Demokratik Dəyişim Platforması 19 oktyabrda baş verənlərlə bağlı bəyanat yayıb

21/10/19 9:21

Bəyanatda deyilir.

19 oktyabr 2019-cu il tarixdə Demokratik Qüvvələrin Milli Şurasının Bakı şəhərində keçirmək istədiyi mitinq polis qüvvələri tərəfindən adekvat olmayan gücdən və üsullardan istifadə edilməklə zorakılıqla dağıdılmışdır. Rəsmi qurumlar tərəfindən icazəsiz aksiya kimi qiymətləndirilən bu mitinqin təşkilatçılarına və iştirakçılarına qarşı xüsusi amansız davranış nümayiş etdirilimişdir. Çoxlu sayda insanlar zorakılığa və işgəncələrə məruz qalmış, təhqir edilmiş və məsuliyyətə cəlb olunmuşdur. Siyasi müxalifət və onun liderləri hüquqa, mənəviyyata və əxlaqa sığmayan təqib və təzyiqlərə məruz qalmışlar.
Demokratik Dəyişim Platforması hesab edir ki, hakimiyyətin mitinq iştirakçılarına qarşı bu cür zorakı davranışı yolverilməz və tamamilə qanunsuzdur. Ölkə qanunvericiliyinin, o cümlədən beynəlxalq standartların hər bir halda dövlətdən insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması halında zərurilik və adekvatlıq prinsiplərinə riayət etməsi tələbi kobud şəkildə pozulmuş, insanların həyat və sağlamlığına ciddi ziyan dəymişdir.
Ölkə vətəndaşlarına və siyasi müxalifətə qarşı bu cür zorakı davranış vətəndaşlarla hakimiyyət arasında münasibətlərin gərginləşməsinə, siyasi qüvvələr arasında qarşıdurmanın güclənməsinə və ölkədə qeyri-sabitliyə xidmət edir. Münasibətlərin zor müstəvisinə keçməsi və problemlərin zorla həll edilməsinə səy göstərilməsi heç bir halda ölkəmizin və xalqımızın maraqlarına uygun hesab edilə bilməz. Bu cür davranışlar ölkə vətəndaşlarının dövlətə etimadını zədələməklə bərabər onun beynəlxalq imicinə də əhəmiyyətli şəkildə ziyan vurur. Nəticə etibarilə Qarabağı işğalçılardan almaq, müasir sivil dövlətlərlə bir sırada durmaq kimi hədəf məqsədlərimizə çatmaq imkanlarımız zəifləyir.
Demokratik Dəyişim Platforması xalqımızın maraqları naminə tərəflərin qarşıdurmadan çəkinməsini, münasibətlərin hüquq müstəvisində və dialoq mühitində davam etdirilməsini zəruri hesab edir. Cəmiyyətdə gərginliyin azaldılması, hüquqazidd davranışların təkrarlanmasına yol verilməməsi və münasibətlərin hüquq müstəvisində davam etdirilməsi üçün zorakı davranışın təqsirkarları müəyyən edilməli və mütləq şəkildə məsuliyyətə cəlb edilməlidirlər.
Demokratik Dəyişim Platforması hesab edir ki, problemlərin fundamental həlli ölkədə konstitusion islahatların aparılmasından və demokratik seçkilərdən keçir. 2020-ci ildə keçiriləcək parlament seçkiləri demokratiyaya keçid üçün yaxşı fürsət ola bilər. Bu fürsəti qaçırmamaq üçün bütün siyasi qüvvələr siyasi məsuliyyətlərini dərk etməli və bu yolda bütün səylərini birləşdirməlidirlər.

Transqafqaz.com

Toğrul Lətifzadə