Ermənistan “dəhlizin”açılmasına imtina edir?

30/07/21 6:56

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sözlərinə görə, Azərbaycan regional kommunikasiyaların blokdan çıxarılması mövzusunu «nüfuzdan salmaq üçün ardıcıl tədbirlər görür».

Paşinyan Ermənistan hökumətinin növbəti iclası zamanı Bakını, həmçinin regional kommunikasiyaların açılması məsələsini «təhrif etməkdə» günahlandırır.

Onun sözlərinə görə, nə 9 noyabr 2020-ci il, nə də 11 yanvar 2021-ci il bəyanatlarında «dəhliz» sözü yoxdur, konkret marşrutlar göstərilmir, lakin Azərbaycan daima konkret marşrutlardan danışır və dəhliz məsələsini meydana gətirir.

«Mən dəfələrlə demişəm ki, Ermənistan «dəhliz» məntiqi və yuxarıda qeyd edilən ifadələrlə heç bir məsələ müzakirə etməyib, etmir və etməyəcək. Azərbaycan bizim üçün son dərəcə mühüm və prioritetli olan regional kommunikasiyaların açılması mövzusunu əngəlləmək istəyir», — o deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan üçün bütün regional nəqliyyat kommunikasiyalarının açılması vacibdir: Ermənistanın Azərbaycan ərazisi üzərindən Rusiya, Mərkəzi Asiya, İran istiqamətində, Azərbaycanın isə Ermənistan ərazisi üzərindən Naxçıvan, Gürcüstan və İran istiqamətində yolu olmalıdır.

Bu layihənin reallaşması üçün, Paşinyanın sözlərinə görə, sərhədin müvafiq sahələrində hər iki istiqamətdə beynəlxalq və MDB məkanında qəbul olunmuş sərhəd və gömrük qaydalarına uyğun keçid təmin edən gömrük məntəqələri yaradılmalıdır.

Paşinyan onu da bildirib ki, rəsmi Bakı öz hərəkətləri ilə dialoq imkanlarını «əngəlləyir».

«Ermənistan rəhbərliyi və beynəlxalq birliyin səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan sərhədində vəziyyət sabitləşmir, Bakı dünya birliyinin vəziyyətin uzunmüddətli stabilləşməsinə yönəlmiş təkliflərini cavabsız qoyaraq, təcavüzkar ritorikası və hərəkətlərini davam etdirir,»- Paşinyan deyib.

Paşinyan Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhəd qoşunlarının «dayaq məntəqələrinin» yerləşdirilməsini təklif edib.

«Mövcud vəziyyətdə Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri dayaq məntəqələrinin yerləşdirilməsi məsələsinin müzakirəsini məqsədəuyğun hesab edirəm. Bu, hərbi toqquşmalar riski olmadan sərhədin delimitasiya və demarkasiyasını keçirmək imkanı verər», — o deyib.

Onun sözlərinə görə, Yerevan bu məsələni Moskva ilə müzakirə etməyi planlaşdırır.

Rusiya sülhməramlıları ilə bağlı

Nikol Paşinyan Azərbaycanı Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyasına qarşı «fəal təbliğat» aparmaqda günahlandırıb.

O, Azərbaycan hakimiyyətinin «erməni hərbi əsirləri və başqa şəxslər üzərində məhkəmə prosesləri təşkil etdiyini» bildirib və həmin mühakimə olunan şəxslərin döyüş əməliyyatlarının dayandırılması haqqında razılaşmadan sonra Rusiya sülhməramlılarının «nəzarəti altında olan zonada» əsir alındığını qeyd edib.

«Bu faktı Azərbaycanın sülhməramlılara qarşı apardığı geniş təbliğatla və Azərbaycanın bu günədək sülhməramlıların mandatını imzalaması ilə uzlaşdırsaq, Bakının hərəkətlərinin onlara qarşı olduğu — Dağlıq Qarabağda sülh və sabitliyin bərqərar olmasına qarşı yönəldiyi aydındır», — o deyib.

Bundan başqa Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəd boyunca monitorinq missiyası yerləşdirilməsi məsələsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında nəzərdən keçirilməsini təklif edib.

Onun sözlərinə görə, Azərbaycan «öz təxribatçı hərəkətləri ilə KTMT-ni nüfuzdan salmaq məqsədi güdür».

«Azərbaycan Silahlı Qüvvələri qeyri-qanuni olaraq Ermənistan ərazisində qalaraq,(Sotkdan Xoznavara kimi ərazidə — red.) həm də vaxtaşırı öz təxribatçı hərəkətləri ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi sistemini nüfuzdan salmağa çalışır», — Paşinyan qeyd edib və eyni zamanda rəsmi Bakının «daima Ermənistanı təxribatlarda günahlandırdığını» bildirib.

Paşinyan Ermənistanın KTMT üzvü olaraq və tərəfdaşları qarşısında öz məsuliyyətini dərk edərək, onların hərbi əməliyyatlara cəlb olunması şəraitinin yaranmasına yol verməyəcəyini bildirir.

«Ermənistan tərəfindən hər hansı provokasiya hərəkətləri rəsmən istisna edirəm», — Paşinyan bəyan edib.

Paşinyan Azərbaycanla sərhədi boyunca KTMT monitorinq missiyasının yerləşdirilməsi gələcəkdə «provokasiyalar mövzusunda hər hansı böhtan və iftiraların qarşısını almaq» imkanlarından biri kimi nəzərdən keçirdiyini deyir.

«KTMT tərəfindən bu kimi bir missiyanın icrası mümkün deyilsə, bizim üçün başqa beynəlxalq formatlar, o cümlədən, ATƏT-in Minsk qrupu çərçivəsində, məqbuldur», — Paşinyan deyib.

Azərbaycan nə demişdi?

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də bildirmişdi ki, Ermənistan dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib, ancaq avtomobil yolunun çəkilişinə etiraz edir.

O bunu 10 noyabr bəyannəməsinə zidd hesab etmişdi.

Cənab Əliyev həmçinin demişdi ki, «hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır».

İlham Əliyev bu məsələ ilə bağlı Rusiya Prezidenti ilə fikir mübadiləsi apardığını və növbəti mərhələdə «İrəvandan daha ümidverici xəbərlər gələcəyini» hesab etdiyini bildirib.

Mənbə: Fedai.az