Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimləri davam edir…

09/06/17 5:05

Vazianidə – IV mexanikləşdirilmiş hərbi briqadanın sahəsində Gürcüstan, Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri “Qafqaz qartalı-2017” adlı səhra əməliyyatı hərbi təlimlərində fəal şəkildə iştirak edirlər.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri səhra hərbi təlimlərində xüsusi əməliyyatlar keçirir, maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də əməliyyat potensialını artırırlar.

Təlimlərdə əsas məqsəd çevik əməliyyatın təmin edilməsi, məqsədə nail olmaq üçün  hərbi taktiki, yanğın, mühəndislik və digər xüsusi tapşırıqları yerinə yetirməyə nail olmaqdır. Təlimlərdə məqsəd həmçinin silahlı qüvvələrin döyüş əməliyyatlarında tibbi təlim hazırlığını yüksəltməkdir.

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, üç ölkənin silahlı qüvvələrinin xüsusi təyinatlılarının təlimləri artıq 10 gündür ki davam edir və təlimlərə torpaq və hava komponentləri əməliyyatları da daxildir.

Qeyd edək ki, iyunun 14-dək davam edəcək Gürcüstan, Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri artıq üçüncü dəfədir ki, həyata keçirilir. Əvvəlki iki təlimə Türkiyə ev sahibliyi edib.

Könül Hacıyeva