İkinci Qarabağ Savaşı. Şuşanın azad edilməsi və onun tarixi siyasi əhəmiyyəti.
İkinci Qarabağ savaşı. Şuşanın azad edilməsi və onun tarixi siyasi əhəmiyyəti
1. Şuşanın işğalı tarixindən
2. Şuşanın işğaldan azad edilməsi və Cənubi Qafqazda hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsi.
Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1748-1763) adı ilə bağlıdır. 1748-ci ildə Bayat və 1751/52-ci ildə salınmış Şahbulaq qalalarının etibarlı olmadığını görən Pənahəli xan «dağların içində, möhkəm və keçilməz yerdə … əbədi və sarsılmaz qala» tikdirmək qərarına gəldi. Xanlığın mərkəzi hələ Şahbulaq qalasında olarkən dəniz səviyyəsindən 1300-1600 m hündürlükdə yerləşən əlçatmaz dağ yaylasında yeni şəhər-qalanın tikinti işlərinə başlanıldı. Əhalinin təhlükəsizliyi üçün zəruri işlər görüldükdən sonra 1756/57-ci ildə Pənahəli xan Qarabağ xanlığının paytaxtını Şahbulaq qalasından yeni salınmış şəhər-qalaya köçürdü. Bu şəhər ilk dövrlərdə öz banisinin adı ilə Pənahabad, onun ölümündən sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırıldı. Şəhər üç tərəfdən sıldırım qayalarla, dördüncü tərəfdən isə möhkəm qala divarları ilə əhatə olunmuş, uzun müddət alınmaz qala kimi şöhrət qazanmışdı. Şuşa şəhərinin müdafiə qurğularından bəhs edən müəlliflərdən biri yazırdı ki, «Ağa Məhəmməd xan Qacarın dövründə Şuşa kiçik gözəl şəhərdi, möhkəm hasarının hündürlüyü şəhərin bütün tərəflərində bərabərdi, hasarın elə yerləri var idi ki, oradan mücahimlərin (hücum edənlərin-red.) başına daş, qaynar su və ya ərimiş qurğuşun tökmək olurdu». Şəhərin xarici aləmlə əlaqəsi Gəncə, Ağoğlan və İrəvan qapıları vasitəsilə həyata keçirilirdi.
Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi – Yuxarı məhəllə formalaşmışdır. Şuşa şəhərinin formalaşmasının üçüncü mərhələsi Qarabağ xanlığının 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra başlamış və daha uzun müddət davam etmişdir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan Azərbaycan türklərinə məxsus idi.
XVIII əsrin ikinci yarısı Şuşa şəhəri tarixinin ən şanlı səhifələrindəndir. Bu dövrdə şəhər dəfələrlə hücumlara məruz qalsa da, düşmən qarşısında baş əyməmiş, özünün alınmaz qala olduğunu sübut etmişdi. 1757-ci ildə Məhəmmədhəsən xan Qacar, 1760-cı ildə Fətəli xan Əfşar, 1795-ci ildə Ağa Məhəmməd xan Qacar kimi məşhur sərkərdələr də qəhrəman Şuşa şəhərini ala bilməmişdilər. Pənahəli xanın və İbrahimxəlil xanın mahir azərbaycanlı ustaların əli ilə yaratdıqları müdafiə qurğuları düşmən hücumlarının dəf edilməsində mühüm rol oynamışdı.
Şuşa uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz idi. Əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu ticarət dükanı və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib istifadəyə verilmişdi.
Şuşa şəhəri XVIII əsrin sonlarından başlayaraq bütün Cənubi Qafqazın mühüm ticarət mərkəzlərindən birinə çevrilmişdi. Tacirlər Şuşaya Dərbənddən qızıl boya, Şəkidən silah, ipək, mahud, Bakıdan neft və zəfəran, Naxçıvandan duz və bez parça, Gəncədən zəy və meyvə gətirirdilər. Şuşanın ticarət əlaqələrində Cənubi Azərbaycan və İran şəhərləri, habelə Osmanlı imperiyası, Rusiya, Hindistan və Avropa ölkələri mühüm rol oynayırdılar. Şuşalı tacirlər Almaniyanın məşhur Leypsiq, Rusiyanın Nijni-Novqorod yarmarkalarının daimi iştirakçıları idilər.
Şuşa şəhəri özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanmışdı. XIX əsrin əvvəllərində şəhərdə 50-dən artıq sənət sahəsi üzrə ixtisaslaşmış böyük sənətkarlar ordusu fəaliyyət göstərirdi. Onların arasında toxucular, papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər, həllaclar çoxluq təşkil edirdi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə yüksək inkişaf səviyyəsinə çatmışdı. XIX əsrin əvvəllərində burada müxtəlif növ parçalar istehsal edən 500 toxucu dəzgahı işləyirdi. Kapitalist münasibətlərinin sürətli inkişafı Şuşada ipəkçiliyin fabrik-zavod istehsalı səviyyəsinə yüksəlməsinə gətirib çıxardı. Artıq XIX əsrin 60-cı illərində şəhərdə illik istehsal gücü 78 min rubla bərabər olan 16 ipəksarıma fabriki fəaliyyət göstərirdi.
Şuşa Azərbaycanda xalça istehsalının da mühüm mərkəzlərindən biri idi. XIX əsrin sonlarında dünya bazarlarında Azərbaycan xalçalarına tələbatın artması Şuşada xalçaçılığın daha da inkişaf etməsinə səbəb oldu. Bu dövrdə şəhərdə hər il ümumi dəyəri 50 min rubla bərabər olan xalça məmulatı istehsal edilirdi. Şuşa xalçaları bədii xüsusiyyətlərinə görə iki böyük qrupa – ornamentli və süjetli xalçalara bölünürdü. Əsasən, XVIII-XIX əsrlər üçün xarakterik olan ornamentli Şuşa xalçalarında nəbati ünsürlər üstünlük təşkil edirdi.
Şuşada boyaqçılıq, gön-dəri məmulatı istehsalı və metalişləmə sənətləri də yüksək inkişaf səviyyəsinə çatmışdı. Şuşalı boyaqçılar müxtəlif növ bitkilərdən istifadə edərək 50-yə qədər rəng və rəng çaları almağı bacarırdılar. XIX əsrin sonu – XX əsrin əvvəllərində Şuşada fəaliyyət göstərən 8 boyaq xananın illik istehsal gücü 69500 rubla çatırdı. Elə həmin dövrdə şəhərdə 200 nəfərə yaxın sənətkar gön-dəri məmulatı istehsalı ilə məşğul olurdu. XIX əsrin sonlarında Şuşada 78 nəfər zərgər müxtəlif növ baş, boyun, sinə, qulaq, bel, qol və barmaq üçün zərgərlik məmulatları hazırlayırdılar.
Azərbaycanlılar tərəfindən salınan və uzun müddət əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edən Şuşa şəhəri XIX əsrin əvvəllərində baş vermiş Rusiya işğalından sonra ciddi demoqrafik dəyişikliklərlə üzləşdi. Azərbaycanın digər yaşayış məntəqələri kimi, Şuşaya da ermənilərin köçürülməsinə başlanıldı. Çar hökumətinin himayəsi ilə Şuşada müvəqqəti də olsa say üstünlüyünə nail olan ermənilər şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-1906-cı illərdə azərbaycanlılara qarşı qanlı terror və soyqırımı təşkil edildi. Ermənilər bu əməllərini 1918-1920-ci illərdə də təkrar etməyə cəhd göstərsələr də Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələri tərəfindən dəf edildilər.
Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başlandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi.
Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti «Şuşa şəhərinin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Bütün bu tədbirlər nəticəsində şəhərdə əhalinin sayı artaraq 1989-cu ildə 20579 nəfərə çatdı. Lakin Şuşada başlanmış bu dirçəliş uzun çəkmədi. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu.
Şuşanın işğalı — 1992-ci il mayın 8-dən 9-a keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat həyata keçirdi. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını «dağlarda toy» adlandırırdılar.
8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Ermənilər aldadıcı manevrlərlə Şuşa şəhərinin mühasirəsini daraltmağa çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Canhəsən–Kosalar istiqamətindəki Yura Ovanesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi Azərbaycan döyüşçülərinin diqqətini Canhəsən–Kosalar istiqamətinə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərargah rəisi FeliksQozoryan, RobertKoçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər. Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.
Üçüncü cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın – Qubadlı istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək bununla da Laçınla Şuşanın əlaqəsini tamam kəsmək əmri almışdılar. Canhəsən – Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu aldadıcı manevrlərə cəlb etmək tapşırılmışdı. Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın – Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran başçısının vasitəsi ilə Ermənistan və Azərbaycan prezidentləri Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalayıb. Agentilk ekspertlərə istnadən yazır ki, Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər.
1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını “hərbi dövrün şıltaqlığı” adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi.
289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb.
- Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.
- İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, həmçinin Laçın rayonundakı Ağoğlan məbədi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.
Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.
İşğal prosesində və işğaldan keçən 28 il ərzində Şuşanın tarixi-memarlıq abidələri erməni vandalları tərəfindən amansızcasına dağıdıldı və İkinci Qarabağ Müharibəsinə qədər dağıdılmaqda davam edirdi.
Və nəhayət 2020-ci il sentyabr ayının 27- də Azərbaycanın müzəffər ordusu yeni tarix yazmağa başladı. Məhz bu gün yenilməz ordumuz 28 il işğal altında qalan torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanımızın verdiyi “hücum” əmrinə son damla qanımıza qədər “hazırıq” dedi. Bu döyüşlərdə Azərbaycan xalqı bütün dünyaya nəyə qadir olduğunu sübut etdi. Azərbaycan xalqı bir yumruq kimi öz Ali Baş Komandanının ətrafında birləşdi. 30 illik vətən həsrəti , yurd həsrəti hər bir Azərbaycanlının ürəyində artıq məcrasından çıxan çaya dönmüşdü. Uşaqlı-böyüklü bir nida , bir amal var idi. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!Rəşadətli ordumuz döyüşdə ard-arda qələbələr qazandı. 30 illik Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd, Suqovuşan həsrətinə son qoyuldu. Azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalandı. Düşmən tapdağı altında qan ağlayan torpaqlarımız erməni qəsbkarlarından təmizləndi. Qarabağ uğrunda gedən gərgin döyüşlərdə neçə canından-qanından keçən şəhid oğullarımız oldu. Yüzlərcə qazilərimiz yaralandı, amma bütün bunlar həyata keçən bir amalın uğrunda , dünyanı sarsıdan Xocalı faciəsinin qisası uğrunda oldu. Azərbaycan xalqı öz mənfur düşməninə sübut etdi ki, onun hər oğlu Mübariz, hər generalı Poladdır.
Şuşanı işğaldan azad etməklə Azərbaycan ordusu bütün dünyaya nəyə qadir olduğunu sübut etdi. Heç bir texnika yeritmədən , heç bir raket atmadan qol gücünə torpaq azad edən oğullarımız nəinki erməninin, bütün dünyanın canına qorxu saldı. Başda prezidentimiz İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı sübut etdi ki, biz damarlarında Türk qanı axan , ürəyində İslam etiqadı olan bir xalqıq və biz vətənimizə , topağımıza sahib çıxmağı bacarırıq.
2020-ci il 8 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda hərbi əməliyyatlar dayandırılacaq.
Noyabrın 10-da imzalanan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, dekabradək qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız azad olunacaq. Həmçinin bölgədə sülhyaratma prosesi Rusiya və Türkiyənin birgə iştirakı ilə təmin ediləcək, sülhməramlıların əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi.
Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.
Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlanmasından sonra beynəlxalq birliyin səmərəsiz canfəşanlığı bir daha göstərdi ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərə qlobal güc mərkəzlərinin təsir imkanları zəifləməkdə davam edir. Azərbaycanın 30 ildən bəri Ermənistanın işğalı altında olan ərazilərini inamla öz nəzarətinə qaytarmasının yaratdığı yeni geosiyasi şərtlər regional güc balansını dəyişməklə yanaşı, qlobal güclərin Cənubi Qafqazda 28 il ərzində formalaşan qeyri-obyektiv siyasətinə düzəlişlər etmək zərurətini yaradır. Cənubi Qafqazda yeni geosiyasi düzəni yaradan səbəblərdən biri dünyanın qlobal nizamında baş verən mövqe savaşlarının müxtəlif qütblərdə yaratdığı dalğalanmaların təsiridirsə, digər tərəfdən Azərbaycanın bu təsirləri neytrallaşdıran milli maraqları önə çəkən siyasi iradəyə sahib olmasıdır.
Qarabağ cəbhəsində döyüş əməliyyatlarının başlanmasından sonra beynəlxalq birliyin səmərəsiz canfəşanlığı bir daha göstərdi ki, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi proseslərə qlobal güc mərkəzlərinin təsir imkanları zəifləməkdə davam edir. Regionda yaranan əlverişli geosiyasi vəziyyətə hazırlaşmaq, milli maraqları önə çəkmək kimi “ağıllı gücdən” istifadə imkanlarına sahib olmaq üçün Azərbaycanın qarşısında Cənubi Qafqazın super gücünə çevirilmək vəzifəsi dayanırdı. Bu gün Azərbaycan regionda baş verən proseslərdə birmənalı şəkildə əsas aktorlardan biridir. Bir tərəfdən, müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi regional və qlobal layihələr onu Cənubi Qafqazın super dövlətinə çevirirdisə, digər tərəfdən ölkənin inkişafı imperialist güclər üçün yeni arzuolunmaz vəziyyət yaradırdı. Bu gün baş verən Vətən savaşında xalqın, ordunun, Ali Baş Komandanın yaratdığı birliyi və harmoniyası möhtəşəm uğurlara yol açan səbəbdir. Vətən savaşında bu gün əldə etdiyimiz uğurlar Azərbaycana böyük təzyiqlərə baxmayaraq neft müqvilələri və ən əsası kəmər marşrutunun seçilməsi, Bakı- Tbilisi-Qars dəmir yolunun, TANAP, TAP-qaz boru kəmərlərinin çəkilməsi, Azerspace-1, Azerspace-2 telekommunikasiya və “Azerisky” yerli müşahidə peyklərinin yaradılması, digər qlobal və regional layihələrdən başlayır.
Heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevdən xalqın yalnız ali məqsədlər üçün umduğu ən böyük gözləntilərdən biri o idi ki, rəhbərlik etdiyi toplumun hiss və ideyalarını strateji məqsədə yönəldə bilsin. Məhz bu baxımdan Ali Baş Komandanın qalib strateq keyfiyyəti təkcə ordu quruculuğunu yeni dövrün tələblərinə uyğunlaşdıraraq savaş meydanında heyrət doğuran nəticələr əldə etməsi ilə dəyərləndirilmir, həm də informasiya müharibəsində düşmənin və ona havadarlıq edən qüvvələrin saxta və riyakar təbliğatına vurduğu tutarlı zərbələrlə ölçülür. Uzun müddət səbrli, təmkinli davranan Azərbaycan lideri artıq müqəddəs işimizə əngəl törədən səbəblərin ünvanını açıq şəkildə göstərir. Qlobal güclərin və beynəlxalq təşkilatların keçmiş SSRİ ekvatoriyasına daxil olan dövlətlərdə yaranan münaqişələrə Azərbaycanın işğal olunmuş əraziləri ilə müqayisədə birmənalı və sərt reaksiyaları həmin dövlətlər tərəfindən münaqişədən əziyyət çəkən dövlətlərə qarşı açıq-aydın ikili standartların görünən tərəfidir. Məsələnin görünməyən tərəflərindən biri ATƏT-in müşahidə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq apardığı zaman bu gün işğaldan azad edilən torpaqlarda yerlə-yeksan edilən yaşayış məntəqələrini, tarixi, dini abidələri, ekoloji terrora məruz qalan meşələri, istismar olunan təbii sərvətləri və ən əsası düşmənin işğal etdiyi torpaqlarda 28 illik dövr ərzində dayanmadan qurduğu müdafiə istehkamlarını görməzliyə vuraraq Ermənistanın vandal cinayətinə qarşı heç bir sanksiya tətbiq etməməsi oldu.
Dağlıq Qarabağ probleminin həlli istiqamətində mandat almış Minsk qrupu həmsədr dövlətlərinin işğala məruz qalanla işğalçı arasında görüntü naminə bərabərlik, həqiqətdə isə işğalçını mükafatlandıran mövqeləri Azərbaycan xalqını 28 ildə məyus etsə də, sarsıtsa da ancaq onun haqlı mübarizəsində milli ruhunu sarsıda bilmədi. Bu gün Azərbaycan Ordusu işğaldan azad etdiyi hər qarış torpaqda qəhrəmanlıq tarixi yazaraq, savaş meydanında terror yuvalarını darmadağın edir. Erməni əsgəri Azərbyacan əsgəri qarşısında diz çökür, vurulan zərbələr önündə qurduqları terror istehkamlarında belə özlərini xilas edə bilmirlər.
ABŞ-da geostrateq, “ərazi mübadiləsi planı”nın müəllifi kimi tanınan Pol Qobl Azərbaycan ordusunun uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməyin düzgün yanaşma olmadığı qənaətini bölüşür: “Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan Ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğunu bilirlər və bu şansı itirmək niyyətində deyillər”.
Ötən günlərin Vətən savaşında Azərbaycan xalqı hiss etdi ki, Qarabağa dair kənardan heç bir xoş niyyətli təşəbbüs yoxdur və olmayacaq. Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslərdə və dünyanın münasibətlər sistemində Azərbaycan öz yerini tutub və dünya təhlükəsizlik sisteminin bir hissəsidir. Azərbaycan liderinin siyasi iradəsi, xalqımızın birliyi və ordumuzun gücü Cənubi Qafqazda yeni tarix yazır.
Azərbaycanda baş verə bilən hər hansı bir hadisənin, xüsusilə də Qarabağla bağlı gerçəkləşdirilən mütləq iradənin dünyanın nizamına təsir etməsi şübhə doğurmur.
Şübhə doğurmayan başqa bir məsələ isə Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsində regionun inkişafının yenidən dizayn edilməsi və Cənubi Qafqazda vahid iradənin olması reallığıdır. Artıq bu reallıq yeni dünya nizamına Türkiyə– Azərbaycan mövcudluğunu diktə etməkdədir.
Vüsalə Məmmədova
Bakı Dövlət Sosial İqtisadi-Kollecinin tələbəsi