Gürcüstan prezidentinin və Milli Təhlükəsizlik Şurası Aparatının təşəbbüsü ilə prezident sarayında milli və regional təhlükəsizlik mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd ölkə prioritetlərini müəyyən etmək, milli və regional təhlükəsizlik siyasəti üçün tövsiyələr hazırlamaqdır.
Tədbirdə peşəkar müzakirələr keçirmək üçün təhlükəsizlik sektorunu təmsil edən nümayəndələr və müxtəlif ölkələrdən mötəbər qonaqlar iştirak edib.
Beynəlxalq konfransda milli və regional təhlükəsizlik üzrə strateji müzakirələr aparılıb.
Tədbir jurnalistlər üçün qapalı keçirilib.
Tədbirdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili çıxış edib. O, çıxışında Gürcüstanın təhlükəsizliyinin təmin edilməsini NATO-ya üzv olmaqda gördüyünü bildirib. Çıxışlardan sonra diskussiya xarakterli müzakirələr aparılıb. Müzakirələrdə Gürcüstanın NATO-ya inteqrasiyası prosesi, Qara Dəniz hövzəsi ölkələrində sabitliyin və təhlükəsizliyin təmin olunmasında Gürcüstanın rolu, eyni zamanda Şimali Atlantika sahəsində çağırışlar müzakirə olunub, fikirlər səsləndirilib.
Prezidentin mətbuat xidmətinin rəhbəri Eka Mişveladze milli və regional təhlükəsizlik konfransının ilk dəfədir keçirildiyini bildirib.