İran “Azərbaycan legionu”na Bakıya hücum əmri verdi

20/09/21 10:00

Arazboyu təlimə başlayan İran “Azərbaycan legionu”na da Bakıya qarşı hücum əmri verdi.

Keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan “nur-az” səhifəsinin idarəçiləri olan “Hüseyniyyun” qruplaşması yenidən aktivləşdi: bu qruplaşmaya Tohid İbrahimbəyli, Orxan Məmmədov, İsgəndər Hüseynzadə və digərləri daxildir.

II Qarabağ müharibəsində İran Azərbaycana qarşı hücuma ara verən kimi bu qruplaşma və onların təbliğatı da yoxa çıxdı, hərçənd, Tovuz döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrdə Türkiyənin Azərbaycana dəstəyini Şah İsmayıl-Sultan Səlim müstəvisində təqdim edir, “Türkiyə Azərbaycanı işğal edəcək” iddialarını tirajlayırdılar.

Müharibə və sonrakı dövrdə Azərbaycana “fitva”, Ermənistana real dəstək verən İran Bakının praktiki reaksiyası ilə üzləşən kimi “dişini qıcadı”. Hərbi təlimlər keçirir, bəyanatlar verir, hərçənd, Tehranın Bakıya qarşı ən “təsirli” rıçağı dini müstəvidə təbliğatıdır.

Xameneinin nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin “quyruqlu şir” açıqlamasından sonra bu Vətən xainləri (başqa açıqlaması yoxdur) də hərəkətə keçdi: Orxan Məmmədov yenidən Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndiyə yük daşımasını, separatçılara dəstəyinə haqq qazandırır.

Bu, prosesin başlanğıcıdır və daha şiddətli formada davam edəcək: İranın dini müstəvidə Azərbaycana müdaxilə rıçaqları xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə bu rıçaqlar yenidən aktivləşdiriləcək.

Mənbə: Axar.az