“Dünya üçdən böyükdür” – Əliyev Moskva, Vaşinqton və Parisə meydan oxudu

29/08/21 12:31

2014-cü il, 24 sentyabr, Nyu-York, ABŞ. BMT-nin 74-cü zirvə toplantısına qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edir və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünü dünyadakı ədalətsizliklər, etnik təmizləmələr, işğallar və digər beynəlxalq hüquqa zidd addımlara göz yummalarından ötrü sərt tənqid edərək deyir:

“Dünya “beş”dən böyükdür!”

Bu hadisədən təxminən 7 il sonra, Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin ölkəmizə yeni təyin olunan rezident əlaqələndiricisi, xanım Vladanka Andreyevanı qəbul edərkən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələri 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün passivlik nümayiş etdirdikləri üçün sərt tənqid edir. Əliyev dünyaya üzünü tutaraq bəyanat verir. Bəyanatın alt mənası isə belədir:

“Dünya həm “üç”dən, həm də “beş”dən böyükdür”.

“1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır”.

Burada Əliyev BMT-dəki ikili standartlara diqqət çəkir. Necə olur ki, BMT Liviya, İraq, Əfqanıstan, Bosniya və s. problemlərə çevik reaksiyalar verir, lakin Qarabağın 28 il ərzində işğal altında qalmasına, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına göz yumur, buna səssiz qalır?

BMT-nin Təhlükəsizlik Şurasının icra mexanizminin olmadığını qeyd edən Əliyev çox vacib bir qlobal problemi gündəmə gətirir. Məlumdur ki, bu qurumda qərarlar 5 daimi üzvün iştirakı və konsensus yolu ilə qəbul edilir. Sözügedən qərarların icra edilib-edilməməsi həm qərarın özündən, həm də qərarı qəbul edən daimi üzvlərin milli maraqlarından asılıdır.

Məsələn, şura Qarabağdan erməni qoşunlarının çıxarılması ilə bağlı qətnamə qəbul edib və Ermənistan bu qətnaməyə məhəl qoymayıbsa eynilə 29 noyabr, 1990-cı ildə İraqın Küveyti işğal etməsinə qarşı qəbul edilən 678 nömrəli qərarın bənzəri qəbul edilməli idi. Sözügedən qərara əsasən İraq qoşunları 15 yanvar 1991-ci ilədək Küveytdən çıxmasa bu dövlətə qarşı güc tətbiq ediləcəkdi.

Belə də oldu, ABŞ liderliyində beynəlxalq hərbi koalisiya yaradıldı və İraq ordusu darmadağın edildi. Məsələnin arxa planında isə BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ABŞ, SSRİ, Çin, Fransa və Britaniyanın Səddam Hüseyinin “diplomatik azğınlığı”na qarşı əldə etdikləri razılıq dururdu.

Qarabağ məsələsində isə qətnamənin yerinə yetirilməsi ilə bağlı heç bir zaman müzakirə olunmayıb və qətnamə adi kağız parçasına çevrilib.

Nəticədə, 5 dövlətin öz maraqları əsasında məsələyə yanaşması Azərbaycanı 28 il ərzində Qarabağsız qoydu və bu ölkə iqtisadiyyatına milyardlarla dollar dəyərində zərər vurdu. Məsələ sadəcə maddi və mənəvi zərər də deyil. Azərbaycan 28 il sonra torpaqlarını 3 minə yaxın hərbi qulluqçusunun qanı, şəhadəti bahasına azad etdi. Yəni, yenə Qarabağ məsələsində beynəlxalq hüquq işləmədi, yenə ikili standartlar, yenə müharibəyə göz yuman beynəlxalq güclər…

Ona görə də “əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür” – deyən Əliyev Azərbaycan torpaqlarını işğal edən Ermənistan qədər bu işğala 28 il ərzində göz yuman BMT-ni və Minsk qrupu həmsədrlərini də haqlı bir şəkildə ittiham edib.

“İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb” – deməklə isə Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ probleminə görə Minsk qrupunun fəaliyyətinin bərpa olunmasına dair planının üstündən xətt çəkib və bütün diplomatik kanalları Minsk qrupunun üzünə bağlayıb.

Yekunda Əliyevin yuxarıda qeyd etdiyimiz bəyanatları, haqqında əvvəlki yazılarımızda da bəhs etdiyimiz Azərbaycanın yeni xarici siyasət doktrinasının təzahürüdür. Artıq beynəlxalq gücləri Qarabağla bağlı kiçik bir bəyanat verməyə təşviq edən zəif Azərbaycan yoxdur. Azərbaycan öz əsgərinin qanı bahasına öz hüquqlarını bərpa edib və bu istiqamətdə gərəkli addımları atmağa davam edəcək. Əliyev dünya birliyindənsə artıq nə dəstək, nə də ədalət gözləmir, işimizə qarışmayın, yetər deyir…

Azərbaycanın bu çevik və cəsarətli diplomatiyası iqtidarın beynəlxalq siyasətdəki qüvvələr balansında müşahidə edilən kəskin dəyişiklikləri doğru təhlil etməsindən xəbər verir. Belə ki, artıq dünya siyasətində sadəcə qlobal güclər deyil, regional güclər də söz sahibidir. Bu gün müxtəlif regionlarda baş verən siyasi konfliktlərin, böhran və problemlərin həllində ABŞ və Rusiya kimi klassik güclərə nisbətən, regional güclərin fəaliyyəti daha çox ön plana çıxır. Diqqət edin, Fransa, ABŞ və Rusiya kimi klassik güclərə meydan oxuyan Azərbaycan, Britaniya və Çin kimi yeni güclərlə təmaslarını artırır, iqtisadi əlaqələrini inkişaf etdirir. Digər tərəfdən regional güclər olan İsrail, Pakistan, İtaliya və Türkiyə ilə müttəfiqlik münasibətlərini daha da inkişaf etdirir. Qısası, Azərbaycan regional gücləri bir-bir öz tərəfinə çəkərək qlobal güclərə müqavimət göstərir. Bununla da dünyanın həm “beş”dən, həm də “üç”dən böyük olduğunu isbat etməyə çalışır…

Nicat İsmayılov

Mənbə:https://ednews.net/az/news/analytical-wing/475104-dunya-ucden-boyukdur#.YSofcQ2QTsR.whatsapp