Azərbaycanda deputatlığa namizədlərin irəli sürülməsi prosesinə start verilib
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu gündən passiv səsvermə hüququna malik vətəndaşlar öz təşəbbüsü ilə seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlər irəli sürməyə başlaya bilərlər.
Seçki Məcəlləsinin 8.1-ci, 146.1-ci və 146.4-cü maddələrinə əsasən seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc edildikdən sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsü ilə seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar , siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizəd irəli sürməyə başlaya bilər.
Seçki Məcəlləsinin 53.6 və 54.9-cu maddələrinə uyğun olaraq, namizədin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən etibarən dairə seçki komissiyaları namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və ya siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələrinə imza vərəqələri verirlər.
Seçki Məcəlləsinin 56, 57 və 147-ci maddələrinə əsasən, deputatlığa namizədin irəli sürülməsi haqqında dairə seçki komissiyası qərarından sonra 18 yaşına çatmış və aktiv səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçicilərin imzalarının toplanmasına başlayır.
Qeyd edək ki, prezident İlham Əliyev iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.