Dmitri Narkevski
politrussia.com, 23.05.2016
Orta Şərq və Cənubi Asiyada siyasətin təməl daşlarından biri nəqliyyat dəhlizlərinin formalaşdırılmasıdır. Rusiya və Qərb KİV-ində mübahisələr, bir qayda olaraq, Çin və Yeni İpək Yolunun (YİY) perspektivləri ilə məhdudlaşır. Lakin lap diqqətlə nəzərdən keçirərkən, aydınlaşır ki, bu və digər xeyli layihələrin taleyi heç də Pekindən asılı deyil. Bu bölgədə nəqliyyat dəhlizləri yaratmaq üzrə təkliflərin sayı digər bölgələrin göstəricilərini xeyli dərəcədə geridə qoyur. Həm də hər bir iştirakçı öz oyununu aparır, eyni ölkələr bir layihədə müttəfiq, digərində qatı düşmən kimi çıxış edə bilər. İran üzərindən sanksiyaların qismən götürülməsi dəhliz müharibəsinə əlavə təkan verib. İştirakçılar son zamanlar öz layihələrini yeritməyi və rəqiblərə qarşı fəaliyyət üçün fəallıqlarını yalnız gücləndirir.
Çin-Pakistan iqtisadi dəhlizi (ÇPİD)
Çinin Cənubi Asiyadakı əsas layihələrindən biri Qərbi Çindən Pakistanın Qvadar limanına olan nəqliyyat dəhlizi layihəsidir. Çinlilər Hind okeanı sahilində müasir liman inşa etməklə onun gerçəkləşməyinə xeyli vəsait qoyur və bu qayda ilə bir neçə vəzifəni dərhal həll etməyə cəhd edirlər: Qərbə ixracat üçün ən qısa yol yaratmaq, Yaxın Şərqin karbohidrogen yataqlarının Çinə ABŞ-dan asılı olmayan nəql marşrutunu təmin etmək və özünü qərb ərazilərinin inkişafına şərait yaratmaq.
Lakin qonşu Hindistan İslamabadla Pekinin güclənməsindən narazıdır – xüsusən də nəzərə alınsa ki, marşrutun bir hissəsi Pakistan hərbçilərinin nəzarətindəki mübahisəli Kəşmir ərazisindən uzanır. Çoxilllik Hindistan-Pakistan hərbi-siyasi qarşıdurması durumu yalnız qəlizləşdirir. Mövcud zidiyyətlər bu yaxlınlarda Pakistan SQ Baş qərargah rəisinin Hindistanın ünvanına açıq ittihamlarına keçdi. Onun fikrincə, Hindistan 46 milyard dollar dəyərində Pakistan-Çin sazişini pozmağa cəhd edir. Pakistan xüsusi xidmətləri apreldə Bəlucistan əyalətində Hindistan HDQ-nin keçmiş zabitini həbs etdi. O, guya, hind kəşfiyyatçısı idi və bölgədə durumun sabitsizləşməyinə şərait yaradırdı.
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) boru kəməri
Tapi
Uzun illər müzakirə edilən TƏPH qaz kəməri, nəhayət, əməli gerçəkləşməyə yaxınlaşdı. Türkmənistan 2015-ci ilin dekabrında Mari şəhərindən gedən hissənin inşasına başladı. Ən nikbin proqnozlara görə, inşaat üç il çəkəcək, lakin Hindistan Neft Nazirliyi 2016-cı ilin martında inşaata ümumi vaxt sərfini yeddi il müəyyən etdi. Layihənin əsas problemi Pakistan və Əfqanıstanda təhlükəsizliyin təminatı olaraq qalır. Əfqanıstanda hərbi durumun pisləşməsi bu layihənin perspektivini növbəti dəfə şübhə altına alır. Lakin iştirakçılar, birinci növbədə Türkmənistan fəallığı azaltmır, bu layihəyə təkcə iştirakçı ölkələrdən deyil, həm də bölgədən kənardan ciddi yatırımçılar cəlb etməyə çalışır. Və budur, prezident Berdımuhəmmədov Səudiyyə Ərəbistanına səfərində boru kəmərinin maliyyələşdirilməsində iştirak haqda İslam İnkişaf Bankı və Səudiyyə fondları ilə razılaşma əldə etdi. Əvvəllər hesab edilirdi ki, Fars körfəzinin ərəb ölkələri güclü rəqabətin onları Güney Asiya bazarından sıxışdırmağına yol açan layihəni dəstəkləmir. Lakin hər şeyə görə fikir yürüdərkən, səudlar və müttəfiqləri yalnız İranın artan ekspansiyasına əngəl olmaqdan yana bu addıma cürət etdilər.
İran-Pakistan-Hindistan (İPH)
İran-Pakistan-Hindistan qaz kəmərinin inşası ideyası artıq 20 il mövcuddur, lakin hələ də ancaq niyyət haqda bəyannamə olaraq qalır. Üç dövləti birləşdirməli olan layihə nə sövdələşən ölkələr arasındakı ziddiyyətləri, nə də kənardan xarici güclərin basqısını dəf edə bilir. İranın Hindistan səfirinin ABŞ-ın bu layihənin irəliləməyinə maneçiliyi və Hindistan bazarına öz istehsalçılarının çıxışını nəzərdə tutması haqda açıqlaması növbəti iddia oldu. Buna Hindistana sıxılmış qazın ən böyük tədarükçüsü Qətərin narazılığını da əlavə etmək olar.
iran-qazi-1
Beləliklə, siyasətçilərin pafosla “Dünya layihəsi” dedikləri layihə, ehtimal ki, yalnız İran-Pakistan qanadı ilə kifayətlənəcək. Onun İPH çərçivəsində qaz tədarükünün 40%-nin düşdüyü Pakistan üçün çox böyük önəmi var. Pakistan ölkənin şimalında ciddi qaz tədarüksüzlüyünə məruz qalır, buna görə də İrandan qaz kəmərinin çəkilişi bu problemi qismən ardan qaldırardı.
Bundan savayı, boru kəmərinin sonralar Pakistan sərhədindən kənara uzadılması ehtimalı var, lakin artıq Hindistana deyil, Çinə. Bu, ÇPİD konsepsiyasına yaxşı sığışır, lakin TƏPH-ə formal rəqabət yaradır.
İran-Oman-Hindistan boru kəməri (İOH)
iran-oman-hindistan-1
Hindistanın İPH-ə passiv münasibəti təkcə Hindistanın sıxılmış qaz tədarükünə meyli, Qətərin təsiri və ABŞ-ın hiylələrindən doğmur. Dehli enerji tədarükünün şaxələndirilməsinə can atır və əlbəttə, İran qazından imtina niyyətində deyil. Hindistanın alternativ variantı var – Oman ərazisindən İran-Hindistan sualtı boru çəkilişi. Bu layihə o üstünlüyə malikdir ki, kənar oyunçuların Dehli ilə Tehranın münasibətlərinə təsirini əməli olaraq yox edir. Ənənəvi rəqib Pakistan tranzit ölkələr siyahısından çıxdaş olunur. Qətərin və Fars körfəzinin digər ölkələrinin təsiri də azalır. Oman ərəb ölkəsi olsa da, qalanlarından bir qədər uzaq durur. Maskata təkcə İran qazının öz istehlakı üçün qalması deyil, həm də Fars körfəzi karbohidrogenlərinin Hörmüz boğazından yan keçməklə ixracatını təmin etməyə imkan verən energetik qovşaq rolunu möhkəmləndirməkdə maraqlıdır.
Hindistan baş naziri N.Modinin 2016-cı il 22-23 mayda İrana rəsmi səfəri bu layihəyə yeni təkan verə bilər. Görüşün əsas məqsədi iki ölkənin iqtisadi əməkdaşlığının dərinləşdirilməyi və birgə infrastruktur layihələrinin gerçəkləşdirilməyi elan edilib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi
Asiyanın mərkəzində nəqliyyat dəhlizlərinin yaradılması təkcə boru kəmərlərinin inşası ilə məhdudlaşmır. Boru kəmərləri magistralını avto və dəmiryolu nəqliyyatı ilə birləşdirməyə imkan verən bütöv infrastrukturların yaradılmasına siyasi və iqtisadi yanaşmalar sərf olunur. ÇPİD Çinə Pakistandakı Qvadar limanı vasitəsilə dənizdən uzaq bölgələrini Hind okeanına çıxarmaq imkanı verirsə, onda Hindistanın İranın Çabahar limanı vasitəsilə Əfqanıstan və Orta Asiya respublikalarının dənizdən aralı düşmüş ticarət arteriyalarına çıxış layihəsi var. Hindistanın fəal şəkildə inkişaf edən iqtisadiyyatı təkcə yeni karbohidrogen tədarüklərini deyil, həm də yeni satış bazarları tələb edir.
Bundan başqa, Hindistanın Mərkəzi Asiyada artan təsiri Hindistan nüfuzunun artmasına şərait yaratmaqdan ötrü alışıb-yanmayan Pakistan və Çin ərazilərinin onu bu bölgədən təcrid etməyi ilə cilovlanır. Hindistan Əfqanıstana böyük vəsaitlər yatırmaqla (məsələn, 300 milyon dollar dəyərində SES-in inşası) sonralar da iqtisadi əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutur. Modi İrandan sonra 2016-cı ilin iyununda növbəti səfəri Əfqanıstana edəcək.
Buna Əfqanıstan rəhbərliyinin mövqeyi də şərait yaradır. Rəsmi Kabulun İslamabadla mürəkkəb münasibətləri var ki, bu da Hindistanla yaxınlaşmağın xeyrinədir. Əfqanıstanın indiki administrasiyasının Pakistan dəstəyində dəfələrlə ittiham edilən əleyhdarları Hindistan-Əfqanıstan yaxınlaşmasına qarşı fəaliyyət göstərməyə cəhd edirlər. Təkcə bu yazda yaraqlıların Hindistan konsulluğuna həmləsi və Əfqanıstan parlamentinin Hindistan pulu ilə tikilmiş binasının raket atəşinə tutulmağı baş verib.
Lakin Hindistanın planları bircə Əfqanıstanla məhdudlaşmır. Nəqliyyat dəhlizi bu ölkədən Orta Asiyaya, sonra isə Rusiya və Qərbi Avropaya keçməlidir.
Xəzəryanı yollar
Özbəkistan-Türkmənistan-İran-Oman nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan saziş aprelin 23-də qüvvəyə minib. Qazaxıstan artıq keçən il bu sazişə qoşulub. Hindistan da layihədə iştirak arzusunu bildirib. İran üçün nəqliyyat dəhlizi siyasətinin daha bir yönü Qafqazdır. İran və Azərbaycan Xəzər dəmiryolu halqası yaratmaq çərçivəsində 2016-cı ilin sonunadək öz dəmiryollarını birləşdirməyi planlaşdırıb. Bu ölkələr arasında dəmiryolu keçidinin inşasından sonra İranadan Rusiyaya birbaşa yol açılır.
Lakin bu yolda rəqiblərinin olmayacağını güman etməklə Moskvanın arxayınlaşmasına dəyməz. Azərbaycan dəmiryolları başqa istiqamətləri də inkişaf etdirir. Xüsusən də Azərbaycan mayın 13-də Rusiyadan yan keçməklə Şərqi Avropanın Qara dənizdən Baltik dənizinədək dəmiryol tranzitini təmin edən “Vikinq” layihəsinə qoşulub. Bundan savayı, Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu da var.
vikinq-1
ABŞ
Bütün bunlar ABŞ-ın ayıq-sayıq baxışlarının altında baş verir. ABŞ Britaniya imperiyasının Asiya siyasəti prinsiplərini miras almaqla çoxdan və ciddi şəkildə “Böyük oyun” aparır. Amerika siyasətinin əsas cizgiləri bölgə dövlətlərindən heç birinin və hətta dünya oyunçularının başqaları üzərində üstünlük qazan bilmədiyi şəraitin yaradılmasıdır. Birləşmiş Ştatlar Aşqabadı Çin və Rusiyadan qopramaq arzusu ilə Türkmənistana və onun TƏPH layihəsinə dəstək verir. Keçən ilin axırında boru kəmərinin inşasının başlanması haqda Türkmənistan açıqlamaları ilə birlikdə Türkmənistan-Amerika təmasları və kəmərin yollandığı nöqtələr də fəallaşdı. Tükmənistan ABŞ-a qarşı oyun oynamaq niyyətinə düşsə, şübhə etməmək olar ki, Aşqabadın üzərinə dərhal antidemokartik damğa yapışdırılacaq.
Əfqanıstanda hərbi iştirak da Amerikanın işinə yarayır. Amerikalılar bir tərəfdən Əfqanıstandaxili nizamalama üzrə danışıqlarda iştirak edir, digər tərəfdən Əfqanıstan silahlı qüvvələrinin boru kəmərinin təhlükəsizliyini təmin etmək iqtidarsızlığı haqda KİV məlumatları fonunda ABŞ-ın başçılığı ilə xarici kontingent mühafizəçi roluna tamamilə məntiqli iddiaçı kimi görünür. Bu isə qoşunları çıxartmamağa əlavə bəhanə və bölgədə baş verənlərə təsiri saxlamaqdır.
Çin-Pakistan layihəsi də Vaşinqtonun marağında deyil. ÇPİD Çinin Qərbi Asiya və Avropa ilə ticarət əlaqələrini amerikalıların nəzarətindən çıxardır. Eyni zamanda Amerika üçün Cənubi-Şərqi Asiyada antiçin koalisiyası yaratmaq və Cənuibi Çin dənizində hərbi qarşıdurma effekti aradan qalxır. Malakk boğazına nəzarət də artıq Çinin mühasirəsini təmin edə bilmir.
Vaşinqtondan getdikcə aralanan Pakistan və Birləşmiş Ştatlar üçün əsas bölgəsəl qıcıqlandırıcı olaraq qalan İran ABŞ-ın strateji düşmənləri sırasında qalır. Bu iki dövlətin istənilən uğuru okeanın o tayında narazılıq doğuracaq.
Amerikanın daha çox oyun oynadığı Hindistan sanki yaranmış durumdan bütün mənfəətləri götürməlidir. Lakin burada da hər şey elə də asan deyil. Birincisi, ABŞ Hindistanla yaxınlaşmağı təqib edən İranın güclənməyini istəmir. İkincisi, Hindistanın iqtisadi və siyasi inkişafı Dehli ilə Pekin arasında gərginlik sürüncə amerikalılara lazımdır. ABŞ yol verə bilməz ki, Hindistan Çinlə mövqelərini yaxınlaşdırsın və burada üsul önəmli deyil – ikitərəfli sazişər sayəsində, bölgə və yaxud ŞƏT və BRHÇC kimi beynəlxalq strukturlar sayəsində.
Bundan savayı, sırf iqtisadi maraq da var. Amerika Cənubi Asiyada STQ (sıxılmış təbii qaz-tərc.) qəbulu və yenidən qazlaşması üzrə komplekslərə yatırımlar qoymaqla öz karbohidrogenləri üçün bazarları səylə təmizləyir. Hələlik əsas rəqiblərdən biri Qətərdir, lakin aydındır ki, istək olsa, ABŞ-da ona qarşı da vasitə tapıla bilər.
Rusiya
Bəs Rusiya necə? Rusiya da bölgədə sürətlə dəyişilən duruma uyğun olaraq öz siyasətini tarazlaşdırmağa cəhd edib Mərkəzi və Cənubi Asiyada öz oyununu aparır. Moskva xarici siyasətin şərq yönünü bəyan edərək Çinlə əməkdaşlığı genişləndirir. Rusiya Mərkəzi və Cənubi Asiyada öz əlaqələrini, birinci növbədə iqtisadi münasibətləri şaxələndirməyə cəhd edir. Məsələn, “Ростех”-in törəmə şirkəti keçən il Karaçidən Lahora qaz kəməri inşasına saziş bağladı. “Роснефть” iyunda Hindistanın “Essar” neft şirkətinin 49%-i almaq üzrə saziş bağlayacaq. “Роснефть”-in sazişi on il ərzində Hindistana 100 milyon ton neft tədarükünü nəzərdə tutur. Bundan əlavə, Hindistan gələcəkdə “Ямал-СПГ”-dən ən böyük qaz alıcısı olacaq ölkələrin sırasına daxil oldu.
rusiya-qaz-1
“Газпром” da Hindistana qaz tədarükü üçün bir neçə layihəni müzakirə edir. Xüsusən də İrandan istifadə etməklə: Rusiya qazı Azərbaycan ərazisindən İranın şimal rayonlarına daxil olacaq, İranın cənubundan “Газпром”-un adından uyğun həcmdə qaz isə Hindistana göndəriləcək. “Сила Сибири” boru kəmərindən Hindistanın şimalına ayrıca qanad çəkilənədək yetərincə xeyli və özgə tədarük sxemləri təklif olunur.
Rusiya təkcə kökə ilə deyil, həm də qamçı ilə hərəkət etməli olur. Parlaq misal Türkmənistanla əməkdaşlığın dayandırılmasıdır. “Газпром” yanvarda türkmən qazını almağı dayandırdığını elan etdi. Türkmənlərlə “Газпром”-un münasibətlərinin çoxdan ideal olmadığına baxmayaraq, hər halda “Газпром”-un imtinasının TƏPH kəmərinin çəkilişinin başlanmasından və Amerika hərbçilərinin Türkmənsitanda yerləşdirilməsi ehtimalı haqda şayiələrdən dərhal sonra baş verdiyini təsadüf adlandırmaq çətindir.
Beləliklə, Mərkəzi və Cənubi Asiyadakı fəallığı hamının hamı ilə müharibəsi kimi səciyyələndirmək olar. İştirakçı tərəflərdən hər biri parktik olaraq hətta başqa layihələrdə payı olsa da, ona qarşı çıxaraq beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında öz planlarını irəli sürür. Nəticədə hansı marşrutun qalib gələcəyini demək hələlik çətindir. Yarış sırf iqtisadi rəqabət çərvçivəsində qala bilməz, çünki onun gerçəkləşdirilməyi uzun müddətə bölgənin inkişafının gedişinə və dünya geopolitikasına təsir etməyə qadirdir. Və burada əsas sual budur: tərəflər bu mübarizədə nə qədər dərinə getməyə hazırdır?
Tərcümə Strateq.az-ındır.