Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfərindən öncə Rusiya mediasında Türkiyə ilə bağlı verilişlərin sayı artmağa başlayıb.
Transqafqaz.com xəbər verir ki, Rusiya dövlət televiziya kanalı “Rossiya-1″də canlı yayımlanan verilişdə erməni ekspertlə rus alimi arasında qalmaqal yaşanıb.
Rusiyanın Türkiyəyə qarşı PKK terror təşkilatı ilə əməkdaşlıq etməsinin lazım olduğunu söyləyən erməni əsilli ekspert Semyon Baqdasarov rusiyalı akademik Oleq Matveyevdən sərt cavab alıb.
Türkiyə ilə Rusiya arasındakı münasibətləri pozmağa çalışan erməni təxribatçısını sərt şəkildə tənqid edən O.Matveyev “Türkiyə ilə müharibə yox, sülh olmalıdır” deyib.
S.Baqdasarov Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Suriya mövzusunu müzakirə edəcəyini söyləyib. O, Türkiyənin Suriyada Osmanlı imperiyasını və keçmiş sovet coğrafiyasını yenidən qurmağa çalışdığını iddia edib. Baqdasarov qeyd edib ki, Rusiya Soçi görüşündə İdlib kimi mövzularda güzəştə getməməlidir. Türkiyənin 2015-ci ildə rus döyüş təyyarəsini vurduğunu xatırladan erməni əsilli ekspert terror təşkilatı PKK ilə iş birliyinin qurulmasına ehtiyac olduğunu bildirib.
Oleq Matveyev Baqdasarovun dediklərinə sərt reaksiya göstərərək “Burada provokasiya ilə məşğulsunuz. Təxribatçı olmayın!” deyib.
O, sözünə belə davam edib:
“Rəcəb Tayyib Ərdoğanın Rusiyanı işğal etmək niyyəti yoxdur. O, Rusiyanın nə olduğunu çox yaxşı bilir. Biz Türkiyə ilə müharibə yox, sülh əldə etməliyik. Tarix boyu Qərb bizi müharibəyə təhrik edib. Bu gün buna ehtiyac yoxdur”.