AXCP sədri Əli Kərimli ictimai nəqliyyatda gediş haqlarının artırılacağı xəbərinə münasibət bildirib. O feysbuk səhifəsində yazıb:
Dostlar, metro və ictimai nəqliyyat qiymətlərinin də artırılmasına hazırsınız? Hökumət bu il işıq, su və kanalizasiya tariflərini qaldırıb. Çörəyin, ətin, yumurtanın və bütün digər ərzaq məhsullarının qiymətinin qalxmasını da xalq olaraq anlayışla qarşılamışıq. Hökumət də düşünüb ki, susmaq razılıq əlamətidir. Bu qədər qiymət artımına etiraz etməyənlər indi metro və avtobusdakı qiymət artımına görə etiraz etməyəcəklər ki. Əslində metroda qiymətləri indiki səviyyədə saxlamaq hökumət üçün qətiyyən çətin deyil. Söhbət cəmi 8 milyon manatdan gedir. Avropa Futbol Çempionatına 120 milyon manat “şabaş verən” (sponsorluq edən), gələnilki “Formula 1” və İslam Oyunları üçün 317 milyon manat xərcləməyə hazır olan hökumət üçün 8 milyon manat böyük bir məbləğ deyil. Sadəcə bizim dözümlü xalq olmağımızdan sui-istifadə edirlər.