İrandan Ermənistana növbəti dəstək – Rusiya və ABŞ-ı qəzəbləndirəcək anlaşma

11/07/19 1:19

“Ermənistan İrandan təbii qaz tədarükü barədə danışıqları davam etdirir”.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin köməkçisi Mqer Qriqoryan deyib.

Qriqoryan məsələ ilə əlaqədar iki ölkənin hökumətləri arasında yeni anlaşmanın əldə edildiyini bildirib.

O, İranın Ermənistana satacağı qazın qiymətində güzəştlərin ediləcəyini istisna etməyib: “Məsələ ilə əlaqədar yaxın vaxtlarda İrandan bir qrup mütəxəssis İrəvana gələcək. Müzakirələri İrəvanda davam etdirəcəyik”.

İranın energetika naziri Reza Ardakanyan da İranın Ermənistana qaz ixracını artıracağını istisna etməyib: “Hazırda bu barədə tərəflər arasında çoxtərəfli müzakirələr aparılır”.

Bir neçə gün əvvəl Tehrana səfər edən Mqer Qriqoryan İran Prezidenti Həsən Ruhani ilə görüşmüşdü.

Əlavə edək ki, Rusiya gələn ilin yanvarın 1-dən Ermənistana satdığı təbii qazın qiymətini artıracaq. Yanvarın 1-dən etibarən Rusiya Ermənistana satdığı hər 1000 kubmetr qaz üçün 165 dollar alacaq. Bundan əvvəl isə qiymət 150 dollar idi.

Onu da qeyd edək ki, İranın energetika sektoruna sanksiya tətbiq edən ABŞ ölkələrə müraciət edərək, Tehrandan neft-qaz almamağa çağırıb. ABŞ bu çağırışa məhəl qoymayan dövlətləri sanksiyalarla təhdid edib.

Transqafqaz.com

Toğrul Lətifzadə