Ermənistan siyasətçiləri son dövrlər baş verən hadisələrdən sonra təkcə Nikol Paşinyan hakimiyyətini deyil, həmçinin erməni xalqını da təhqir etməkdən çəkinmirlər.
Ermənistan Respublikaçılar Partiyasının (ERP) sədr müavini Armen Aşotyan özünün son açıqlamasında bu tipli ifadələrdən istifadə edib.
O, Soçidə keçirilmiş görüş, habelə Brüsseldə keçiriləcək görüşlə bağlı fikirlərini açıqlayaraq, hər iki halda Ermənistanın məğlub edildiyini dilə gətirib. Onun sözlərinə görə, Soçi görüşündə baş nazir Nikol Paşinyan yazılı olmasa da, şifahi şəkildə bir sıra güzəştlərə razı olub.
O qeyd edib ki, Brüsseldə keçiriləcək görüşdə də bunun bənzəri olacaq. Aşotyan hesab edir ki, Avropa İttifaqı Azərbaycana bəzi təzyiqlər edə bilər. Lakin o, buna inanmadığını bildirib. “Avropa İttifaqının Rusiyada olmayan yeganə silahı insan haqları və demokratiya məsələsidir. İstəsə, Azərbaycana qarşı bu “silahlarla” daha sərt davrana bilər. Lakin Əliyevə qarşı sanksiya alətlərindən istifadə Avropa İttifaqının maraqlarına uyğun deyil. Digər tərəfdən Ermənistanı təmsil edənlər artıq bir ildir ki, belə bir məsələ qaldırmırlar”.
ERP funksioneri daha sonra sual edib ki, Nikol Paşinyan İlham Əliyevi “bağışlayıbsa”, Brüssel niyə papadan daha çox katolik olmalıdır. Bunun ardından isə qeyd edib ki, erməni xalqı mübarizə aparmaq fikrində deyil və bu səbəbdən də onların başına hər oyun gələcək. “Dünyadan inciməyə ehtiyac yoxdur. Heç haqqımız da yoxdur. Öz ləyaqətini itirmiş millətlərə qarşı həmişə belə edirlər. Alçaldırlar. Nikol bunu daha yaxşı nümayiş etdirir”.
Transqafqaz.com