Rusiya Ermənistana silah satmağa hazırlaşır. Bununla bağlı rəsmi Moskva ilə Irəvan arasında müharibədən sonra danışıqlar başlayıb.
Lakin Azərbaycanın məsələyə etiraz etməsindən sonra Rusiya tərəfi bir qədər prosesi səngitsə də, məsələ yenidən aktuallaşıb. Belə ki, Moskva Ermənistana təxminən 2 milyard dollarlıq silah və sursat satmaq niyyətindədir. Buraya tanklar, digər zirehli texnikalarla yanaşı, artilleriya qurğuları və başqa növ silahlar da daxildir. Həmin silahlardan əlavə, Rusiya Ermənistana havadan müdafiə sistemləri də satmaqda qərarlıdır.
Bildirək ki, 2 milyard dollarlıq silah alış-verişi barədə həm erməni, həm də rus mənbələri məlumat yayıblar. Hətta bəzi hərbi mənbələr bu rəqəmin gələcəkdə 3 milyard dollara qədər arta biləcəyini də istisna etmirlər. Bunu da onunla əsaslandırırlar ki, Ermənistan son müharibədən sonra Havadan Müdafiə Sistemlərinin böyük qismini itirib və həmin növ silahlar da ucuz sayılmırlar.
Qeyd edək ki, 44 günlük müharibədən sonra hərbi texnikasının 80 fazini itirən Ermənistan bu silahları almaqda çox maraqlıdır. Çünki ordunu yenidən komplektləşdirmək və heç olmasa əvvəlki səviyyəsinin yarısına çatdırmağı planlaşdırır. Bunun üçün ona həm vaxt, həm də silah lazımdır ki, bu məqsədlə Rusiyadan daha yaxşı müştərisi ola bilməz. Çünki Rusiya həm nağd pul tələb etmir, həm də uzunmüddətli kreditlə silah satışını həyata keçirir.
Rusiya tərəfinin Ermənistana silah satması ilə bağlı Kreml də açıqlama verib. Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xirmətinin rəhbəri Dmitri Şuqayev bildirib ki, onun təmsil etdiyi ölkə həm Azərbaycan, həm də Ermənistanla strateji müttəfiqdir. Onun sözlərinə görə, Rusiya hər iki ölkəyə onların sifarişlərinə uyğun silahlar verir. “Bu zaman biz heç bir beynəlxalq konvensiyanı pozmuruq, bütün vəzifələrimizi yerinə yetiririk. Həmçinin biz istənilən ölkəyə silah satmaqda sərbəstik və bu bizim suveren hüquqmuzdur”.
Qeyd edək ki, rus rəsminin belə açıqlama verməsi silah satışı məsələsində zəmin hazırlamaq və Azərbaycanın narazılığına cavabdan başqa bir şey deyil. Çünki Rusiya ordusunu və silahının böyük hissəsini itirmiş Ermənistanı əldən buraxmaq fikrində deyil. Həm satdığı silahdan pul qazanacaq, həm də İrəvanı bir xeyli müddət təsiri altında saxlamaq imkanı qazanacaq.
Ermənistan rəhbərliyi də Rusiyadan silah almaq niyyətlərini gizlətmir. Bu ölkənin müdafiə naziri Karapetyanın davamlı olaraq Moskvaya səfəri və orada müzakirələr aparması da bununla bağlıdır. Sadəcə, rəsmi dairələr konkret hansı məbləğdə silah alacaqları barədə hər hansı açıqlama vermirlər.
Transqafqaz.com