Faiq Ələkbərli İstanbulda Türkün “ailə fəlsəfəsi”ndən məruzə edib

02/08/17 9:07

Türkiyənin İstanbul şəhərində, İstanbul Aydın Universitetinin təşkilatçılığıyla Beynəlxalq Altay Topluluqları Simpoziumu keçirilib. “Məskən-ailə və ailə dəyərləri” mövzusuna həsr olunmuş simpoziumda Azərbaycandan da nümayəndə heyəti iştirak edib. Bu barədə məlumatı beynəlxalq simpozumda ölkəmizi təmsil edən AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu) verib.
Simpoziumda “Türk-Turan Uygarliğinda “Ailə fəlsəfəsi”nin rolu” mövzusunda çıxış edən F.Ələkbərli Türk-Turan xalqlarında ailənin özünəməxsus cəhətlərini açıqlayıb. Onun fikrincə, Türk ailəsi digər topluluqlardakı ailə təsisatlarından milli törələrə, yəni qayda-qanunlara əməl etmələrinə görə daima seçilib. Yəni Türk ailəsində hər kəs öz yerini bilmiş, başqa sözlə ailənin hər bir fərdi – ata, ana, baba, nənə, oğul, qız və başqaları milli dəyərlərə sadiq qalmış, sözsüz yerinəı yetirmişlər. Azərbaycan türk aliminin fikrincə, nə zaman ki, Türk ailələrində müəyyən boşluqlara yol verilmiş, törələrə əməl edilməmiş, bir sözlə ailə dəyərləri zəifləmişdirsə, həmin dövrlərdə Türk dövlətlərində tənəzzül özünü göstərmişdir. Hazırda da Türkün “ailə fəlsəfəsi”ndə müəyyən çatışmazlıqların olduğunu irəli sürən F.Ələkbərli deyib ki, buna səbəb də İslamlaşmaq və Qərbləşmək ideyaları çərçivəsində Türklərin milli dəyərlərdən xeyli dərəcə də uzaqlaşması olub. Onun fikrincə, Türkün fəlsəfəsində, o cümlədən ailə fəlsəfəsində birinci yeri milli inancı, ikinci yeri dini inancı və bunların tamamı olaraq insanlıq tutmalıdır. Türk bilgini Əhməd Yəsəvinin dediyi kimi Türklük qədərimiz, din isə seçimimizdir.
Azərbaycan türk alimi heab edir ki, çağdaş dövrdə də Türk ailə fəlsəfəsinin əsas prinsipləri bütövlük, yekdillik, şərəflilik, inamlılıq, inanclılıq olmalıdır: “Bütövlük Türk ailəsinin başlıca sütunudur. Nəyin bahasına olursa-olsun ailə dağılmamalıdır. Ailənin şərəfini tapdalayan istənilən üzvün bəraəti yoxdur, o layiq olduğu cəzanı sözsüz-sorgusuz çəkməlidir. Yekdillik ailə üzvlərinin önəmli məsələlərdə ortaq nöqtədən çıxış etməsidir. Hər bir ailə üzvü çıxarılan qərara uymalıdır. Şərəflilik ailənin üzüdür. Bu üzü dəyişdirmək, ona başqa bir rəng qatmaq qəti qadağandır. İnamlılıq ailədə qarşılıqı etibardır. Ailə üzvləri bir-birlərinə nünasibətdə inamsızılığa yol verməməli, əgər hər hansı şübhə toxumları varsa onu cücərməyə qoymamalıdır. İnanclılıq tapındıqları dəyərləri mənimsəmək və dərk etməklə olmalıdır. Kor-koranə inancın əvvəli olmadığı kimi, sonu da yoxdur. İnanc ilk növbədə, Tanrıya tapınmaqdır. Tanrısını dərk edən, yaxud da, anlamağa çalışan millətini və vətənini də sevmək iqtidarında olacaqdır. Bütün bunlar ailə sisteminin təməlləridir. Bunlar olmadan ailə sistemindən bəhs etmək mənasızdır”.
Simpoziumun bağlanış iclasında çıxış edən tanınmış elm adamı prof.dr. İlhan Şahin bildirib ki, sözügedən elmi tədbirdə Türkiyədən 100-ə yaxın, eləcə də Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Cənubi Koreya, Yaponiya, Rusiya Federasiyası, İran, Iraq, Ukrayna, Hindistan, Kanada, Amerika və Finlandiyadan 200-dən çox nümayəndə qatılmışdır. Onun sözlərinə görə, simpozumda Türk-Altay xalqlarının dil, din, sosial, tarix və digər məsələlər müzakirə olunmuşdur. İlhan bəy sonda bildirib ki, növbəti elmi konfransın 2019-cu ildə Qırığızıstan ya da Monqolustanda keçirilə biləcəyi ilə bağlı təkliflər var və bunlardan biri qəbul ediləcəkdir.

http://ovqat.com/medeniyyet/6821-faiq-lkbrli-stanbulda-turkun-ail-flsfsindn-mruz-edib.html