İrəvandakı Amerika səfirinin açıqlamaları: ABŞ-ın təxribatı, yoxsa diplomatın amneziyası?

22/09/21 12:45

ABŞ-ın İrəvandakı səfiri Linn Treysi Ermənistan İctimai Televiziyasına müsahibəsində  bildirib ki, “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi münaqişənin nizamlanmasının əsas prinsiplərindən biri olub və olaraq qalır”. Xanım Treysi Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin ötən il 9-10 noyabr tarixlərində imzaladığı üçtərəfli bəyanatı “barışıq” adlandırdı.

Bundan əvvəl Treysi dəfələrlə Ermənistanla Azərbaycan arasındakı münaqişənin həll olunmadığını hesab etdiyini söyləsə də, son müsahibəsini “Dağlıq Qarabağ xalqının”  öz müqəddəratını təyin etmək hüququ ilə bağlı bəyanatla “gücləndirib”. Aydındır ki, amerikalı diplomat bu termin ilə Qarabağın erməni icmasından olan insanlara əsası olmayan “ümidlər”  vermək üçün hesablanmışdır.

ABŞ-ın İrəvandan gələn bu Amerika mesajını rəsmi Bakı birmənalı qiymətləndirdi:  “ABŞ səfiri bu cür bəyanatlarla açıq şəkildə separatizmi, revanşizmi dəstəkləyir və Ermənistandakı müvafiq duyğuları gücləndirir, keçən ilki məğlubiyyətdən üzülən erməni əhalisinə yalan ümidlər verir.  ABŞ -ın Qarabağ münaqişəsinin həllindəki rolundan danışmağa mənəvi haqqının olub-olmadığını soruşmaq lazımdır. Bu istiqamət 30 ildə Vaşinqton üçün heç vaxt prioritet olmayıb”.

ABŞ təqaüdçülərə  həmsədr olmağı təklif edirdi

Altı ay əvvəl  mətbuatda “ATƏT-in Minsk qrupunun keçmiş səfirinin sensasiyalı etirafı” adlı yazılar verilmişdi: “Hamımız başa düşdük ki, yeganə həll müharibədir”. ABŞ-ın Minsk Qrupunun keçmiş həmsədri Richard Hoagland Beynəlxalq Münaqişələrin Həll Mərkəzinə yazdığı məqalədə açıq şəkildə deyir: “30 il ABŞ Dövlət Departamentində təqaüdə çıxanda ABŞ Minsk Qrupunun həmsədri olaraq işə qayıtmağımı istədilər. 2017-ci ilin yanvar-sentyabr ayları arasında ABŞ-ın əvvəlki həmsədri gözlənilmədən təqaüdə çıxdı. Mən heç vaxt Ermənistanda və ya Azərbaycanda diplomat işləməmişəmsə də, Cənubi Qafqaz mənim üçün terra incognita deyildi”.

Hoagland etiraf edir ki: “Düzünü desəm, mənə AB -dan müvəqqəti həmsədr olmaq təklifi gələndə əvvəlcə bir az tərəddüd etdim – Dövlət Departamentində belə bir vəzifəyə karyera yüksəlişi kimi baxılmırdı. Açığını deyim ki, bu vəzifəni adətən vəd edilmiş tam hüquqlu səfir vəzifəsini gözləyən bir diplomat və ya təqaüd yaşına az qalmış diplomatlara təklif edirdilər. Beş ulduzlu otellərdə qalırdıq, ən yaxşı restoranlarda yeyirdik, xüsusi yemək otaqlarına sahib idik, barlara heç bir əlavə ödəniş etmədən daxil ola bilidik.  Amma açığını deyim ki, məqsədimiz  status-kvonu uzatmaq olmuşdur. Buna görə də Qarabağ məsələsində  Minsk Qrupunun nailiyyəti olmadı, çox az şey əldə edildi”.

Minsk Qrupunun “Turist” həmsədirləri

Vasitəçilərin hərəkətsizliyi və bir il əvvəl erməni tərəfinin barışmaz mövqeyi Azərbaycanın qələbəsi ilə başa çatan müharibəyə səbəb oldu. İndi heç bir “Dağlıq Qarabağ Respublikası” (hətta əvvəlki, tanınmamış formasında ) yoxdur. Yalnız Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalan kiçik bir sahə var. Və bu fonda Amerika səfiri birdən xalqın “öz müqəddəratını təyin etmə haqqını” və ərazinin “statusunu” xatırladır.

Amneziya ciddi pozğunluqların əlaməti olaraq qəbul edilir. Deyəsən, Linn Treysi bütün keçən ili heç bir xəbərin çatmadığı yerlərdə tam təcrid olunmuş vəziyyətdə yaşamışdır. Bir il reallıqdan uzaq günlər keçirmişdir.

Vahidov Qurban. Araşdırmaçı – analitik