«Maliyyə sabotajı açıq-aşkar dövləti vətəndaşlarla üz-üzə qoymaq deməkdir»
Zahid Oruc: «Sanki Eldar Mahmudovun nazirliyi ləğv ediləndən sonra müxtəlif qüvvələr hakimiyyəti xalqla üz-üzə qoymağa çalışırlar»
Millət vəkili Zahid Oruc “Qafqazinfo”ya müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. Xəzərdə baş verən son faciəyə barədə fikirlərini bölüşən Z.Oruc vurğulayıb ki, qəzanın səbəblərini tam araşdırmaq lazımdır. Orada idarəetmə, nəzarət, hesabatlılıq, şəffaflıq, təhlükəsizlik qaydalarının tətbiqi necə olub, hər biri araşdırılmalıdır.Z.Orucun fikrincə, baş verən olayda təxribat və ya diversiyalar da istisna edilməməlidir: «Xəzərin udduğu canları yalnız küləyin və təbiətin günahı, yoxsa insanlara bağlı olduğunu müyyənləşdirib bir daha belə faciələrin təkrarlanmasına yol verilməməlidir».
Ölkədəki mövcud sosial-iqtisadi vəziyyət barədə də Z.Orucun maraqlı fikirləri olub. Z.Oruc hesab edir ki, dollar ajiotajı, manatın dəyərdən düşməsi hamının həyatına təsir edir: «Bir çox həmkarlarımın çıxışlarında bank sektorunda sabitliyin təmin olunması üçün manatın məzənnəsinin kəskin düşməsində müxtəlif qurumların məsuliyyəti qabardılmışdı və açığı sistemli şəkil alan təxribatların da burada rol oynadığını istisna etmək olmaz. Beynəlxalq Bankın yeni rəhbərliyinin və digər bankların yaranmış şəraitdə möhtəkirliyə əl atması və “qara bazar” yolu ilə vergisiz, nəzarətdən kənar əməliyyatlara baş vurması isə gerçəkdən böyük cinayət əməlləridir. Maliyyə sabotajı açıq-aşkar dövləti vətəndaşlarla üz-üzə qoymaq deməkdir… Son dövrlər iqtisadi bloku təmsil edən qurumlar arasında qeyd etdiyiniz məsələlərə baxışda vahid mövqenin olmaması valyuta böhranına gətirib çıxarıb. Əgər qeyri-neft iqtisadiyyatının formalaşdırılmasından danışırıqsa, bunun birinci şərti milli valyutanın sabitliyini təmin etməkdir. Çünki manat təkcə iqtisadi deyil ,həm də uzun on illər siyasi sabitliyin simvoluna çevrilib. Əslində, indiki valyuta qıtlığının köklü əsası yoxdur. Ölkənin maliyyə rezervinin ümumi məbləğindən çıxış etsək, həmçinin beynəlxalq investor kimi çıxış edərək Serbiyadan Yunanıstana qədər geniş bir coğrafiyada əlverişli bazarlar axtarışımız fonunda hökumət xalqın sərəncamında olan manat kütləsinin qorunması üçün bazara yetərli siqnallar verməyi bacarmalıdır. Lakin elə mənzərə yaranır ki, büdcə ehtiyatları açıq dövriyyədəki bəlli miqdardakı 7-8 milyardlıq manatın təhlükəsizliyi üçün rol oynaya bilmir. Sadə dillə desəm, əhalinin büdcəsi dövlətin rezervlərindən 5 dəfə kiçikdir. Onda ajiotajın səbəbi nədir? Hər halda gizli manat istehsalı baş vermir. Mərkəzi Bankın manata təzyiqlərə qarşı tədbirləri yetərli deyil. Sanki milyardlarla vəsait xərclənir, ancaq onu bankların satışında görmürük, üstəlik ,hərraclar keçirilir və yenə də hansı məbləğlərin banklara çatdığı bilinmir. Belə olan yerdə qara bazar yaranmasın, nə etsin? İnzibati yollarla vətəndaşın tələbatının qarşısını ala bilməzsən. Deməli, ortada xeyli şübhəli məqamlar var».
“Bu o deməkdir ki, sən dövlətə meydan oxuyursan”
E.Mahmudovla bağlı baş verənlərə də toxunan Z.Oruc qeyd edib ki, xüsusilə Çovdarovla bağlı ortaya çıxan faktlar Azərbaycanın təhlükəsizlik orqanları tarixində böyük ləkədir. Dünya tarixində elə mütəşəkkil çekist cinayətkar şəbəkəsi olmayıb: « Mənim aləmimdə ölkədə müəyyən qədər iqtisadi, siyasi, sosial təxribatlar baş verir. Sanki Eldar Mahmudovun nazirliyi ləğv ediləndən və mahmudovçuluq ifşa ediləndən sonra müxtəlif qüvvələr öz üzərlərinə gələn təhlükəni hiss edirlər və problemi sosial-iqtisadi müstəviyə daşıyıb hakimiyyətin cəzasından qaçır, onu xalqla üz-üzə qoyaraq diversiya yolu ilə toxunulmazlıqlarını təmin edirlər. Elə bilin dövlətdəki böyük idarəetmə islahatlarını ləngitməyə qalxan və yaxud ona müqavimət göstərən qüvvələrin itaətsizliyi ilə üzə-üzə qalmışıq. Beriyanı NKVD sisteminin cəza aparatının banisi kimi uzun illərdi pisləyirlər. Ancaq o vaxt belə bu miqyasda yağmalama və tamahkarlıq olmayıb. Mahmudovun rəhbərliyi altında və o genarallar bandasının həyata keçirdiyi əməllər özünün azğınlığı ilə tarix boyu fərqlənəcək. Rejissorlar üçün faciə dramalarının ssenarisinə uyğun gələn əməlləri heç bir halda başqa strukturlarda gözləməyin…Təhlükəsizlik strukturları özünün mahiyyətinə görə, həddindən artıq şəbəkəlidir. Beynəlxalq sistemdə onların böyük əlaqələri qurulub. Ona görə dəqiq təyin etmək olmur ki, kəşfiyyat sızmalarında hansı tərəfin marağı nədən ibarətdir. Çox mümkündür ki, Azərbaycan təhlükəsizlik orqanlarında keçmiş diletantlara görə beynəlxalq xəfiyyə sistemlərinin müxtəlif planları içərimizə yeridilib. Azərbaycanda o miqyasda olmasa da, prokurorluqda böyük bir cinayət dosyesi açılıb və istintaq davam edir. Özünü 21-ci əsrin İsası elan edən yağmur gözlü adamın hansı imperiya maraqları üçün piramidal bir monastra rəhbərlik etdiyi üzə çıxdıqca insanlarımız dünyanı sarmış kəşfiyyat sistemlərinin necə qorxunc olduğunu yaxşı başa düşürlər. Hər bir dövlət təmsilçisinin, hökumət nümayəndəsinin özəl həyatını ələ keçirirsənsə, onu şantaj qarşısında qoyursansa, bu o deməkdir ki, sən dövlətə meydan oxuyursan. Bir addım qalıb ki, özünü real qüvvə elan edəsən».
Pul alınıb ötürülməsi proseslərində Mahmudovun adının çəkilməməsi səbəbilə bağlı suala isə Z.Orucun cavabı belə olub: «Həmin struktur öz mahiyyətinə görə elədir ki, bəzən müxtəlif şəxslər bir-birini görmürlər. Hansısa informasiyanı, təhlili, hesabatı yuxarı orqana ötürürlər. Belə olan təqdirdə 10 il ərzində həmin şəxsin qərar vermədən yalnız bir neçə genaralın dediyiniz miqyasda cinayətləri həyata keçirməsi qeyri-mümkündür. İkincisi, çox mümkündür ki, onlar cəmiyyətdən gələn basqıları hiss edirlər. Yaxşı bilirlər ki, özləri, doğmaları, şəcərələri, xalqın mühakiməsində olacaqlar. Guya məğrurluq nümayiş etdirmək tendensiyası var. Tarixə baxın, o cür generallar gülləni birinci özlərinə sıxıblar. Sübuta yetirilib ki, həmin ulduzları nahaqdan alıblar. Birinci mərtəbədə rəqəm oxunub, ikinci mərtəbədə tabe olmayanda işgəncəyə məruz qalıblar, ram edə bilməyəndə də məhkəməyə göndəriblər. Ancaq Eldar Mahmudov sıradan bir insan deyil. Nəzərə alın ki, o informasiya daşıyıcısıdır, kifayət qədər dövlət sirrlərinə malikdir, həmçinin Beynəlxalq Bankla yaxın qohumluq əlaqələri olub. Söhbət milyardlarla dollar vəsaitin xaricə çıxarılmasından gedir. Dövlət və hökumət olaraq bu cinayətlər bizə nə qədər zərbə gətirirsə, o biri yandan vəsaitlər ölkənin büdcəsindən gedir. Bu gün Azərbaycanın nə qədər o vəsaitə ehtiyacı var. Belələrinin sayəsində iqtisadi dayanıqlığımıza böyük zərbə dəyib. Mahmudovun siyasi edamı cəmiyyətdə baş verib. Yəqin ki, dövlətin bildiyi daha strateji məsələlər var və o da cəzasını alacaq».
«Hökumət mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdır»
Strateji yol xəritəsində əksini tapan addımlarla bağlı da Z.Orucun fikirləri maraq doğurur: «Ən pisi odur ki, hazırkı dövrdə hökumətin müvafiq qurumları bununla bağlı real məsələləri açıqlamadığından məsələ tapmacaya, ekstrasensliyə çevrilib. İnsanlar ən son manatını da dollara çevirir və cəmiyyətdə bir artım gözləntisinin iştirakçısına dönür. Hökumət mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalıdır. Əks halda, ekspertlər tərəfindən bu cür şərhlər alacaqsınız».
İlham İsmayıl: «Manatın məzənnəsi daxildə hansısa qüvvələrin fəaliyyəti nəticəsində aşağı düşürsə, bu faktiki olaraq vətənə xəyanətdir»
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Z.Orucun E.Mahmudovla bağlı söylədiyi fikirlər reallıqla o qədər də səsləşmir: «Eldar Mahmudovun ölkədə təxribat törətmək gücü inandırıcı deyil. Eldar Mahmudov hakimiyyətə gəlmək barədə düşünmür, o sadəcə olaraq təhlükəsizliyini təmin etmək barədə düşünə bilər».
Manatın məzənnəsinə hansısa qüvvələrin təsir göstərməsiylə bağlı fikirlərə gəlincə isə, İ.İsmayıl bildirdi ki, bu faktiki olaraq vətənə xəyanətdir: «Azərbaycanda baş verən iqtisadi problemlər, hansısa hakimiyyət qruplaşmasının mənfi fəaliyyətinin nəticəsi deyil. Bu təbii olan bir prosesdir. Bu zamanında iqtisadiyyatla bağlı düzgün addımlar atılmamasının nəticəsidir. Zamanında qeyri-neft sektorunu inkişaf etdirmək lazım idi».
Hikmət