DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

10/09/21 4:48

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

(Əvvəli: https://fedai.az/?p=47533, https://fedai.az/?p=47533, https://fedai.az/?p=47611, https://fedai.az/?p=47692, https://fedai.az/?p=47800)

Əmir Teymurun Əhli-Beyt sevgisi, Peyğəmbər (s.ə.s) övladlarına rəğbətinin sonsuz olması onlarla tarixi əsərdə əks olunub. Əmir Teymur Hələbdə Qazı Aləmuddin Əl-Kufsidən soruşdu: “Həzrəti Əli, Müaviyyə və Yezid haqqında nə düşünürsən?” Qazı cavab verdi: “Hər üçü müctəhiddir.” Bu cavabdan Əmir acıqlanıb dedi: “Haqlı olan Əlidir, Müaviyyə zalimdir, Yezid isə canidir. Siz hələblilər Hüseynin qətlində şamlılar qədər günahkarsınız.” Çoxları, xüsusən sünni qardaşlarımız Əhli-Beytə Əmir Teymurun bu böyük ehtiram və sevgisini oxuyarkən onun şiə olmasını soruşarlar. Əmir Teymur nə sünni, nə də şiə idi. O, əsil müsəlman idi. Allahın qarşısında dayana biləcək qədər kamil və pak bir İslam övladıydı.

Burada Əhli-sünnə olan Əmir Teymurun hər yüz ildən bir Allahın İslamı yaymaq üçün göndərilmiş şəxslərin olmasını əsaslandırdığı (bu şəxslərin əksərən türklər olduğunu görürük) bir fikri nəzərinizə çatdırıram: “Yeddinci yüz ilin başında (hicri tarixilə – müəl.) Olcaytu Sultan ibn Ərğun xan (ləqəbi Sultan Məhəmməd Xudabəndə, Çingiz xan nəslindən olan Azərbaycan Elxanilər dövlətinin hökmdarı, Hülakü xanın oğlu – müəl.) məlum olan ildə (1305-ci il – müəl.) böyük qardaşı Qazan xandan sonra səltənətin taxtında əyləşdi. Bir gün onun qulağına xəbər çatdı ki, Məhəmmədin (s.ə.s) dini o qədər gücdən düşüb ki, müsəlmanlar namaz üstündə təşəhhüddən sonra Məhəmmədin (s.ə.s) və övladlarının adına salavat çevirmirlər. Bu söhbətdən agah olan kimi yerindən qalxıb Sultaniyyə (Cənubi Azərbaycanda şəhər – müəl.) cümə məscidinə getdi və İslam alimlərinin oraya toplaşmasını buyurdu. Sonra Sultan onlardan soruşdu: “Namaz üstündə Məhəmmədin (s.ə.s) və törəmələrinin adına salavat çevirməyin nə kimi fəzilətləri var?” Onlar bir ağızdan “Allah-Təalanın hökmünə görə namaz üstündə Məhəmmədin (s.ə.s) və onun törəmələrinin adına salavat çevirmək gərəkdir” – deyə cavab verdilər. Bu vaxt bir dəstə üləma: “İmam Şafii (sünnilər arasında təriqət başçısı – müəl.) demişdir ki, Məhəmməd və övladlarının adına salavat çevirmədən qılınan namaz batil hesab olunur” – öz fikrini bildirdi. Başqa bir dəstə üləma, İmam Əzəm (Əbu Hənifə Noman ibn Sabit–sünni hənəfi təriqətinin başçısı – müəl.) demişdir ki, Məhəmmədin və övladlarının adına salavat çevrilməyən namaz haramdır.”

Belə olan halda Sultan üləmalardan soruşdu: “O biri peyğəmbərlərin adlarına salavat çevirəndə nə üçün onların övladlarının, törəmələrinin adlarını yad eləmirlər? Hatəmül Ənbiya olan peyğəmbərlərimizə salavat çevirəndə isə “peyğəmbər övladı” kəlməsini də qoşurlar?”

Cəmi üləma bu suala cavab verməyə aciz qaldı, onlar fikrə getdilər. Belə olduqda Sultan söylədi: “Bu suala cavab verəndə ürəyimə iki şey gəlir: birincisi budur ki, düşmənlər peyğəmbərimiz Məhəmmədi (s.ə.s) oğulsuz hesab eləyirlər. Onların fikrincə, Tanrı-Təala Məhəmmədə (s.ə.s) sonsuzluğu layiq görüb. Onu deyənlərin bu dünyadakı nəsli kəsilib. Qalan olubsa da adı-sanı çıxmayıb, onları bir adam tanımayıb. Əslində Peyğəmbərimizin (s.ə.s) züriyyətlərinin sayı o qədər çox olub ki, onların hesabını Allahdan başqa kimsə bilməz. Peyğəmbərimizin (s.ə.s) adına salavat çevirəndən sonra onun övladlarına da xoşluq diləmək gərəkdir. İkinci budur ki, keçmiş peyğəmbərlərdən hamısının dinləri, gördüyü işlər ya yox edilərdi, ya da dəyişdirilərdi. Onların dinlərinin ehkamları əbədi deyildi. İslam dini isə dəyişdirilməkdən azaddır, qiyamət gününədək bir qaydada saxlanılar. Belə olduğuna görə peyğəmbərin ümmətləri salavat çevirib onun adını zikr eləyən zaman onun övladlarını da yada gətirməlidirlər. Məhəmməd (s.ə.s) ümmətlərinə məlum olsun, Məhəmməd (s.ə.s) dininin hamiləri, Quranın və hədislərin mənalarını şərh eləyən adamlar, şəriət elminin ləyaqəti hafizləri ənbiyalardan və mürsəllərdən qalan elmin varisləridir.”

Sultan bu sözləri söylədikdən sonra üləmalar və camaat arasından bir uğultu keçdi. Məhəmmədin (s.ə.s) və övladlarının adına salavat çevirdilər. Bu zaman sultan belə söylədi: “Məhəmmədin övladlarından birincisi – Həzrəti Əli (ə), sonuncusu Məhəmməd Mehdi (ə) Axır-əz-zamandır. Əgər belədirsə, Peyğəmbərimizin (s.ə.s) övladlarının izni və rüsxəti olmadan onun mülkünə əl vurmamalıyıq ki, əl vurmuş olsaq talançılıq etmiş olarıq”. Bu sözlər sultanın ağzından çıxdıqdan sonra cəmi üləma namaza əyləşdi. Namazdan sonra sultan əmr etdi: “Həqiqət belədirsə, Əhli-Beytin adına xütbə oxumaq, üzərində onların adları həkk olunmuş sikkələr buraxmaq gərəkdir”.

İşi belə görən, Sultanın sözlərini eşidən üləma onun fikrini təsdiqlədi (Öncə bildirdiyim kimi Sultan Olcaytuya qədər Müaviyyə Əbu Süfyana salavat çəkilirdi. O biyabırçılığa bu görüşdə son qoyuldu – müəl.). Allaha iman gətirdilər və “Olcaytu Sultan dinə, şəriətə rəvac verəndir” məzmunlu fətva yaydılar” (“Əmir Teymurun vəsiyyətləri” Bakı. 1991 səh. 55-56).

Maraqlıdır ki, istər tarixi mənbələrdə, istərsə də bu gün bu yanlışlar üzrə Türkün böyük zatları daim hədəfdə olublar. Fateh Çingiz Xan — monqol adlandırılmaqla yanaşı kafir, qaniçən, Əmir Teymur — əzazil, çox saylı qətllər törədən sərkərdə, Hallacı Mənsur -Allaha qarşı çıxan kafir, Babək- kafir, üsyançı, islam əleyhidarı, Hasan Sabbah — terrorçu, xaşxaşi və s., Nəimi və Nəsimi — pozuculuqla məşğul olan kafir, Hülakü Xan — kafir, qan içən, xəlifəni rəqqasə kimi rəqs etdirən və s. şəxsiyyətlərimizi bizlərə təqdim edən böyük bir yalan ortadadır və kimsə bu yalanı ortadan qaldırmağa çalışmır. Uydurulmuş bu yalanları təsdiq edərək daha çox yayılmasına «ayı xidməti» göstərirlər. Bu bizim sadəlövhlüyümüz deyil, sadəcə nadanlığımızla bağlıdır. Vallahi və billahi belədir.

Qeyd: Kitabın bir çox bölümərində Nizamül-Mülkü türk düşməni, Hasan Sabbahı isə türk olaraq təqdim etməyin bir çox özündən müştəbeh tarix fakültəsini bitirmiş «alimin» xoşuna gəlmədi. Mənbə istədilər. Gah Sabbahı «xaşxaşi», gah da «terrorçu» adlandırdılar. Amma ortaya br dənə də olsun fakt qoya bilmədilər. Nizamül-Mülkə gəlincə isə kitabda onun bir fars milliyətçisi olmasını faktlarla sübuta yetirsəm də o fikirləri şübhə altına alıb o şərəfsiz türk düşmənini dövlət xadimi kimi təqdim etməyə çalışdılar.

Məhz Hasan Sabbahın məktubundan və çox saylı müraciətlərdən sonra Nizamül-Mülkün oğlanlarının və nəvələrinin harınlığı səbəbindən Padşah Məlikşahla Nizamülmülkün araları soyuyur və ona belə bir məktub yazır: “Sən mənim dövlətimi və məmləkətimi istila edərək övladlarına və kürəkənlərinə peşkəş etmisən. Bunlar mənim adamlarıma hörmət etmirlər, xalqa zülüm edirlər və sən bunları cəzalandırmırsan. İstəyirsənmi, vəzirlik möhürünü əlindən, sarığını başından alım və xalqı sizin zülmünüzdən qurtarım?”

Nizamül -Mülk isə Sultan Məlikşaha təhdid kimi belə bir cavab yazması barədə məlumatları təqdim etmişəm: “Dövlətə şərik olduğumuzu hələ bilmirsənmi? Bu vəzirlik möhürü və sarığı başındakı tacınla o qədər əlaqəlidir ki, möhürü aldıqdan sonra tac da başında qalmaz, gedər.”

Danışılan bəhsi daha dərindən anlamanız üşün digər bir mənbəyə əsaslanan Hasan Sabbahın məktubunu diqqətinizə çatdırıram.

Sultan Məlikşahın Hasan Sabbaha məktubu

Basmillahi rəhmani rəhim!

«Hasan Sabbah, bilməlisən ki, eşitdiyimizə görə (sem-i humayunumuza vasil olduğu vəch ilə) yeni bir din və millət yaratmısan və insanları aldadırsan. Zamanın sultanına üsyan etmək niyyətindəsiniz və cahil dağlıları başınıza toplayırsınız və sizə bağlı olanlar yumşaq desək şirin sözlərlə aldadıb istədiyiniz hər şeyi bıçaqlatmağa hazırlayırsınız. Məlik və millətin gücü, dinin və dövlətin nizamı ilə dayanan müsəlmanların xəlifəsini təhqir edirsiniz. Bu səhvləri tərk edərək müsəlman olmalısan. Əks təqdirdə, üzərinə böyük bir ordu göndərilməsi gözlənilir. Cavab verməyə çalışmayın, özünüzü və sizin ətrafınızdakıların canına acıyın! Əlinizdəki qalanın ələkeçməz olması ilə fəxr etməyin! Həqiqətən də bil ki, əlindəki Ələmut qalasının qalaları göyün dirəkləri kimi olsa da, Allahın köməyi ilə onları məhv edəcəyəm! «.

Hasan Sabbahın Məlikşaha cavabı

Həsən Sabbah Məlikşahın məktubuna cavab olaraq yazıb: «Ədalət və xalqın rifahı üçün çalışan Sultan Cihangirin hakimiyyəti uzun olsun!

Ziyaəddin Hakan adlı səfir buraya gələrək sultanın bu fərmanını bizə çatdıranda, sultanın bu fərmanına böyük hörmətlə yanaşdım. Və Sultan bu zavallı xidmətçini xatırladığı üçün qürurdan başım göylərə ucaldı.

İndi öz vəziyyətim və inanclarım haqqında bir az danışmaq istəyirəm. Ümid edirəm ki, sultanın qapısında qul olan bu adamı dinləyəcəklər və düşmənlərimlə, dövlət adamlarıyla və xüsusilə Nizamül-Mülk kimi insanlarla məsləhətləşməyəcəklər.

Özümü ifadə etmək imkanım varsa, bundan sonra sultanın qərarına əməl etməyim vacibdir. Bu şəkildə formalaşacaq inanclarınıza və qərarlarınıza əməl etməsəm, İslamdan döndüyümü və Allaha və haqq peyğəmbərinə üsyan etdiyimi düşünün! Ancaq sultan mənim haqqımda düşmənlərimin (Nizamül-Mülk-X.Ə.) sözlərinə əsaslanaraq qərar verərsə, öz gələcəyimi düşünərək hərəkət etməliyəm. Çünki güclü düşmənlər haqqı yanlış, səhvləri doğru göstərə bilərlər. Əslində bu vəziyyət mənim üçün məqbul bir vəziyyət olaraq göz qabağındadır. Bəlkə mənim padşahım bilmirdi, onlara bu qulluqçunun vəziyyətindən danışım: Atam, İmam Şafii məzhəbinə bağlı olan bir müsəlman idi. Dörd yaşım olanda məni məktəbə göndərdi və təhsilimlə məşğul oldu. On dörd yaşıma qədər müxtəlif elm sahələrində, xüsusən də Quran və hədislərdə bacarıqlı oldum [İbn-i Esir, c. X, s. 131— Türkcə yayında Hasan Sabbahın həndəsə, hesab, nücum, sehr və b. elmlərə sahib olduğu deyilir.].

Sonra dini şövqə qapıldım. İmam Şafiinin kitablarında, peyğəmbər övladlarının (nəvələrinin) fəziləti və imaməti (xilafət) haqqında çoxlu rəvayətlər tapdım. Həmişə yaşadıqları dövrün imamını axtarırdım, çünki düşüncə tərzində onların imamətinə meyl edirdim.

Birtəhər dünya işləri ilə məşğul olmağa başladığımda və insanların nəzərində vacib sayılan işlərin arxasınca gedərkən dini məqsədlərimi unutdum və dünya işlərinə başımı qarışdıqdan sonra qəlbimi tamamilə unutdum. Özümü məxluqatın xidmətinə bağlayaraq Yaradana xidmətdən əl çəkdim. Allah -Təala bu işimə görə mənə çoxlu düşmənlərin əliylə vuraraq məni bu cür işlərdən uzaq durmağa məcbur etdi. Şəhərləri və çölləri gəzdim, dolaşdım. Hər cür çətinlik və sıxıntılarla qarşılaşdım. Düşünürəm ki, Nizamül-Mülklə aramızda keçən vəziyyəti bilirsiniz. Uca Allah məni o bəladan xilas etdi və nəhayət başa düşdüm ki, bütün bunlar məxluqa xidmət edərək Yaradanın xidmətindən ayrılmağın nəticəsidir. Buna görə də dini xidmət və axirət işləri üçün bütün gücümlə yenidən hərəkətə keçdim. Bu səbəbdən Reydən Bağdada getdim və bir müddət orada qaldım, ümumi vəziyyəti, xəlifələrin və din alimlərinin vəziyyətini öyrəndim və hadisələrin daxili tərəfini öyrənməyə çalışdım. Gördüm ki, Abbasi xəlifələri əxlaqi fəzilətlərdən (muruvvə, futüvva) və İslamdan uzaqdırlar.

Düşündüm ki, imamət və xilafətə görə formalaşan küfr və bidət İslamdan və təqvadan daha yaxşıdır. Bağdaddan Misirə getdim, əsl xəlifə və həqiqi imam oradaydı. Araşdırdım və onların vəziyyətini müşahidə etdim. Nəticədə onları Abbasilərdən daha çox xilafətə və imamətə layiq gördüm. Fatimilərə bağlı olaraq Abbasilərin xilafətindən tamamilə üz döndərdim. Abbasi xəlifələri məni yolda tutmaq üçün arxamca adamlar göndərmişdilər. Allah məni onlardan xilas etdi və sağ -salamat Misirə çatdım. Bundan sonra həbs olunmağım üçün Misir əsgərlərinin komandiri Əmir-ül-Cüyüşə üç qatır qızıl və s. verildi. Pul göndərdilər. Əsl xəlifə və həqiqi imam Mustansir Billahın köməyi ilə bu problemdən qurtuldum. Lakin Abbasi xəlifəsi ordu komandirini (Əmir-ül-Cüyüşü) mənə qarşı qızışdırdığı üçün məni frəngləri dinə dəvət üçün irəli sürdü. Bu vəziyyəti imam eşidəndə məni öz himayəsinə götürdü və fərman verdi. Müsəlmanları bildiyim və bacardığım qədər istiqamətləndirməyimi, onlara Misir xəlifələrinin imaməti və onların əsl vəziyyəti barədə məlumat verməyi tapşırdı. Sultan Məlikşah «etîu’l-lahe va etîu’r-rasul va ulu’l-amri minküm» (Ey iman gətirənlər! Allaha və Onun Elçisinə və aranızda səlahiyyət sahibi olanlara itaət edin. Nisa surəsi, 4/59 ayə) Quran ayəsindən bir az pay alsa, sözümü mütləq nəzərə alacaq və Sultan Qazi Mahmud Sebüktegin (Zərər görmüş türk sərkərdə — X.Ə.) kimi müsəlmanlara qarşı etdikləri pisliyi ortadan qaldıracaq. Əks təqdirdə, başqasının bu işi görəcəyi və bu mükafatı alacağı bir vaxt gələcək.

İndi isə digər iddialarınıza cavab verirəm:

  1. Yeni bir din və millət yaratdığım iddiası:

Mən Hasanam! Yeni bir din və millət yaratmaq nə üçün? Allah qorusun! Etiqad etdiyim din Səadət Əsrinin Səhabələrinin dinidir və bu, Qiyamətə qədər doğru yol olacaq. Deməli mənim dinim İslam dinidir: «Əşhədu ən-la ilahə illəllah və əşhədu ənna Muhamməddən rəsulullah».

 

Dünyaya və dünya işlərinə meylim yoxdur. Etdiyim əməllər və dediyim sözlər qəti olaraq haqq din üçündür. Mənim əqidəm belədir: Peyğəmbərin övladları (nəvələri) Əl-Abbasdan (hətta yaxşı kişilər olsa belə) atalarının xilafətinə daha çox layiqdirlər və daha müstahaqdırlar.

Sən Sultan Məlikşahsan!

Dünyanın şimalından cənuba əsgərlərinizlə üç dəfə yürüş edib aldığın bir ölkədə Kaverdin (Malikşahın əmisi) oğullarının bir gün sizi öldürüləcəyini, oğullarınızın harada tutulsa öldürüləcəyini rəva bilirsinizsə, o zaman Abbasilərin xilafəti də məqbuldur. Halbuki, Əl Abbas o qədər pis işlər görmüşdür ki, onların pis əməllərindən şəxsən şahidi olduğumu təsvir etməklə bitmir. Heç bir din və millət bunların etdiklərini, nə görməmiş və nə də görməyəcəkdir. Nə etdiklərini bilməyənlər onlara inana və xilafətini etibarlı bir xilafət olaraq qəbul edə bilərlər. Nə etdiklərini bilən biri olaraq onları necə xilafətə layiq edə bilərəm və xilafətini təsdiq edə bilərəm?

Sultan onların vəziyyətini bilə -bilə bu pislikləri aradan qaldırmaq üçün səy göstərməsə və onların şərlərini müsəlmanların üzərindən qaldırmasa, Qiyamət günü soruşulduqda nə cavab verəcəyini və necə xilas olacağını bilmirəm!

Yaşadığım müddətcə bu mənim dinim olub və bundan sonra da bu yola davam edəcəyəm. Mən bu inancı bir an belə inkar etməmişəm və heç vaxt da inkar etməyəcəyəm. Dörd Xəlifə və Ashere-i Mübəşşirə sevgisi qəlbimdədir və belə də qalacaq. Mən əvvəldən bu dindən başqa heç bir din icad etməmişəm. Mövcud olmayan yeni bir təriqəti yaratmadım. Mənim məzhəbim Allah Rəsulunun zamanında olan məzhəbdir və bu da Qiyamətə qədər doğru olacaq bir məzhəbdir.

  1. O ki qaldı mənim və ardıcıllarımın Abbasiləri təhqir etməsi;

Müsəlman olan, dindən və dəyanətdən xəbərdar olub da, onları ləkələməyən və ya pisləməyən varmı? Bunlar başlanğıcı və sonu yalana, həqiqəti gizlətməyə və Allaha qarşı üsyana söykənən insanlardır. Vəziyyətləri bütün dünya tərəfindən bilinsə də, mən öz xeyrimə bir sübut olaraq sultan həzrətlərinin yanında bunu ümumi şəkildə ifadə edəcəyəm: Əbu Müslim (İkinci zərər çəkmiş Türk sərkərdəsi — X.Ə.) kimi məşəqqətlər içində çalışaraq, Əməvilərin əlindən müsəlmanların mal və canlarını qurtaran, peyğəmbər xənadanı haqqında rəva gördükləri lənəti (özləri lənətə layiqdirlər) aradan qaldıran bir adamı məhv etdilər. Peyğəmbərin dünyadakı bütün övladlarını şəhid etdilər. Kənarda qalan peyğəmbər övladları onlardan qorunmaq üçün hökmranlıq hüquqlarından əl çəkməli oldular. Onların heç birinin şərab içmək, zina etmək və alçaqlıq etmək kimi bir iş gördüyü eşidilməmiş və görülməmişdir. Ancaq Abbasilərin ən savadlı və fəzilətli sayılan Harun Rəşidin şərab məclislərində bacısı Abbasə ilə birlikdə oturduğu və bu vəziyyətdə olmalarına görə dostlarının içəri girməsinə mane olmadığına dair şayiələr yayılır. Əslində Cəfər Bərməki Abbasə ilə yaxınlıq edib və qeyri — qanuni bir uşaq dünyaya gətirdi. Harun ər Rəşiddən uzaq tutulan bu uşağı, Harun Həccə gedərkən bu uşağı orada tapdı və Cəfər Bərməkini orada öldürdü. [İbn-i Esir Tarihi, c. VI, s. 69 ].

Yenə Əbu Hənifə kimi dinin ən möhkəm sütunlarından olan bu nəcib insana yüz qamçı zərbəsi vurdular. Hüseyn Mansur Hallac (Üçüncü böyük Türk övliyası — X.Ə.) kimi bir lideri asdılar. Hulefâ-yı Raşidîn dediyiniz, kivami mülk, nizam-i din, və dövlətin onlara görə güclü dediyin xilafətin halı budur. Onları qınayıram, utandırıram və ya qarşı qoyuram, mərhəmət et! Düz deyirəm ya yox?

  1. Dağların cahil insanlarını aldadıb bəzi insanları öldürməyə məcbur etməm iddiasına gəlincə:

Bəsirət açıq şəkildə bildirir ki, insan üçün öz canından daha dəyərli bir şey yoxdur və heç kim öz canına qıya bilməz. Mənim kimi iqtidarsız bir adam onu ​​bu işlərə necə vadar edə bilər?

Haqqımda eşitdiyiniz sözlər kimi, sizin haqqınızda da bəzi iddiaları da mən eşidirəm:

Xorasanda Sultan və Nizâmü’l-Mülkün adamları və məmurları insanlara çox zülm edir, müsəlman abidlərin və zahidlərin ailələrinə əl uzadır, kişilərin arvadlarını əlindən alır, dövlətin idarə olunmasında ədalət müşahidə olunmur və insanların dövlət idarəçilərinə şikayətlərə baxılmır. Üstəlik, ədalət istəyənlər daha böyük bəlalarla üzləşirlər!

Eyni zamanda böyük güclərə malik olan Nizamül-Mülk, heç bir sultanın heç vaxt sahib ola bilməyəcəyi Ebu Nasr Kenderi (4-cü Türk, Səlcuqların türk vəziri- X.Ə.) kimi dəyərli bir vəziri öldürdü. Bu gün zalımlarla və xalqın ən aşağı təbəqələri ilə müttəfiqdir. Çünki Xoca Əbu Nəsrin dövründə on dirhəm vergi yığılırdı və hamısı xəzinəyə daxil olardı. İndi əlli dirhəm vergiyə cəlb olunur, amma beş dirhəm belə xəzinəyə daxil olmur. Kiçik bir hissəsini ətrafındakılara verir, qalan hissəsini isə oğlanlarına, qızlarına və kürəkənlərinə xərcləyir. Müxtəlif yerlərdə keramika və palçığa (tikinti üçün) xərclədiyi pullar da hər kəsə məlumdur. Xoca Əbu Nəsr nə vaxt oğlu və qızı üçün bir dinar xərclədi? Palçığa və oduna nə vaxt pul xərcləyib (tikinti)? Bu vəziyyətdə və bu şərtlər altında heç bir şəkildə xalq üçün qurtuluş ümidi yoxdur. Belə olan halda, bəzi insanların depressiyaya düşüb canlarından keçmələri, yoxsa bir — iki təqibçinin zülm və haqsızlıqlarını aradan qaldırmaları daha normaldır?

Vakt-i zaruret çu nüma nedgiriz / Dest-i bikerd ser şimşiri tiz [Sətri tərcümə: «Küncə sıxışdırılan və qaçmağa yer olmayanda / İnsan iti qılıncı əli ilə tutmaq məcburiyyətində qalır.»]

Hasan Sabbahın kimisə aldatması və belə şeylər etməsi mümkün deyil. Tanrının iradəsinə (takdîr-i İlâhî — Âsumânî) qarışmayacaq dünyada hansı iş var?

  1. «Bu cür hərəkətləri tərk edərsən, et, etməsən səni məhv edərəm.»

Sizin əmrinizə gəlincə: Sultanın fikirlərinə zidd hərəkət etməkdən Allaha sığınıram. Düşmənlərim güclü olduqları və məni tutmaq üçün hər cür cəhd göstərdikləri üçün vəziyyətimi sakitcə Sultana bildirmək üçün bu küncü (Əlamut qalası) ələ keçirdim və özümə sığınacaq yaratdım. Beləliklə, düşmənlərimlə razılaşdıqdan sonra sultanın hüzuruna getməyim mümkün olacaq və onun xidmətinə girmək mümkün olacaq. Beləliklə, bacardığım qədər sultana dünya və axirətdəki xoşbəxtlik yollarını göstərə bilərəm. Bundan başqa bir şey etməyə çalışsam və Sultanın əmrinə itaət etməsəm, oradakı insanlar mənə böhtan atır və mənim haqqımda ‘öz sultanına qarşı çıxır’, ‘etîʻullahe ve etîu’r-rasul və ulu’l-amri minküm’ , yəni; «Allaha, Onun Elçisinə və aranızdakı əmr sahiblərinə itaət edin!» (Nisa surəsi 4/59) haqqında heç nə bilmədiklərini söyləyirlər. Digər tərəfdən düşmənlərim Sultanın yanında dəyərlərini artırır və mənim haqqımda daha çox böhtanlar uydururlar. Din və dəvət mövzusundakı yaxşı işlərimi insanlar arasında pis göstərmək üçün bir bəhanə tapacaqlar və yaxşı nüfuzumu daha da pisləşdirəcəklər. Bu gün Nizamül-Mülk kimi güclü bir düşmənin olmasına baxmayaraq, sultanın Abbasilərə sədaqəti və onların ardınca gedə bilməməsi səbəbiylə sultanın xidmətinə girsəm və Nizamül-Mülkün məhv edildiyini zənn etsəm belə xəlifələrin məni sultandan istəyəcəklərinə şübhə yoxdur. Nəticə yəqin ki, heç də yaxşı olmayacaq. Çünki məni istəsələr və mən də onlara təhvil verilsəm, buna insani münasibət göstərilməyəcək. Mən onlara təslim edilməsəm, onların xilafətini qəbul edən cahillər, Sultan haqqında irəli -geri danışacaqlar.

Abbasilərin mənimlə döyüşləri və mənə qarşı nə qədər çalışdıqları Sultana məlumdur. Mən Misirə getdiyim zaman məndən sonra adamlar göndərdilər və Misirdə Əmir-ül-Cüyüşə (ordu komandanı) bol mal göndərərək məni məhv etmək üçün əllərindən gələni etdilər. Əsl xəlifə və imam-i mustekər Mustansir Billahın böyük köməyi olmasaydı, şübhəsiz ki, o təhlükəli vəziyyətdən çıxa bilməzdim və öldürüləcəkdim. Allahın lütfü ilə bu təhlükədən xilas oldum. İllərlə zəhmət və çətinliklərdən sonra nəhayət İraqa gələ bildim. Həmişə məni izləyirdilər. Bu gün burada Əlamut qalasına çatmışam. Ələvi xəlifələrin dəvətini yaymaq üçün Təbəristan, Fihistan və Cibalda bəzi qalalar əldə etdim. Bir çox dindarlar, Rəfiqlər, Şiələr və Ələvilər yanıma gəldilər. Abbasilər məndən qorxmağa başladılar. Sonra yuxarıda qeyd etdiyim kimi, əgər sultanın hüzuruna gəlsəm, nəticə heç də yaxşı olmayacaq, bəlkə də iki tərəf arasında müharibə başlayacaq.

  1. Gəlin bu qaya başı haqqındakı sözdən danışaq.

Sən deyirsən ki, Əlamut qalasının bürcləri göyün bürcləri olsa belə, onları yerə endirərəm. Burada yaşayanlar bu qalanın uzun müddət əllərindən çıxmayacağına tam inanırlar. Bu, Allahın köməyi ilə baş tutan bir durumdur. Mənə vacib və sünnət olan vəzifələri yerinə yetirirəm. Allahdan və Peyğəmbərdən sultanın və dövlət məmurlarının doğru yola gəlməsini diləyirəm. Uca Allahdan onlara doğru din bəxş etməsini və Abbasilərin pisliklərini və fitnələrini xalqın arasından çıxarmasını diləyirəm. Sultana din və dünya xoşbəxtliyi veriləcəksə, Sultan Məhəmməd Qazinin onları dəf etməsi və şər işlərini ortadan qaldırmaq üçün qiyam etdiyi, Tirmizdən Seyyid Alaül-Mülk Xüdavendzadəni xəlifə taxtına oturtmaq üçün gətirdiyi kimi Sultan da bu işə girişir və bu böyük iş onun əliylə həyata keçirilir.

Beləliklə, Allahın bəndələri pisliklərindən xilas olarlar. Əks təqdirdə, ədalətli bir sultanın hərəkətə keçəcəyi və bunu edəcəyi və müsəlmanların zülmündən xilas olacağı bir zaman gələcək. Ve’s-salamu ‘ala men ittebea’l-huda.» («Doğru yolda olanlara salam olsun!» Taha surəsi, 20/47).

Mənbələr: Mehmet Şerefeddin Yaltkayanın Fatimilər və Həsən Sabbah adlı məqaləsinin sadələşdirilmiş variantı

Dos. Dr. Adnan Adıgüzel-Noyabr 2014 E-Oriental Science Research Journal -Www.E-Sarkiyat.Com- Issn: 1308-9633 Sayı: XII

Bu mövqeləri oxuyub bilmədən «Türkçülükdə Səlcuqlu xəstəliyi» əsərini anlamaq çətin olar.

Ardı var