Ermənistan Qarabağla bağlı “xilas naminə tanımaq” ideyasını ortaya atır

04/11/21 5:21

4 Noyabr, 2021

Ermənistan tərəfi Qarabağ məsələsi ilə bağlı hələ müharibə dövründə gündəmə gətirdiyi, lakin heç bir işə yaramadığı daha bir məsələni yenidən “diriltmək” istəyir. JAMAZ.İNFO xəbər verir ki, həmin “ideya” baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülmüş  “Xilas naminə tanımaq” adlanır.

Bu gün Ermənistan parlamentində çıxış edən xarici işlər nazirinin müavini Vaqe Gevorkiyan yenidən həmin məsələyə toxunub. Bildirib ki, rəsmi İrəvan Qarabağ danışıqları prosesində “xilas naminə tanımaq” tezisini qaldırmalıdır. O fikrini belə izah edib: “Hər iki müharibədən sonra məlum olan odur ki, Qarabağdakı ermənilər Azərbaycanın tərkibində yaşamaq istəmirlər. Azərbaycan isə bütün imkanlarından yararlanaraq, Qarabağı öz tərkibinə qatmaqda israrlıdır. Hesab edirəm ki, biz bu ideyanı danışıqlar zamanı və diskussiyalarımız zamanı təbliğ etməliyik”.

Qeyd edək ki, “xilas naminə tanımaq” ideyasının konkret nədən ibarət olduğu barədə müfəssəl məlumat yoxdur. Daha doğrusu, erməni tərəfinin aşıqlamalarından məlum olan budur ki, Ermənistan Qarabağın “müstəqilliyi”ni tanımalıdır və bundan sonra danışıqlar prosesinə başlamalıdır.