İraq və Suriya azərbaycanlıları – TÜRKMANLAR

02/03/17 1:38
Tarixdən bu günə İraq və Suriya azərbaycanlıları – TÜRKMANLAR
17:40 – 16 Fevral, 2017

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı turkmanlara həsr olunub. Türk tarixində əsrlərlə mühüm rollar oynamış turkmanlar bu gün İraq, Suriya, İordaniya, Livan, Əfqanıstanda gedən münaqişənin əsas hədəflərindən biridir. Proqramda türkmanların dünəni və bu gününə nəzər salınır, onların tarixən məskunlaşdığı ərazilərdən, qurduqları dövlətlərdən, dövrümüzdə hansı ölkələrdə məskunlaşmasından, saylarından söhbət açılır.

 

 

Türkmanların Yaxın Şərqdə məskunlaşması: Altay nəzəriyyəsi, şumerlər, quzların islamı qəbul etməsi…

 

Türkmanların, ümumiyyətlə, türk xalqlarının indiki Yaxın və orta Şərqdə məskunlaşması tarixdə mövcud olan Altay nəzəriyyəsi ilə bağlıdır. Türkmanların tarixi ilə araşdırmalar zamanı da təəssüf ki, onların Ortadoğuda məskunlaşmasının XI əsr, hətta XVI əsrə təsadüf etməsinə dair yanlış fikirlərə rast gəlinir. Təbii ki, XI və XVI əsrlərdə həmin bölgələrə həqiqətən türkmanların böyük axını olub. Amma türkmanların etnos kimi harada yarandığı, hansı bölgələrdə intişar etdiyi təbii ki, fərqli məsələdir. Məsələn, Yaxın və Orta Şərqdə türklərin ən qədim tarixi əslində şumerlərlə başlayır. Şumerlərlə türkmanlar arasında eynilik işarəsi qoymaq fikrimiz yoxdur. Tarixi mənbələrdə biz türkman adına Çin mənbələrində tye-kyuk-men şəklində rast gəlmişik. İslam mənbələrində, xüsusilə, ərəbdilli  mənbələrdə türkman adı Mərvazinin, Biruninin, İbn əl-Əsrin əsərlərində rast gəlinir. Məsələn, İbn əl Əsr qeyd edir ki, 960-cı ildə yarım milyon quz islamı qəbul etdi və bundan sonra bunlar türkman adlanmağa başladılar. Eyni fikri biz Əbu Reyhan əl Birunidə görürük. O qeyd edir ki, islamı qəbul etdikdən sonra quzları türkman adlandırdılar. Lakin Mahmud Kaşğarinin məsələyə baxışı fərqlidir. O qeyd edir ki, Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı ona təpki göstərən türklərə bir ad verdi – tərəkəmə, yəni bunları tərk et, bunlarla döyüşmə. Bəzən bu yanaşma, şübhə altına alınsa da, gürcü mənbələrində də, məsələn, “Kartlis Sxovreba”da da eyni fikirlə qarşılaşırıq. Makedoniyalı İsgəndərin yürüşü zamanı ona müqavimət göstərən buntürklər idi. Buntürklərlə toqquşan Makedoniyalı İsgəndər ilk dəfə məğlubiyyətə uğramışdı.

 

Türkman sözünün mənası: Türk adam, türkə oxşayan, tərki-iman, yoxsa imanlı türk?

 

Türkman adı ilə bağlı başqa hansı versiyalar var? Türk adamı mənasında da işlənir. Bəzi fars mənbələrində türkmən adı da çəkilir. Türkmən adını çəkərkən qeyd edirlər ki, bu, türkə oxşayan, yəni türk mənənd mənasında işlənir. Versiyalar çoxdur. Hətta bu adın tərki-iman, yəni imanını tərk edən insan mənası daşıdığını iddia edənlər də var. Çox güman ki, əvvəl şamançılıq dini dünyagörüşünə malik olan və Xəzər xaqanlığının tərkibində yaşayarkən qəbul etdikləri dindən uzaqlaşan türklərə sonradan bu ad verilib. Zənnimcə, imanlı türklər, yəni islamı qəbul etmiş türklər versiyası üzərində dayanmaq düzgün olardı. Çünki bir çox mənbələr bunu faktiki olaraq təsdiq edir. İslam dinini qəbul edən quzlar konqlomerat təşkil edirdilər. Yəni, bu tayfaların içərisində əfşarlar, bayatlar, qacarlar da var idi. O dövrdə 24 qola bölünən oğuz tayfalarının böyük bir qismi islamı qəbul etdikdən sonra ümumi bir adla – türkman adı ilə tanınmağa başladılar.

 

Xəlifə ərəb qadınlar ərlərinə xəyanət etməsin deyə türkmanlar üçün Samiriyyə şəhərini saldırır

 

Türkmanların tarix səhnəsinə çıxışı qədim olsa belə, onların aktiv dövrü islamiyyəti qəbul etdikdən sonrakı dövrə uyğun gəlir. Məsələn, Mərkəzi Asiyaya yürüş edən ərəb sərkərdələri çox zaman orada yaşayan türk tayfalarını toplu şəkildə köçürüb Yaxın Şərqə gətirirdilər. Məsələn, onları ən çox Bizans sərhədlərində, Azərbaycanla İberiyanın sərhədində yerləşdirirdilər. O zaman belə bir söz də yayılmışdı – kafir sərhədləri. Türkmanlar bu sərhədlərdə qoruyucu rolu oynayırdılar. Döyüşlərdə türkman qüvvələri öncüllük təşkil edirdilər. Hətta mənbələr yazır ki, Bağdad yaxınlığında yerləşən Samiriyyə şəhəri xüsusi olaraq islamı qəbul etmiş türk döyüşçüləri üçün salınmışdı. Ərəb mənbələrində belə bir məqam var ki, xəlifə onları ona görə Samiriyyə şəhərində yerləşdirmişdi ki, türkmanlar Bağdadda çox görünməsinlər. Çünki Bağdaddakı əyanlar şikayət edirdilər ki, ərəb əyanlarının qadınları küçədə gəzən türkman döyüşçülərini görəndə öz ərlərinə xəyanət edirlər. Hətta Samiriyyədə onlar üçün ayrıca Kəbəyə bənzər obyekt də düzəldilmişdi və türkmanlar orada dini vəzifələrini icra edirdilər. Qeyd etmək lazımdır ki, Xürrəmilər hərəkatının yaradılmasında imanlı türkmanlar yaxından iştirak ediblər. Məsələn, Afşin Mərkəzi Asiyadan gəlmiş türkmanların nümayəndəsi idi.

 

İslama aypara simvolunu türkmanlar gətirib

 

İstənilən etnosun əcdadı var. Türklərin əcdadlarının Yaxın və Orta Şərqdə yaşaması heç bir şübhə doğurmur və bu tarix şumerlər dövrünə, miladdan öncə 4-cü əsrə gedib çıxır. Lakin türkman adı ilə tanınmaq daha çox islamiyyətin qəbulundan sonra oldu. Türkmanlar sözün əsl mənasında islamın aparıcı qüvvəsi oldular. Məsələn, qədim türklərin kult obyekti olan aypara islam dininə türkmanlar tərəfindən gətirilib. Bu gün bayraqlarında aypara olan islam dövlətlərinin əksəriyyətinə fikir versək, orada mütləq türkmanların fəaliyyəti olub. O cümlədən, Azərbaycan, Özbəkistan, Türkiyə, hətta Şimali Afrikanın bir çox ölkələrində. Türkmanlar bu ərazilərdə faktiki olaraq, islamiyyətin qoruyucuları idilər. Hətta Avropaya edilən xaç yürüşü və Hülakü xan dövründə edilən Sarı xaç yürüşünün qarşısı məhz türkmanlar tərəfindən alınıb.

 

Türkmanların tarixi Azərbaycan ərazilərində yerləşməsi

 

Türkmanların axınları və onların bu gün yaşadıqları bölgələrdə yerləşməsi bir neçə mərhələyə bölünür. I mərhələ VII-IX əsrləri, Mərkəzi Asiyada yaşayan oğuzların bölgədə yerli oğuzlarla qaynayıb-qarışması prosesini təşkil edir. Bu mərhələdə onlar bütün Azərbaycanın və eləcə də islam dünyasının sərhəd rolunu oynayan məntəqələrində yerləşdilər. Türkmanların ikinci gəlişi Səlcuqlular dövrünə təsadüf edir. Səlcuqlular dövrünü də bir neçə mərhələyə bölmək olar. 1015-ci ildə Çağrı bəyin başçılığı altında indiki Naxçıvan və Van gölü hövzəsinə qədər  irəliləyib, o torpaqlar üzərində nəzarəti ələ keçirmək ilk mərhələ idi. Bunu faktiki olaraq, türkmanların kəşfiyyat yürüşü adlandırmaq olar. Sonrakı mərhələdə Çağrı bəy geri qayıdır və qardaşı Toğrul bəylə məsləhətləşir ki, qərb istiqamətində boşluq var. Çünki orada vahid islam dövləti yox idi. İslam dünyasının ən qərb dayanacağı sayıla biləcək Azərbaycan ərazisində Rəvvadilər, Şəddadilər, Şirvanşahlar parçalanmış vəziyyətdə idilər. Ya bir-biriləri ilə didişirdilər və yaxud ayrı-ayrı dövlətlərlə birləşib birinin üstünə düşürdülər. Azərbaycan ərazisini Bizans, erməni və gürcü hücumlarından qorumaq üçün 1037-ci ildə növbəti yürüş edilir. Səlcukluların yürüşdə iştirak edən qoşunlarının başında Buğa, Mənsur, Dana və Göktaşdan ibarət 4 komandan dayanırdı. Onlar həm Gəncənin ələ keçirilməsinin qarşısını aldılar, eyni zamanda əks-hücum nəticəsində düşməni Azərbaycan sərhədlərindən uzaqlaşdırdılar. Bu uzaqlaşdırma təkcə, qərb istiqamətində deyil, eyni zamanda cənub istiqamətində də gedirdi. Cənub istiqamətində isə Kar Həsən hətta indiki Kəngər körfəzinə qədər gedib çıxmışdı.

 

Türkmanların ikibaşlı qartal simvolu: “Biz şərqə də, qərbə də hökm edən xalqıq”

 

Türkmanların bu davranışı şərq qonşusunu da narahat edirdi. Narahatlıq keçirən o dövrdə başqa bir islam türk dövləti olan Qəznəvilər idi. 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəvilər üzərində qələbə çalandan sonra türkmanların böyük qurultayı çağırılıb. Qurultayda iştirak edən Səlcuqluların gerbində ikibaşlı qartal çəkilib. Bu, simvolun mənası belə idi: “Biz şərqə də, qərbə də hökm edən xalqıq. Həmin bayrağın altına yazılmışdı ki, inna fətəhna, yəni biz fəth edəcəyik. Bu fəthlər sistematik şəkildə təbii ki, Sultan Toğrulun adı ilə bağlıdır. Sultan Toğrulun dövründə Bağdad təriqətçilərdən azad edilir. Sultan Toğrulla xəlifə arasında möhkəm yaxınlıq yaranır. Ondan sonra isə Azərbaycan ərazisində mövcud olan dövlətlər bir-birinin ardınca türkman asılılığını qəbul edirlər. Çünki bölgə əhalisinin əksəriyyəti elə türkmanlar idi. Sultan Toğruldan sonra hakimiyyətə gələn Alp Arslan dövründə mənbələr qeyd edir ki, Alp Arslan hərəkət etdiyi istiqamətlərdə türkmanlar tərəfindən qarşılanırdı. Məsələn, indiki Türkiyə ərazisinə yürüş edərkən Xulvan keçidində onu türkmanlar qarşılayıb. Alp Arlsanın Gürcüstan üzərinə yürüşü zamanı Şəkidə onu yerli türkmanlar qarşılayıb. Bu isə bir daha göstərir ki, səlcuqların gəlişindən də əvvəl burada türkmanlar var idi.

 

“Kitabi Dədə Qorqud”da türkman-oğuz qarşıdurması

 

“Kitabi Dədə Qorqud” da müəyyən türkman-oğuz qarşıdurması var. Biz “Kitabi Dədə Qorqud”u analiz edərkən görürük ki, orada adı keçən oğuzlar hələ tam şəkildə islamı qəbul etməmişdilər. Məsələn, məsciddə azan çəkənə deyirlər ki, “saqqalı tat əri banladıqda”. Bu adamlar müəzzin sözünü bilmirdilər. Dastanın başqa bir yerində gözəl bir epizod var. Xüsusilə də, “Qan Turalı” boyunda Qan Turalı evlənmək istəyərkən atası deyir ki, “gedim obaları gəzim, sənə bir qız alaq”. O da deyir ki, “ata sən gedib birdən cici-bacı türkman qızı alarsan?!”. Yəni, fikir verirsinizsə, dastanda türkmən və oğuz məsələsi var. Oğuzlar, xüsusilə də Azərbaycan ərazisində olan oğuzlar hələ türkmanlar bura yerləşəndə tam şəkildə islamı qəbul etməmişdilər. Üç, yeddi, qırx kimi mərasimlər faktiki islamda olmadığı halda, biz oğuzlar bunu yaşadırıq.

 

Sultan Alp Apslan, Malazgirt döyüşü, Səlcukludan sonra atabəyliklərin yaranması

 

Böyük Səlcuq hakimiyyətinin pik nöqtəsi təbii ki, Sultan Alp Arslanın hakimiyyət illəridir. Alp Arslan həqiqətən türk dünyasının ən möhtəşəm şəxsiyyətlərindən biridir. Çünki bugünkü Anadolunun türk diyarına çevrilməsi, türk dünyasının bir tərkib hissəsi olmasında Alp Arslanın böyük xidmətləri var. Məhz Malazgirt savaşı Anadolunun qapılarını tam şəkildə türklərin üzünə açmış oldu.

 

Alp Arslanın ölümündən sonra, Məlik şahın dövründə türkmanların sanki bir oturaqlaşma dövrü başlayır. Bu oturaqlaşma dövründə artıq konkret sərhədlər bəlli idi. Türkmənlərin, yəni Səlcuq imperatorluğunun ən mühüm xüsusiyyətlərindən biri ondan ibarət idi ki, sərhəd məntəqələrində olan uc bəylərə qonşu ölkələrə axınlar etməyə icazə verilirdi. Axınlar təşkil edəndən sonra tutulan ərazilər rəsmən sultan sarayından təsdiq edilirdi ki, həmin torpaqlar onundur. Bu isə imperiyanın ərazisinin genişlənməsinə böyük imkanlar yaradırdı. Lakin Məlik şahın ölümündən sonra artıq böyük Səlcuq imperatorluğu parçalanmağa başlayır. Bu, o demək deyil ki, türkmanlar tarix səhnəsindən silindilər. Əksinə,  məsələn, Azərbaycan ərazisində bir atabəylik, Mosul-Kərkük ərazisində başqa atabəylik, Suriya ərazisində bir neçə atabəyliklər yaranır. Eyni zamanda indiki İranın cənub hissəsində müxtəlif atabəyliklər yaranır. Fars atabəyliyi və s. Bunlar faktiki olaraq dominant rolunu oynamaqla yanaşı, eyni zamanda Yaxın Şərqə hökm edən bir qüvvə idi.

 

Xaç yürüşlərinin qarşısını kim alıb: Afşar Nurəddin Zəngi, yoxsa onun sərkərdələrindən olan Səlahəddin Əyyubi?

 

Türkmanlər XI-XII əsrlər ərzində islam dünyası üçün ən böyük təhlükə olan xaç yürüşünün qarşısını aldılar. Bu xaç yürüşlərinin qarşısının alınması çox təəssüf ki, tarixi ədəbiyyatda daha çox Səlahəddin Əyyubinin adı ilə bağlanır. Lakin Səlahəddin Əyyubi əfşarlar tərəfindən qurulmuş Zəngilər dövlətinin ən möhtəşəm hökmdarı olan Nurəddin Zənginin adi sərkərdələrindən biri olub. Nurəddin Zəngi dalbadal xaç yürüşlərinin qarşısını alıb, Qüdsü xaçlılardan təmizləyib. Misirdə xaçlılarla əməkdaşlıq edən Fatimilər xilafətini aradan qaldırıb və Səlahəddin Əyyubini oraya canişin təyin edib. Çox təəssüf ki, tariximizin bu səhifəsi unudulub. Təbii ki, gələcək dərsliklərə mütləq Nurəddin Zənginin tarixdəki rolu, fəaliyyəti ilə bağlı məqamlar salınmalıdır. Əfşarlar tərəfindən, yəni bizim üçün yad olmayan, bizim soykökümüz olan, elə bizim özümüz olan əfşarların qurduğu bir dövlət barədə çox təəssüf ki, tarix ədəbiyyatında bilgi verilmir.

 

Təbii ki, müəyyən vaxtlarda dövlətin bir hissəsindən digər ərazilərə köçürülmələr olurdu. Məsələn, orta ərlərdə Bəydili, B ayat tayfaları bir yerdən başqa yerə köçür. Bayat tayfasının köçü ilə bağlı Füzuli canlı nümunə kimi götürülə bilər. İndiki Şimali Azərbaycan, yəni Araz kənarından köçürülən bayat tayfaları Bağdad və onun ətrafında yerləşmişdilər. Şah İsmayılın bir şeiri var:

 

Yetdikcə tükənir ərəbin kuyi-məskəni

Bağdad içrə hər neçə türkman qopa

 

Yəni, Bağdad türkman şəhəri idi.

 

İraq, Suriya, İordaniya, Livan, Fələstin – Osmanlının süqutundan sonra tarixi türkman torpaqlarında yaradılan dövlətlər

 

Türkmanların bu bölgədəki ağalığı tam şəkildə XX əsrin 20-ci illərinə qədər davam etdi. İndiki İran ərazisində mövcud olan Qacarlar sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı. Eyni zamanda, Anadoluda Osmanlı hakimiyyətinə son qoyuldu. Osmanlı dövləti uzun illər müxtəlif xarici qüvvələrin təzyiqinə dözsə də, 20-ci illərdə süqut etdi. Bu isə Yaxın və Orta Asiyada yaşayan türkmanlar üçün sözün əsl mənasında faciəyə çevrildi. Onsuz da türkmanlar bu faciələri Səfəvi-Osmanlı müharibələri dövründə keçirirdilər. Faktiki olaraq, iki qardaş məzhəb üstündə bir-birini qırırdı. Bu qırğının acı faciələrini biz vaxtilə Səfəvi, yaxud Osmanlı tərkibində olan, indi isə həm Azərbaycanın, həm də Türkiyənin sərhədləri içərisində olmayan türkman torpaqlarında görürük. İndiki İraq, Suriya ərazisində baş verən hadisələr bu hadisələrin acı nəticəsi kimi qəbul edilə bilər. Bu gün türkmanlar təkcə, Azərbaycan və Türkiyə ərazisində deyil, İraqda – Telafer, Ərbil, Kərkük bölgələrində yaşayan, özlərinin aftaxton əhali kimi öz tarixi torpaqlarında yaşayan əhalidir. Osmanlı dövləti süqut edəndən sonra Telafer, Ərbil, Kərkük İraq dövlətinə verildi. Bir istiqamətdə Hülakü, Qaraqoyunlu, Ağqoyunlu, Misir-Məmlük dövlətinin tərkibində olan Hələb, Latakiya bölgəsi, digər tərəfdən Rakka bölgəsi daxil olmaqla bu torpaqlarda fransız mandatı altında Suriya adlı qondarma dövlət quruldu. Osmanlı dövründə Hələb sancaqlığı adlanan ərazilər Suriyaya verildi. Türkmanların böyük bir qismi İordaniya sərhədləri içərisində qaldı, digər qismi Livan sərhədləri içərisində qaldı. Fələstindəki türkmanlar haqqında isə çox təəssüf ki, məlumatımız azdır. Türkmanların bu cür parçalanması XX əsrin 20-ci illərində I Dünya müharibəsinin nəticəsi olaraq, Osmanlının parçalanmasının təzahürü idi. Vaxtilə İraq-Şam ərazisi faktiki olaraq, Osmanlı tərkibindən çıxarıldı.

 

İraqda türkmanlara qarşı sistemli təzyiqlər

 

Və türkmanların faciələri başlayır. İraqda monarxiya dövründə Feysəl adlı sülalə maksimum şəkildə türkmanlara qarşı basqı ilə məşğul idi. Statistikaya görə, İraqda yaşayan türkmanların sayı 3 milyon nəfərdir, qeyri-rəsmi statistikaya görə isə turkmanlar saylarına görə ərəblərdən sonra 2-ci yeri tuturlar. Çünki türkmanların böyük bir qismi öz dillərini unudublar. Çünki bu dildə məktəb yox idi. Xüsusilə, 50-ci illərin sonunda türkmanlara qarşı basqı daha da artır. Səddam Hüseyn rejimi illərində şiə məzhəbindən olan türkmanlar kütləvi qırğına məruz qalmışdı. Qəribə budur ki, bölgədə olan şərqşünasların əksəriyyəti, məsələn, Putilov yazır ki, bunlar elə İraq azərbaycanlılarıdır. Əgər İran azərbaycanlıları termini varsa, onda nə üçün İraq azərbaycanlıları termini olmasın? Bəlkə də müəyyən mənada Putilov haqlıdır. İraqda minlərlə türkman bombaların sınağına məruz qalıb. Yalnız 70-ci illərdə müəyyən yumşalma baş verəndən sonra çox məhdud bir dövrdə bu dildə radio verilişləri təşkil olundu və jurnal açılmasına icazə verildi.

 

“Səməd Vurğun hansı millətdəndirsə, biz turkmanlar da o millətdənik”

 

Tamaşaçılara bir hadisəni də qeyd edək. 80-ci illərdə Asiya, Afrika ölkələri şairlərinin toplantısında Əbdüllətif Bəndəroğlundan soruşurlar ki, “sənin milliyətin nədir?” O da deyir ki, “türkman”. Bundan sonra Türkiyədən olan nümayəndə heyəti deyir ki, “siz bizdənsiniz”, o isə “yox, siz gəliyorum, gediyorum deyə danışırsınız, biz isə gəlirəm, gedirəm deyirik”. O zaman türkman yaxınlaşır ki, “adımız birdir”. Deyir ki, “yox”. “Bəs sən hansı millətdənsən?” O, çox gözəl bir cavab verir: “Səməd Vurğun hansı millətdəndirsə, mən o millətdənəm”. Yəni, buna təhtəlşüur deyirik.

 

20 yanvarda Peterburqda yürüş edən Suriya turkmanları

 

Suriya türkmanlarının taleyi daha faciəlidir. Məsələn, əgər İraq türkmanlarına konkret qadağa qoyulmamışdısa, 1936-cı ildə Suriya türkmanlara öz dillərində qəzet, jurnal çıxarmağa rəsmən qadağa qoyulmuşdu. Suriya türkmanlarının sayı İraqdakı türkmanların sayından çoxdur – təxminən 4 milyona yaxındırlar. Oradakı türkmanlar hələ də tayfa bölgüsünü saxlayırlar – afşar, qacar, zülqədər, şamlı və s. Şam faktiki olaraq, Suriyanın, Dəməşqin adı idi. Qəribədir ki, onlar özlərini Azərbaycanın tərkib hissəsi kimi hiss edirlər. Məsələn, 20 Yanvar hadisələri zamanı özüm şahid oldum ki, Peterburqda olarkən onlar necə ağlaşırdılar. Tatar məscidindən yürüş edən zaman Peterburqda təhsil alan türkmanlar da bizimlə birgə idilər.

 

Suriya türkmanlarının bəlası nədədir? İraq türkmanlarının qırğının pik nöqtəsi 1959-cu ilə təsadüf edirsə, Suriyada bu qırğınlar bir neçə dəfə təkrarlanıb. Məsələn, 1936-cı ildə türkman dili qadağan edildikdən sonra Hatay istiqamətində olan türkmanlar qəsdən köçürüldü. Çünki həmin ərazi Türkiyəyə verilirdi. Onların yerinə ərəblər yerləşdirildi. Baxmayaraq ki, Hatay Türkiyənin tərkibindədir, orada türkman yoxdur. Türkmanlar daha çox Latakiya və digər istiqamətlərdə yerləşdirildi.

 

Türkmanlar Colan təpələrinə niyə Əzərbaycan təpəsi deyir?

 

Suriya türkmanları 1967-ci ildə növbəti ağır sınağa məruz qaldılar. İsrail-ərəb müharibəsi nəticəsində bütövlükdə türkmanlar tərəfindən məskunlaşdırılan Colan təpələri və onun ətrafı boşaldıldı. Bu gün Colan təpələri işğal altındadır. Onu da deyim ki, Suriya türkmanları təpəyə Colan təpəsi demirlər – o təpəyə Əzərbaycan təpəsi deyir, özlərinə isə kolanı deyirlər. Azərbaycanda Tərtər və digər bölgələrdə kolanı adı daşıyan tayfalar hələ də yaşamaqdadır. Türkmanlar Colan təpələrindən köçürülərək Dəməşq ətrafında yaşayış üçün ağır olan bölgələrdə yerləşdilər. Bu gün də onlar orada yaşayırlar. Suriyada baş verən müharibə bizə onların taleyi haqqında məlumat almağa imkan vermir. Düzdür, Suriya türkmanları dirəniş göstərirlər, hətta kiçik yaşlı uşaqlar belə. Təbii ki, bizim ürəyimiz də həmişə onların yanındadır. Bizim orada iki məşhur şairimizin – Kərbəlada Məhəmməd Füzulinin, Hələbdə Seyid İmadəddin Nəsiminin qəbri var. Onlar sanki qəbirləri ilə sərhəd qoyub getdilər. Bu gün Hələb faktiki qan içindədir. Çox təəssüf ki, dünya ictimaiyyəti susur. Bizim də susmağımız düzgün deyil. Suriya türkmanlarının müəyyən mənada dövlət işlərinə təsirini müharibə ərəfəsində gördük. Məsələn, Heydər ət Türkman hətta Suriyanın müdafiə naziri təyin edildi və təəssüf ki, sui-qəsd nəticəsində öldürüldü.

İordaniya, Livan, Əfqanıstan – turkman yurdları

 

Günümüzdə turkmanlar yaşayan əraziləri təkcə, Suriya, İraq ilə çərçivələndirmək düzgün deyil. Eyni zamanda, İordaniya ərazisində, Tveryard gölü sahilində, Ərcaş bölgəsində 10 mindən çox türkman yaşayır. Livan ərazisindəki türkmanların sayı 10 mindən çoxdur. Onlar iki qismə ayrılır – Əkkə və Əbbaalbəy. Orada əhalisi 500-2000 arasında dəyişən çoxlu sayda turkman kəndi var. Onlar çox zaman qarışıq şəkildə yaşayırlar. Bu da Qərbdə olan türkman qardaşlarımızdır. Şərqdə isə türkmanların məskunlaşdığı bölgələr ta Əfqanıstanın Qəndəhar bölgəsinə qədər uzanır.