Əslində bu yazı sırf xəbər janrında olmalıydı. Çünki xəbərin bütün tələblərinə cavab verən, böyük bir ortamda gündəmə çevrilən hadisədəndi. “Moderator.az”-ın xeyir duası ilə başlayan, Facebook-un araçılığı ilə başa gələn tədbirdən. KQB-MTN-nin keçmiş əməkdaşı, polkovnik leytinant, Qarabağ müharibəsi veteranı, jurnalist, yazar İlham İsmayılın yeni çapdan çıxan “Görünən dağın bələdçiliyi” adlı ilk kitabının təqdimat mərasimindən.
Tədbir bu gün, kitabsevərlərə yaxşı tanış olan, gözəl, zövqlü bir məkanda, baş-boy kitabların və kitab qədər dəyərli, doğma insanların, dostların əhatəsində keçirilib. Müəllifin imza törəni ilə başlayan tədbiri açan İlham İsmayıl…….təşəkkür edib…..bölüşüb…romantikliyini xatırladıb…deyib….bildirib…..güldürüb…. göndərib… söz verib… arzulayıb… Çıxış edənlər…..uzun illər… müəllifə……çatdırıblar….deyiblər… Tədbirin sonunda…..
Ama yox, bunları kimlərsə yazacaq. Olub-bitəni, görüb -gördüklərini. Mənsə bildiklərimi yazmaq istədim. Və yazıram.
Ordan başlayım ki, bu sayaq təqdimatmı deyim, tanıtımmı yazım, görüşmü adlandırım, hər nədisə belə tədbirlərə çoxlarının kitabdan, sözdən uzaq düşüb gündəlik həyatını yaşamağa başı qarışdığı zamanda çox böyük tələbat var. Bəli tələbat. Gündəlik təlabat mallarına olan qədərdən də artıq tələbat. Maddiyyat, qida, qənaət, yorğan, kommunal kimi cəhənnəmlərdən uzaqlaşıb mənəviyyat dediyimiz o cənnətin qapısından keçməyə ehtiyac var. Ehtiyac səbətindən də artıq ehtiyac.
Bu gün bu qapıları bizlərin üzünə taybatay açdı İlham İsmayıl. Min ildir görmədiyim, görəndə onlar üçün necə darıxdığımı anladığım insanlarla görüşdürdü. Fb-da bir “damın altında” yaşadığım insanlarla isə görüşdürdü nədi, hətta öpüşdürdü də. Bələdçi tələb olunmayan görünən dağa bələdçilik etməklə əlimizdən tutub günbəgün, aybay, ilbəil, hadisəbəhadisə, olaybəolay gəzdirdi bizləri yaşadığı, yazdığı həyat kitabı boyunca. Əslində bu həm də bizlərin həyatıdı, millətimizin taleyidi. Mübarizəsi, Mübariz insanları ilə tarix yazan millətin.
Lap yaxına buraxdı- hisslərinin içinə. “Heç əyilmədim, heç peşiman olmadım, heç üzülmədim”- dedi. Içdən dedi, elə dedi ki, demək üçün dediyini kimsə ağlının ucundan belə keçirmədi. Başına toplaşanlar onu yaxından tanıyanlardı ona görə. Sözünün söz olduğunu bilənlərdi. İnamlıydı, qürurluydu, ürəkliydi, istəkliydi, sevincliydi. Həyatının önəmli bir hissəsini bir kitaba sığışdırıb insanlarla paylaşa bilmışdı. Sözünü çatdıra bilmişdi. Tirajı, səhifə sayı, kağız çəkisi heç bir məna kəsb etməyən kitaba. O kitabın tonlarla ağırlığı, ölçüyəgəlməz dəyəri var, bilənlər üçün. Orda yazılanlar hislərdən, istəklərdən doğan hansısa bədii əsər deyil, yaşanmışlardır, yaşanmamışlardır, oddur-alovdur, tüstüdür, dumandır. Yarımçıqlıqlardır.
Sağ ol, dost, döyüşlərdə keçən həyatınıı bizə etibar etdiyin üçün! Əziz dost da yaza bilərdim, yazmıram. Kimsə qısqanmasın. Kimsə deyəndə İlham ismayılla bir yerdə oxuduğum tələbə yoldaşlarımı nəzərdə tuturam. Onlara sözüm sondadır.
İlham İsmayıl beş illik tələbəlik müddətində birinci kursdan sonuncu kursadək sözümün çəp gəldiyi, bununla belə hər zaman ayrıca dəyər verdiyim tək tələbə yoldaşımdı. Nə qəribə deyilmi. Qəribə niyə olsun, xaraktercə güclü insandır, güc-gücə qarşı gələndə güzəşt addımı atılmır. Addımı həyat atdırır.
İlham bizim jurnalistika fakültəsində patokda boyca hamıdan hündür idi. Uzun yox, uca. Hər yerdən görünürdü. Yenə görünür. Qızların ayrıca münasibətinin səbəbi isə, hər yerdən görünməkliyi deyildi. Daha istiqanlı və mehriban olması idi. Bilmirəm bu keyfiyyətləri qalırmı, qalanların hansılar olduğunu isə dəqiq bilirəm. Cəsarətlidir , etibarlıdır, alicənabdır, asan ünsiyyət qurmağı var, qayğılanmağı var, savadlı danışmağı var, yazmağı var, oxumağı var, oynamağı var, var… Var. Güzəştə getməyi yoxdu.
Beş-altı il keçmiş olar, günorta işdəykən telefonuma zəng gəldi. İlk “salam”-la səsini tanıdım. İlhamdı. Bilirdim ki, Amerikadadır. Uzun müddət üçün gedib. “Uşaqların bir neçəsinə zəng elədim, açan olmadı. Oralar üçün darıxıram” -dedi. İlhamın oralar dediyi bizim bəyənmədiyimiz buralardı. Adam çoxlarının can atdığı o boyda Amerikanı qoyub yarıyarımçıq qayıtdı Bakıya. Bakı da yetmir, tez-tez səsi Tərtərdən gəlir. Bizim Gəncəyə “taleyimə yazılan şəhər” deyir. Vətənə bağlılıq dediyin bu. İzahsız, şərhsiz. Hətta qüvvətləndirici durğu işarəsiz.
Kitabdakıların çoxunu hələ kitab olmamışdan öncə oxumuşam, başını-ayağını bir yerə yığa bilmədiyim Vipmedia.info saytına da yerləşdirmişəm. Onilliklər sonra məhz bu yazıları oxuyanda gördüm ki, həmin o ağır onilliklər tələbə yoldaşımı heç dəyişdirməyib. Yenə üzdə olan mülayimliyin, nəzakətin, centlemenliyin arxasında həmin ötkəm xarakter, yenə həmin barışmazlıq, əyilməzlik, dönməzlik, bağlılıq olduğu kimi durur. İlham İsmaylın həyatı bağlılıqdan başlayır. O bağlılığın başında adına Qarabağ dediyimiz Vətən durur. Sonra çox şeylər gəlir. Gəlir, getmir, qalır. Dalğalar nə qədər uca, güclü olursa olsun, çırpa bildikcə çırpsın qayalara, dönməz insan, əyilməz insan sınmaz. Sınmaz.
Niyə yazıram bunları? Tərif üçünmü, nə gərək var. Görünən dağa nə bələdçi. Yazıram ki, tələbə yoldaşımın kitabını alıb oxuyasız, oxuyanda görəsiniz ki, siz də onu elə mən tanıyan qədər, lap yaxından tanıyırsız. Bütün xarakteri əməllərindədir, yazılarına hopub çünki.
Tələbə yoldaşlarımızın arasında Azərbaycan böyüklüyündə dünyada tanınanları çoxdur. Hakimiyyətin bütün qollarında təmsil olunurlar. Prezident aparatında, Milli Məclisdə, hüquq-mühafizə orqanlarında, KİV-də. Mənim üçün onlar sadəcə tələbə dostlarımdır, hər birinin işinin yox, evinin qapısını ərklə aça biləcəyim, “ay qız, ay oğlan” deyə müraciətimdə diksinməyəcək qədər doğma insanlar. Onların çoxunun çox kitabları çapdan çıxıb illər öncə. Üzünü görməmişəm. Tanıtımlarında iştirak etməmişəm. İçdən gələcək belə bir yazı yazmaq şansım olmayıb, verməyiblər. Nöqtə və nöqtələr.
Atalar deyir, hər kişi həyatı boyu bir ev tikməli, ağac əkməlidi, övlad sahibi olmalıdır. Daha bunu xırdalamıram. Və əlavə edirəm; həm də bir kitab yazmalıdır. Millətin tarixində qalan kitabdır. Gerçək tarix belə yazılır. O tarixi ancaq gerçək insanlar yazırlar. İlk kitabın mübarək, İlham İsmayıl! İkinciyə başlamağın tam zamanıdır. Uğur səninlə olsun!
Fimar Haciyeva