İlham Əliyev Nikol Paşinyana Qərbin dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı əldə edilmiş razılaşmaları dəyişməsinə imkan verməyəcək.
Bunu rusiyalı politoloq, hərbi ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, Ermənistan növbəti dəfə bir neçə stulda əyləşməyə çalışır. O, əlbəttə ki, elə Fransanın timsalında Avropa İttifaqının dəstəyinə ümid bəsləyir.
“İrəvanın bu oyunu Moskvanın “Bunlar nə vaxtadək davam edəcək?” sualını üzə vurmayana qədər davam edəcək. Rusiya Federasiyası regionda sülhməramlı prosesin əsas moderatorudur. Məhz Moskvanın zəmanəti ilə Azərbaycan konkret razılaşmalara razılıq verib. Ermənistan da öz hərəkətləri ilə Rusiya Federasiyasının həm Dağlıq Qarabağ münaqişəsi üzrə səylərini, həm də bütövlükdə regionda sülh və razılığın əldə edilməsi çabalarını zərbə altına qoyur.
Məncə, yaxın vaxtda vəziyyət dəyişəcək, çünki Moskvanın səbri tükənir”, – rusiyalı ekspert qeyd edib.
Mixalov “Demokratiya sammiti” mövzusuna da toxunub:
“Məlumdur ki, dekabrın 9-10 tarixlərində Ermənistanın ABŞ-dan dəvət aldığı “Demokratiya sammit” keçirəcək. Rusiya, Çin, Türkiyə və Azərbaycan bura dəvət ediməyib. Bu, son dərəcə səciyyəvi hərəkətdir. Hamımız yaxşı bilirik ki, “demokratiya” Qərbin anlayışında nə deməkdir. Düşünürəm ki, Ermənistanın sammitə dəvət alması ABŞ-ın respublikada “demokratik islahatlara” dəstək vermək üçün daha bir cəhdidir. Bu da orada yerləşən fondların işidir. Həmin fondlar Ermənistanı Qərbə yaxınlaşdırmaq niyyətindədirlər. Əlbəttə, bu, Ermənistanı Rusiyaya qarşı çevirmək cəhdidir. Niyə Azərbaycanı dəvət etməmisiniz? Çünki o, müstəqil siyasət yeridir, Qərb ona nəsə diktə edə bilməz. Ermənistan isə Cənubi Qafqazda zəif bənddir”.