Hakim partiya parlamentdə müxalifətin təqdim etdiyi sərhədin delimitasiyası ilə bağlı bəyanat layihəsinin əleyhinə səs verib.

07/12/21 9:52

Bəyanat layihəsində dünya ictimaiyyətini və Ermənistana “dost ölkələrin” parlamentlərini Azərbaycan və Türkiyənin hərbi cinayətlərini pisləməyə çağırılırdı.

Ermənistan parlametində hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən Xarici Əlaqələr daimi komissiyasının üzvləri müxalifətdə olan “Ayastan” fraksiyasının təqdim etdiyi “Sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri haqqında” Milli Məclisin bəyanatı layihəsinin əleyhinə səs veriblər.

Parlamentin revanşist “Ayastan” fraksiyasının təqdim etdiyi bəyanat layihəsi Ermənistan hökumətindən Ermənistan Konstitusiyasının tələblərinə və Müstəqillik Bəyannaməsində ifadə olunan erməni xalqının kollektiv iradəsinə zidd olan hər hansı danışıqlardan, yazılı və ya şifahi razılaşmalardan çəkinməyi tələb edir, heç bir halda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini “Artsax xalqının” öz tarixi vətənində öz müqəddəratını təyin etmək üçün təminatlı hüququnun həyata keçirilməsindən ayırmamasını tələb edirdi.

Bundan əlavə, bəyanat layihəsində dünya ictimaiyyəti və dost ölkələrin parlamentləri Azərbaycan və Türkiyənin hərbi cinayətlərini pisləməyə, onların hüquqi məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, bir müddət əvvəl Xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyan açıqlama verərək qeyd edib:

“Nəzərə alsaq ki, bəyanat layihəsinin təklif olunan variantı daxili siyasi xarakter daşıyır, hökumətə qarşı birbaşa və dolayısı ilə əsassız ittihamları ehtiva edir və mahiyyət etibarı ilə müxalif rəyin ifadəsidir, bu, artıq “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin təqdim olunan sənədin əleyhinə səs verməsi üçün kifayətdir.

Eyni zamanda, bəyanat layihəsində danışıqlara maneə ola biləcək və yeni təhlükəsizlik problemlərinə səbəb ola biləcək bir sıra həssas məsələlərin yer aldığını nəzərə alaraq, müzakirələrin bağlı qapılar arxasında aparılmasını təklif edirəm”.

Bu təklifə müxalifət tərəfindən etiraz edilib. Xüsusilə, “Ayastan” blokundan olan deputat Armen Rüstəmyanın çıxışında qeyd etdiyi kimi, müzakirələrin qapalı formatda aparılması əsassız və yersizdir. Bundan başqa, yenidən işlənmiş bəyanat layihəsi müzakirəyə çıxarılıb.

“Biz məsələyə qapalı baxılmasının qəti əleyhinəyik”, – deyə Rüstəmyan bildirib. Buna baxmayaraq, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının nümayəndələri müzakirələrin qapalı keçirilməsinin lehinə çıxış ediblər.