İrəvan Türk Cümhuriyyəti Millət Şurası
20 Yanvar faciəsi ilə bağlı
B Ə Y A N A T
« 20» yanvar 2022-ci il
Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26 000 nəfərlik Sovet ordusu Azərbaycana hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu. 20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, əksinə, xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolunu yaxınlaşdırdı.
Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.
20 yanvar faciəsinin üzərindən 32 il keçir, lakin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulduğu, öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətləndirmə hələ də verilməyib. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Belə ki, həmin hadisələr zamanı mülki əhaliyə qarşı törədilmiş insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib olunması, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri yetirilməsi, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin 7-ci maddəsinə əsasən məhz 20 yanvar hadisəsi insanlıq əleyhinə cinayətlər kimi tövsif edilməli, Beynəlxalq hüquqa əsasən onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.
Azərbaycan tarix boyu ağır sınaqlardan keçib. Tarixin müəyyən mərhələlərlə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə zorakılıqla, silah gücünə, ölüm təhdidi altında azəbayanlılar deportasiyaya, soyqırıma, represiyaya məruz qalaraq öz tarixi yurdlarından qovuldular. Xüsusilə son 30 ilə yaxın müddət ərzində davam edən hərbi təcavüz nəticəsində 23 mindən çox azərbaycanlı həyatını itirib, 50 min insan yaralanıb və ya əlil olub, 4 minə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir.
Ermənistanın 2020-ci ildə ölkəmizə qarşı yönəlmiş növbəti hərbi əməliyyatların gedişi zamanı Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri nəticəsində isə 10-dan çoxu uşaq olmaqla 100-dən çox dinc mülki şəxs qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla, 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub.
20 Yanvar faciəsinin insanlıq əleyhinə cinayət kimi tövsif olunması, onun sifarişçilərinin və icraçılarının cəzalandırılması üçün yetərincə hüquqi əsaslar mövcud olsa da, bu günədək məsələyə hüquqi qiymət verilməyib.
Dünya ictimaiyyətini və beynəlxalq qurumları 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə əməkdaşlığa çağırırıq”.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilir.
Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən bütün qəhrəman Şəhidlərimizin ruhunu dərin ehtiram və minnətdarlıqla anırıq.