Yeni Azərbaycan Partiyasının (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev dələduzluqda ittiham edilir.
JAMAZ.info xəbər verir ki, bu barədə Gədəbəy sakini Zaur Məhərrəm oğlu Quliyevin ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı müraciətdə bildirilir.
Zaur Quliyev yazır ki, Rüstəm Nağıyev onu aldadaraq dövlətin hesabına tikilən mağazanı pulla satıb: “Rüstəm Nağıyev 2018-ci ilin dekabr ayında etibarımdan istifadə edərək mənə torpaq sahəsi göstərdi. Dedi ki, bu torpaq hərraca çıxarılıb və məndən 16 min manat aldı. Lakin torpaq sahəsini vermədi. Pulumu da qaytarmadı. 2019-cu ildə mənə qarşı dələduzluq cinayəti ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etdim. Həmin ilin aprel ayında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ifadəm alındı. Müstəntiq məndən soruşdu ki, Rüstəm Nağıyevə niyə etibar edib 16 min manat pul verirdin? Dedim ki, bundan əvvəl Rüstəm Nağıyev mənə 2 mağaza satıb. Bir mağazaya görə 7 min, digərinə görə isə 10 min manat pul alıb. Müstəntiqə Rüstəm Nağıyevin məndən pul almasını təsdiq edən səs yazılarını da təqdim etdim. Həmin səs yazılarını redaksiyanıza da göndərirəm.
Bir müddət sonra iş materiallarını Gədəbəy Rayon Prokurorluğuna göndərdilər. Bu günə qədər Gədəbəy Rayon Prokurorluğunda cinayət işini 4 dəfə qanunsuz olaraq xitam ediblər. Hər dəfə də istintaq dövründə bizim təkidlərimizlə aparılan araşdırmalar yarımçıq dayandırılıb. 2021-ci ildə aparılan araşdırma zamanı bəlli oldu ki, Rüstəm Nağıyevin mənə pulla satdığı mağazalar dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikilib. Mən o mağazaları həyat yoldaşım Bəsti Nəsib qızı Quliyevanın adına almışdım.
Rüstəm Nağıyevin bu hərəkəti üzə çıxandan sonra – mənə qarşı dələduzluq əməlləri sübuta yetirildiyi halda Gədəbəy Rayon Prokurorluğunda bu işi ört-basdır etdilər”.
Zaur Quliyev Baş prokuror Kamran Əliyevdən xahiş edir ki, cinayət işi üzrə istintaq Gədəbəy Rayon Prokurorluğundan alınaraq digər rayonun prokurorluğunda istintaq edilsin:
“Kamran Əliyevdən xahişim budur ki, mənə qarşı dələduzluq, dövlətə qarşı korrupsiya cinayəti onun nəzarəti altında araşdırılsın. Rüstəm Nağıyev Gədəbəy prokuroru ilə yaxın münasibət qurub. Belə olmasaydı, Rüstəm Nağıyevin səs yazısına hüquqi qiymət verməkdən, mənə qarşı cinayətin tam, hərtərəfli araşdırılamasından, vətəndaşın, Azərbaycan dövlətinin maraqlarının təmin edilməsindən yayınmazdı. Rüstəm Nağıyev yalandan deyir ki, guya mənə həmin 2 mağazanı dövlət hədiyyə verib. İddia edir ki, guya məndən 16 min manat almayıb. Bu da yalandır. Lakin Gədəbəy prokuroru nədənsə bu yalanlara inanmağa meyllənir, cinayət faktları ortada ikən araşdırmaqdan yayınır. Ona görə də sizdən xahiş edirəm ki, şikayətimi nəzarətə götürüb istintaq aparılmasına, istintaqın sona çatdırılmasına göstəriş verəsiniz”.
Qaynarinfo məsələ ilə bağlı Rüstəm Nağıyevlə əlaqə saxlayıb. YAP-ın yerli təşkilatının sədri Zaur Quliyevin ittihamlarının əsassız olduğunu bildirib:
“Bu adam narkotika aludəçisidir. Buna görə məhkum edilib. Hər gün kiminləsə problem olur. İndi də hədəfində mənəm. Onun dediklərinin heç bir əsası yoxdur. Bu ittihamlar müvafiq qurumlar tərəfindən araşdırılıb. Özüm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmuşam. Gədəbəy ictimaiyyəti məni yaxşı tanıyır. Uzun müddət hərbi sahədə çalışmışam, kəşfiyyat xidmətinin rəisi olmuşam. O, hansısa pullardan danışır. Axı Gədəbəydə o qiymətə torpaq sahəsi yoxdur. Digər tərəfdən, mən hansı ağılla belə iş tutaram? Dediyim kimi, bu adam narkotik aludəçisi olub, onunla bağlı müəyyən tədbirlər görülüb. Bu da indi belə edir”.
Rüstəm Nağıyev əvvəllər Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini olub.
Seyid
Mənbə: JAMAZ.İNFO