inanılmaz qələbələrdən birinin şərəfinə tədbirlər keçirilir.

26 yanvar 1992-ci ildə azərbaycanlılar kəndi Yuxarı Zarıslı istiqamətindən mühasirəyə aldılar. Şuşa uçurumu boyunca pulemyot qurdular və oradan bütün ərazini atəşə tutdular.

Əməliyyat birbaşa mayor Nurəddin Abdullayev tərəfindən və Azərbaycanın müdafiə naziri general-mayor Tacəddin Mehdiyev tərəfindən həyata keçirilirdi.

26 yanvarda azərbaycanlılar (250-300 nəfər) kəndə hücum etdilər.

Daşaltı, Şuşa şəhərindən 2,5 km aralıda, Daşaltı çayının sol sahilində, Qarabağın Şuşa bölgəsindəki bir kənddir. Qarabağ müharibəsindən əvvəl kənddə 701 sakin var idi və bu gün 667 nəfərdir.

Kənd, Xankəndin müdafiəsində mühüm rol oynayırdı. Bu səbəbdən də kəndə hücum Şuşaya gələn Azərbaycanın nizami batalyonuna həvalə edilmişdi.

Özünümüdafiə döyüşünün iştirakçısı Arsen Avanesyan deyir ki, kənd tamamilə mühasirəyə alınmışdı ​​və kəndi dağıtmaq üçün açıq bir qərar verilmişdi. 300-ə yaxın azərbaycanlıya qarşı, ərazini yaxşı tanıyan kəndin müdafiəçilərinin sayı 80 nəfər idi.

Döyüş zamanı 30-dan çox itki verərək, azərbaycanlılar geri çəkildilər. Birinci mövqedəki məğlubiyyəti görənlər ikinci və üçüncü mövqelərə hücumlarını gücləndirdilər. Təxminən otuz azərbaycanlı Aykin durduğu mövqedən kəndə girdi.

Bunu görən kəndlilər bunların Şoşi Aqo dəstəsi olduğunu düşünərək ilham aldılar. Nəticədə azərbaycanlılar heç bir müqavimət göstərmədən kəndə yaxınlaşaraq kəndlilərə qarşı ayrı-seçkiliksiz atəş açdılar.

Sonra azərbaycanlılar zirehli texnikanın müşayiəti ilə üçüncü mövqeyə daxil oldular, lakin zirehli maşın minaya düşüb partladı. Qonşu kəndlərin dəstələri düşmənin mühasirə zəncirini qıraraq kəndə yaxınlaşmağı bacardılar və bu hissə tədricən kəndlilərin nəzarətinə keçdi.

Şoş, Sığnaq, Avetaranots, Krasnı, Sznek, Karmirgyux və Aşot Bekor dəstələri Daşaltının köməyinə gəldilər.

Azərbaycanlılar geri çəkilməyə başladılar və axşam saat altı radələrində döyüş bitdi.

Özünümüdafiə iştirakçılarından biri, o zaman 16 yaşlı Yervand Abramyan xatırlayır ki, döyüş zamanı azərbaycanlılar müvəqqəti olaraq «Qaraj» adlı bir mövqeni tutmağı bacarmışdılar. Oranı yandırdılar və qələbələrini qeyd edərək onun ətrafında rəqs etdilər. Kəndin müdafiəçilərindən birinin qulağını kəsdilər, ürəyini çıxarıb rəqs etdilər.

Özünümüdafiəinin yaxşı təşkili sayəsində Azərbaycan tərəfi döyüş meydanında silah və 136 (?!) (illərlə araşdırmalarda bu rəqəmin artıq adlı siyahıda 90 olduğu məlumdur) cansız cəsəd qoyaraq geri çəkildi.

O vaxtdan 26 yanvar burada Döyüş günü kimi qeyd olunur.

26 yanvarda kənddə 22 nəfər öldürüldü, 17 nəfər yaralandı, 1988-1994-cü illərdə kəndin ümumi itkiləri 45 nəfər təşkil edir (Öldürülən ruslar burada da gizli saxlanılıb və hesaba alınmayıb).

Azərbaycanlılar buranı “Qanlı dərə” adlandırdılar. Çox vaxt Daşaltı kəndi uğrunda döyüşlər əzmkarlıq və qəhrəmanlıq baxımından Stalinqradın müdafiəsi ilə müqayisə edilir.»

SON: Tanrı Yurdumuzu və Ordumuzu qorusun!

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri