İngiltərənin Xarici Kəşfiyyat İdarəsi (MI6) rəhbəri – “İran, Çin və Rusiya dünya üçün təhlükədir…”

01/12/21 3:02

İngiltərənin Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur Çin, Rusiya, İran və beynəlxalq terrorizmin ölkəsi üçün “ən böyük təhlükə siyahısı”nda olduğunu açıqlayıb.

Mur dünya miqyasında fəaliyyəti getdikcə güclənən Çinin İngiltərə və onun müttəfiqləri üçün ən böyük təhlükələrdən olduğunu və Pekinin yanlış hesablamasının müharibəyə səbəb ola biləcəyini söyləyib.

O, Pekinin öz fəaliyyətlərini genişləndirmək üçün getdikcə daha cəsarətli və qətiyyətli addımlar atdığını, buna görə də ingilis kəşfiyyatının əsas prioriteti olduğunu deyib.

Onun sözlərinə görə, Çinin Tayvan ətrafında yaratdığı problem və bunu lazım gələrsə güc yolu ilə həll etmək istəyi qlobal sabitlik və sülh üçün ciddi təhlükə yaradır.

Çini “avtoritar dövlət” adlandıran Mur Pekinin İngiltərə və müttəfiqlərinə qarşı irimiqyaslı casusluq əməliyyatları həyata keçirdiyini, eyni zamanda ölkəsinin Rusiya tərəfindən ciddi təhlükə ilə üz-üzə qaldığını da vurğulayıb.

Rusiyanın 2014-cü ildə Krımı “ilhaq” etməsinə və bu yaxınlarda Ukrayna sərhədinə qoşun yeritməsinə diqqət çəkən Mur qeyd edib: “Avropa və ondan kənarda heç bir ölkə inanmamalıdır ki, Rusiyaya edilən güzəştlər onun davranışlarını normallaşdıracaq”.

Mur deyib ki, İran da böyük təhlükə yaradır və qonşu ölkələrdə siyasi qarışıqlığı artırmaq üçün Hizbullah qruplaşmasından bu məqsədləri üçün istifadə edir.

Kəşfiyyat şefi sözügedən ölkələri “İngiltərənin düşməni” adlandırıb.

Transqafqaz.com